Suriya diktatoru müxalifətçilərin şəhərini yerlə-yeksan etdi; Qərb hərəkətə keçdi
Suriyada Bəşər Əsəd rejiminin müxaliflərə qarşı qətliamı davam edir. Hökumət qüvvələrinin cümə günü ölkənin müxtəlif yerlərində keçirilən antihökumət mitinqlərini dağıtması və müxaliflərə qarşı hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 300 nəfərdən çox olub. Bəşər Əsədin əmrindəki qüvvələrin bombardmanları nəticəsində təkcə Homs şəhərində 260 hökumət əleyhdarı qətlə yetirilib.
Mərkəzi İstanbulda olan Suriya Milli Şurasından yayılan açıqlamada bildirilir ki, ölən 260 nəfər arasında qadın və uşaqlar da var. “Əl-Cəzirə” və “Əl Ərəbiyyə” kanalları əməliyyatlar zamanı öldürüldüyü iddia edilən suriyalılara aid cəsədlərin kadrlarını yayımlayıb. “Əl Ərəbiyyə”nin xəbərinə görə, srağagün Suriyada baş verənlər qarşıdurmalar nəticəsində 337-si Homsda olmaqla 400-dən çox adam ölüb. Hökumət isə ordunun Homs şəhərini bombaladığını təkzib edib. Rəsmi xəbər agentliyi SƏNA televiziya görüntülərindəki cəsədlərin naməlum silahlı şəxslər tərəfindən qaçırılıb öldürülən Suriya vətəndaşlarına aid olduğunu bildirib.
Bəşər Əsəd rejiminin bütün təklif və tələbləri rədd edərək dinc müxaliflərə yönəli qətliamını sürdürməsi Qərbi hərəkətə gətirib. Mərakeş tərəfindən hazırlanaraq BMT Təhlükəsizlik Şurasına təqdim edilən qərar layihəsi üzərində kritik səsvermənin dünən gecə saatlarında keçirilməsi gözlənilirdi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT Təhlükəsizlik Şurasıın Suriyaya qarşı qəti bir mövqe sərgiləməsini gözlədiklərini söyləyib.
BMT TŞ-da kritik səsvermədən öncə Rusiya yenə də əvvəlki mövqeyinə sadiq qalaraq Suriyayla bağlı qərar layihəsinin şuraya təqdim edilməsinin Qərbi yeni bir qalmaqalla üzləşdirəcəyini xəbərdar edib. Xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Mərakeşin hazırladığı qərar layihəsi Rusiyanın maraqlarına və mövqeyinə uyğun gəlmir. Fransanın xarici işlər naziri Alan Jupe isə TŞ-da qəbul olunması gözlənilən Suriya qərarının qarşısını alanların tarixdə böyük bir məsuliyyət daşıdığını söyləyərək ad çəkmədən Rusiyanı tənqid edib.
Bəşər Əsəd rejiminin son qırğınlarından sonra suriyalı müxaliflər başda Türkiyə olmaqla beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Müxaliflərin qurduğu Milli Şuranın xarici əlaqələr komitəsinin üzvü Xalid Müəllim Türkiyənin Suriyada baş verənlərə səssiz qalmayacağına inandıqlarını söyləyib. Müəllim Suriyaya ediləcək bir müdaxiləyə Türkiyənin liderlik etməsinin tərədarı olduğunu bildirib.
Suriyanın İsveçdəki keçmiş səfiri Məhəmməd Bəssam İmad da beynəlxalq ictimaiyyəti hərbi müdaxilə daxil bütün tədbirlərə əl atmağa çağırıb. İmad “Türkiyə daxil bütün ölkələri baş verənlərə müdaxilə etməyə çağırırıq. Fərq etməz hərbi müdaxilə və ya təhdid yolu yetər ki, müdaxilə olsun. Lazımi bütün tədbirlər görülməlidir. Suriyada axıdılan qan oturub izlənməməlidir” deyib.
İnformasiya şöbəsi


