NATO ilə yaxınlıq Azərbaycana nə vəd edir?

nato-azerb

Sülhəddin Əkbər: «Istənilən sahədə NATO-Azərbaycan əlaqələrinin inkişafı müsbət qiymətləndirilməlidir»

Xəbər verildiyi kimi, Brüsseldə NATO-Azərbaycan müzakirələri başlayıb. Aprelin 19-da NATO-nun Mənzil-Qərargahında Azərbaycanla hərbi alyans nümayəndələri arasında keçirilən görüş “Planlaşdırma və Analiz Prosesi” sənədi çərçivəsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üzrə NATO-nun Şimali Atlantika Şurasının “28+1″ formatında baş tutub. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, görüşdə Azərbaycanın müdafiə və xarici işlər nazirlikləri, Dövlət Sərhəd Xidməti, NATO yanında daimi nümayəndəliyi təmsilçilərinin iştirak etdiyi bildirilib.

Görüşdə regiondakı təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri müzakirə edilib.

Maraqlıdır, NATO-ya yaxınlıq ölkəmizə nə vəd edir?

sulheddin-ekber

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər söyləyir ki, hansı sahədə olursa olsun, NATO ilə hərbi və siyasi baxımdan əlaqələrin inkişafı müsbət qiymətləndirilməlidir. Ekspertin fikrincə, ölkəmizin bu qurumla yaxınlaşması müdafiə və hərbi sahədə NATO standartlarına yaxınlaşması deməkdir:

“NATO və Azərbaycan silahlı qüvvələrinin standartları yaxınlaşdıqca, gələcəkdə birgə təlimlərin, hərbi əməliyyatların keçirilməsi də mümkün olur. Eyni zamanda bu, Azərbaycanın müasir döyüş qabiliyyətinə, strategiya və taktikasına yiyələnməsinə gətirib çıxaracaq. Ölkəmizin hərbi budcəsinin planlaşdırılmasından tutmuş, strateji planlaşdırılmasına qədər zabitlərimizin müasir hərbi elmi öyrənməsilə nəticələnəcək. Bu mənada istənilən sahədə NATO-Azərbaycan əlaqələrinin inkişafı müsbət qiymətləndirilməlidir”.

Ekspert qeyd edir ki, NATO-ya üzv dövlətlər müasir, inkişaf etmiş dövlətlərdir. Onlar hərbi və siyasi, diplomatik baxımdan dünyada nüfuzu, təsiri olan dövlətlərdir. Lakin nəzərə alsaq ki, Azərbaycan müharibə vəziyyətində, ərazisində münaqişə olan dövlətdir, o zaman NATO ilə əməkdaşlığın əhəmiyyəti daha da artır: “Nəzərə alsaq ki, NATO-nun lider, aparıcı dövləti Amerika Birləşmiş Ştatlarıdır və o da ötən il dəyişdiyi milli təhlükəsizlik strategiyasında Rusiyanı durdurmağı özünə başlıca strategiya, hədəf seçib, o zaman ölkəmizin belə beynəlxalq təşkilatlarla əməkdaşlığının perspektivi daha da aktualdır”.

Nigar