Peyklər Dağlıq Qarabağı deyil, Ukrayna və Suriyanı göstərir

 

esger-ates2“Strateji baxsaq, ABŞ belə sakit durunca, Putin boşluğu doldurmaqla məşğuldur”

«Rusiya Dağlıq Qarabağ münaqişəsində fürsəti ələ keçirib, Avropanın ən çətin münaqişələrindən biri üzrə diplomatik səylərini intensivləşdirib». «The Financial Times» qəzetində Jack Farchy diqqəti cəbhə xəttində son toqquşmalardan sonra Rusiyanın fəallaşmasına çəkir.

«Strateji baxsaq, ABŞ belə sakit durunca, Putin boşluğu doldurmaqla məşğuldur. Bakıyla Yerevanda belə bir təəssürat yaranıb ki, təkbaşına qalıblar, Putin də yeganə oyunçudur», – bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Matthew Bryza deyir.

Müəllif yazır ki, Moskvanın canfəşan diplomatiyası ATƏT-in Minsk qrupunu da kölgədə qoydu. Qrup toqquşmalar, demək olar, bitəndən sonra, aprelin 5-də toplaşdı. O vaxtadək Moskva artıq atəşkəsə vasitəçilik edə bilmişdi.

«Minsk qrupunun belə gec yığışması məni çox təəccübləndirdi», – Azərbaycanın Londondakı səfiri Tahir Tağızadə deyib. Səfir Qərbin münaqişəyə yetərincə diqqət ayırmamasını tənqid edib: «Atəşkəs rejiminin daha saxlanmamasının səbəbi beynəlxalq ictimaiyyətin münaqişəylə məşğul ola bilməməsi, yaxud bunu istəməməsidir».

Ermənistanın Xarici İşlər Nazirliyindən isə qəzetə deyiblər ki, Rusiyaya göstərdiyi səylərə görə minnətdardırlar və ümid edirlər, «bu səylər yekun həllə nail olunanadək davam edəcək».

«Doğrudan da, ABŞ diplomatları özəl söhbətlərdə etiraf edirlər ki, Obama administrasiyası son aylarını yaşadığı bir dönəmdə Vaşinqton Dağlıq Qarabağ üzrə yeni diplomatiya başlatmağa həvəsli deyil. Bir Qərb diplomatı təəssüflə yada salır ki, cəbhə xəttində toqquşmaların peyk təsvirlərini istəyib. Ona deyiblər ki, regiondakı bütün peyklər Ukrayna və Suriyanı göstərir», – müəllif yazır.

Ancaq təhlilçilər Avropa, Rusiya, İran və Türkiyənin qovşağında yerləşən Dağlıq Qarabağ münaqişəsinin bütün Qafqaz regionda sabitsizlik yarada biləcəyini vurğulayırlar.

Toqquşmalardan sonra Rusiya hər iki ölkəylə iqtisadi və siyasi əlaqələri gücləndirməyə çalışır. Ötən həftə «Gazprom» Ermənistanla qaz sazişini uzatdı və onsuz da ucuz satılan qazın qiymətini bir az da endirdi. Rusiyanın xarici işlər naziri Sergei Lavrov Bakıda Rusiya-Azərbaycan-İran dəmiryol xətti çəkilməsini müzakirə etdi.

Moskva, qısa müddətə olsa belə, Türkiyə ilə münaqişəsini də kənara qoymuş oldu. ATƏT-in Minsk qrupu zorakılığı pisləyən bəyanat yaydı. Birinci dəfəydi ki, ancaq həmsədrlər deyil, qrup adından açıqlama verilirdi. Qrupa Rusiya və Türkiyə ilə birlikdə doqquz daimi üzv daxildir.

Amma müəllif qeyd edir ki, Rusiya yalnız sabitləşdirici rolda çıxış etmir. Moskva hər iki tərəfə silah satışını davam etdirəcəyini bildirib. İndiyədək sülh prosesi üzərində işləyən şəxslər söyləyirlər ki, tərəflərdən heç biri davamlı sülhün təkcə Moskvanın vasitəçiliyi ilə yaranacağına inanmır.

Birləşmiş Ştatları Minsk qrupunda üç il təmsil etmiş Bryza isə deyir: «Münaqişənin həlli hər iki prezidentin bir-birinə inamının yaranmasından keçir. Rusiya bunun öhdəsindən gələ bilməz».