Azərbaycanlıların Moskvada qanlı bazar müharibələri

Görəsən, bu biznes savaşında kimlər kimlərin axırına çıxacaq?

«Lotu Hikmət»in və «Masallı Mamed»in ölümündən sonra vəziyyət niyə kəskinləşdi?

“Moskvada azərbaycanlıların qanlı bazar davası”. Bu həftənin istər çap, istərsə də elektron variantlarında bu xəbər diqqəti daha çox cəlb edirdi. Bəlkə də çoxlarına adi görünə biləcək bir xəbər idi; Vasif Əliyev adlı şəxs yaşadığı binanın blokundaca güllələnib. Istintaqın gəldiyi ilk və qəti versiya budur ki, qatil də azərbaycanlıdır və hadisə bazar münaqişəsi zamanı baş verib.

Zəruri xatırlatma

Keçmiş SSRI-də kooperativləşməyə start veriləndən sonra özəl biznes qurmağa da qismən şərait yarandı. Əgər indinin özündə Araz Ağalarov, Telman Ismayılov, Zarah Iliyev, Iskəndər Xəlilov kimi tanınmış milyonçular Moskva mühitində elit biznes qurmağa nail oldularsa, 10 minlərlə soydaşımız kütləvi şəkildə bazarlara üz tutdular. Kiçik piştaxtalardan başlayan kiçik biznesi çox az sayda adam bir qədər də böyüdə bildi. Və böyük bir kütlə isə son sığınacaq kimi elə bazarlarda qalmağa üstünlük verməyə məcbur oldu. Daha doğrusu, buna məcbur edildi. Bazarlar bir növ azərbaycanlıların alın yazısına çevrilməklə, bu xalq üçün Moskvada həm də özünəməxsus və təbii ki xoşa gəlməyən bir brend idi. Əgər Ağalarov və tutaq ki, əslən qubalı olan Iliyev “Tvoy dom”, “Moskva” ticarət mərkəzləri kimi nəhənglər yaratdığı bir vaxtda, bazarlara nəzarət edən – bəli məhz nəzarət edən, çünki Moskvadakı 200-dən çox bazarın bircə rəsmi yiyəsi də azərbaycanlı deyil, yerli şəxslərin adınadır – orta ranqlı azərbaycanlıların ən böyük istəyi bazarı bir 100 kv.metr də genişləndirməkdən uzağa gedə bilməzdi.
Amma bu o demək deyil ki, həmin vaxtlar Moskvanın 200-dək bazar və ticarət yarmarkalarını (indi onların sayı daha çoxdur) məhz elə azərbaycanlılar zəbt etmişdilər. Xeyr, həmin dövrdə Moskva bazarları uğrunda qafqazlılar, orta asiyalılar arasında əsl müharibə gedirdi. Belə bir məqamda özünüqoruma instinkti başqa millətlərdə olduğu kimi azərbaycanlıları da mütəşəkkil cinayətkar dəstələrdə birləşməyə məcbur etdi. Tezliklə, bu tip, necə deyərlər milli qruplaşmaların sayı artmağa başladı. Az keçmiş isə artıq Moskvadakı Azərbaycanlı qruplaşmalar regional qaydada formalaşmaq qərarına gəldilər.

Bazarlar da yerlibazlıqla ələ keçirildi

Daha sonra isə azərbaycanlıların kriminal liderləri, kriminal qruplaşmaları, özü də yuxarıda qeyd etdiyimiz kimi, regional qaydada formalaşmağa başladılar. Və Moskva, daha doğrusu, Rusiya paytaxtının irili-xırdalı əsas ticari obyektləri onların arasında, elə məhz regional qaydada bölündü.
Mübarizə isə əsasən Şəmkir, Ucar, Lənkəran və Gürcüstandan çıxmalar arasında idi. Məhz bu regional qruplaşmaların nəzarətində olan iri meyvə və tərəvəz baza və bazarları onların əlində idi. Azərbaycanın digər regionlarından çıxmışlar isə ya “qonşu rayon”, ya da “bacarıqlı qardaş” statusu ilə bu və ya digər qruplaşmaya qoşula bilirdilər.
90-cı illərin ikinci yarısından başlayaraq Moskvadakı azərbaycanlıların kriminal qruplaşmalarına aşağıdakılar nəzarət edirdi.

Hələ ki, “hakmiyyət” Lənkəran qruplaşmasının əlindədir

Hələ ucarlılar və şəmkirlilər Moskvada tam möhkəmlənməmiş Rusiya paytaxtında hegemonluq “Lənkəran qruplaşması”nın əlində idi. Bunu da təsadüfi saymaq olmaz. Bütün Ittifaqı tərəvəzlə təmin edən bir zonadan gələn on minlərlə məhsulun hamısı guya ki, Moskva zəhmətkeşləri üçünmü nəzərdə tutulmuşdu? Lənkərandan təkcə Moskvaya gələn faraş kələmin, digər tərəvəz növlərinin azı 30 faizi bazarlarda satılırdı. Bu bazarlara isə “Lənkəranlı Əlibaba” və ya Əlibaba Əziz oğlu Nəsrullayev nəzarət edirdi. O, bir dəfə məhkum olunub, kriminal aləmlə yanaşı, o vaxtkı Rusiya və Azərbaycanın məmurları arasında geniş əlaqələri var idi. “Çeryomuşki”, “Roqojki”, “Velozavod”, “Usaçyov” bazarlarını tam nəzarətdə saxlayırdı. Moskvanın Taqan və Iliç meydanları, “Kalançyovskaya” dəmiryol stansiyasında çoxsaylı kommersiya dükanları, marketləri, kafe və restoranları vardı. Bununla bahəm, “Lujniki”, “Petrovskaya-Razumovskaya” və “Çerkizovo” – AST Telman hələ aralarda görünmürdü, onu sonradan  yəhudi qruplaşması nüfuz sahibi edəcəkdi – bazarlarında çoxsaylı ticarət obyektlərinə malik “Lotu Əlibaba” Moskvadakı “Lənkəran qruplaşması”nın faktiki lideri idi.

Başqa regional liderlər

Amma Əlibaba Moskvada hakimi-mütləq də deyildi. “Lotu Nadir” və ya Nadir Əvəz oğlu Səydullayev. “Severnıy” bazarında yerləşən “Mingəçevir dəstəsi”nin lideridir. Burda əsasən yevlaxlılar və goranlılar ticarətlə məşğul olurdular.
“Lotu Musa” və ya Musa Ismayıl oğlu Eyyubov. Əslən Gürcüstanın Kvemo-Kartli bölgəsinin Qardabani və Marneuli rayonlarından olan azərbaycanlılar “Doroqomilov” bazarına nəzarət edirdilər.
“Baumanski”, “Lefortovski”, “Tişinski”, “Usaçevski”, “Mərkəzi” və “Lujniki” bazarları isə əsasən ağdam və Ağcabədililərin əlində cəmləşmişdi.
Bu bazarlarda Gəncəbasar və Qazax zonasından çıxmış miqrantlar da üstünlük təşkil edirdilər.
“Butırski”, “Leninqradski”, “Lianozovski”, “Koptevski” bazarları. Sonuncunun sahibi əslən Ucardan olan “Ata” ləqəbli şəxsin nəzarətində idi.
“Rijski”, “Severnı” bazarlarına naxçıvanlılar, ikinciyə isə yevlaxlılar nəzarət edirdi.
Leskova, Pleyeva, Prişvina küçələrindəki ticarət köşklərinə də bizimkilər nəzarət edirdi. Bundan başqa bu regionda azərbaycanlılara məxsus iki böyük şirkət “Zemlyak” və “Moskovskaya okraina” fəaliyyət göstərir. Borçalılara məxsus bu iki şirkət əsasən avtomobil ticarəti ilə məşğuldur.

Şəkililərin bazarları

Metrostansiyanın “Planernaya”, “Sxodnenskaya”, “Şukinskaya”, “Tuşinskaya” bazarları. Sonuncu adı gedən bazar bütünlüklə Şəkidən olan həmyerlilərimizin nəzarətindədir.
Metronun “Kaşirski” və  “Na zelenıx qorax” adlanan ərazidə əşya bazarları. Bu bazarlara 1954-cü il təvəllüdlü Edison Abbasov, “Kərim” ləqəbli Hacıkərim Şahbalayev və Səfail Bağrıov nəzarət edir. Onlar ölkənin şimal zonasından və Dərbənddəndirlər.

“Elmlər namizədi” olan bazar sahibi?

Amma cənub dairəsində ən böyük bazar olan “Prajskaya”dan bir qədər geniş söhbət açaq. Bazara əslən Borçalıdan olan həmyerlilərimiz nəzarət edir. Obyektin qeyri-rəsmi sahibi Tofiq Əliyevdir. Saxta iqtisad elmləri namizədi vəsiqəsi gəzdirir. Azərbaycan səfirliyinin və digər diaspora qurumlarının təşkil etdiyi əksər ziyafətlərin qeyri-rəsmi sponsorudur. Bu bazardan başqa Moskvanın şimalında bir neçə avtosalona nəzarət də onun əlindədir. Bu avtosalonlarda isə Avropadan gətirilmiş maşınlar realizə edilir. Bir qədər əvvəl Moskvadakı Azərbaycandan çıxmış yəhudi qruplaşması  “Prajskaya”ya əl qoymaq istəsə də, məhz səfirliyin müdaxiləsindən sonra Tofiq Əliyevdən əl çəkmişdilər.
“Moskvoreçski” və “Çeyomuşinskaya” bazarı. Sonuncu bazar 2006-cı ilədək “Culfalı Bayram”ın nəzarətində idi. Bayram həmin il Lotu Hikmətlə bir maşında güllələndi. Amma buna baxmayaraq, naxçıvanlılar bu bazarı nəzarətdə saxlaya biliblər.

Və yəhudi mafiyası

Moskvada Azərbaycan əsilli yəhudilərin öz mövqeləri var. Onlar bazarlarda deyillər. Amma həm də bazarlardırlar.  Moskvanın ən böyük ticarət mərkəzlərindən olan “Moskva” məhz onlara, Quba əsilli yəhudilərə məxsusdur. Keçmiş çəkməçi Zarah Iliyevin bu obyektində də azərbaycanlılar çalışır. Burda bir kv.metrin icarə haqqı 2000 dollardır. Amma bu yəhudi həmyerlilərimiz üçün, necə deyərlər, kiçik “toçka”dır.
Bu yaxınlarda onlar Moskvanın ən böyük otellərindən olan  “Ukrayna” mehmanxanasının yeni “Radisson Royal Hotel, Moscow” brend adı altında təntənəli açılış mərasimini keçiriblər. Mərasimdə kimlər iştirak etməyib? Moskvanın sabiq meri Yuri Lujkov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, dini konfessiyaların nümayəndələri, ictimai-siyasi xadimlər, iş, elm və mədəniyyət adamları.. Həmvətənlərimiz Qod Nisanov və Zarah Iliyevin sahibi olduğu hotel rəsmi olaraq “Radisson” adlanacaq.

Gələn sayımızda oxuyacaqsınız:
Azərbaycanlıar bazarlar uğrunda nə vaxtdan müharibəyə başladılar?
Iri meyvə və tərəvəz bazaları uğrunda hansı qruplaşmalar mübarizə aparır?
Bu müharibələrdə hər tərəfdən neçə nəfər həlak olub və qisas davam edirmi?
“Vıxino” uğrunda Ucar-Şəmkir davası niyə başlayıb və niyə davam edir?
“Lotu Hikmət”in və “Masallı Mamed”in ölümündən sonra vəziyyət niyə kəskinləşdi?

Mürsəl Ibrahimli