Ərdoğan Bakıda nələri müzakirə edəcək?

Elxan Şahinoğlu: «Konstitusiya Məhkəməsinin qərarı açıqlanana qədər Fransa Türkiyə və Azərbaycanın kəskin mövqeyini bilməlidir»

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana səfəri gözlənilir. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç şənbə günü jurnalistlərə bildirib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Strateji Əməkdaşlıq Şurasınını ilk toplantısı böyük gözləntilərdən sonra Izmirdə keçirilmişdi. Son toplantıdan 4 ay keçməsinə baxmayaraq Türkiyə və Azərbaycan rəhbərlərinin hələ də bir araya gəlmədiyini deyən E.Şahinoğlu vurğuladı ki, növbəti görüşün keçirilməsini Fransa ilə bağlı məsələlər sürətləndirir. Bundan başqa, Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlikdən uzaqlaşdırılmasının da gündəmdə olduğunu söyləyən ekspert bildirdi ki, rəsmi Ankara Azərbaycandan qəti addımların atılmasını, dövlət başçısı səviyyəsində reaksiya verilməsini də tələb etməkdədir: “Türkiyədən açıq mesajlar gəlir ki, hazırkı vəziyyətdə Fransa həmsədrliyini əvvəlkitək davam etdirə bilməz. Deməli, Türkiyə ilə Azərbaycan rəhbərliyinin bir araya gəlməsini və baş verənləri müzakirə etməsinə zərurət var. Bunun üçünsə ən gözəl meydan Türkiyə ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq Şurasıdır”.

Türkiyə səfirinin Ərdoğanın Bakıya səfər edəcəyi barədə məlumat verməsini də rəsmi Bakıya bir mesaj kimi dəyərləndirən E.Şahinoğlu vurğuladı ki, bu bir daha Türkiyənin Azərbaycanın sərgilədiyi mövqedən razı qalmadığını nümayiş etdirir. Bu baxımdan yaxın həftələrdə Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilə biləcəyini düşünən E.Şahinoğlu hesab edir ki, Türkiyə və Azərbaycan rəhbərlərinin bir araya gəlməsi Fransa Konstitusiya Məhkəməsinin qərarı açıqlanmadan olmalıdır: “Çünki bu qərar açıqlanana qədər Fransa ictimaiyyəti və hakimiyyəti Türkiyə və Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu bilməlidir. Çünki Konstitusiya Məhkəməsinin bu qanunu rədd edəcəyi təqdirdə belə, Sarkozi bəyan edib ki, bir daha qanunverici təşəbbüslə çıxış edəcək. Ona görə Konstitusiya Məhkəməsinin qərarını gözləmədən toplaşmaq lazımdır”.

Xəyal