Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər məhkəmə hökmündən apellyasiya şikayəti veriblər. Bu haqda təqsirləndirilənlərdən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib.
Şikayət aprelin 20-də məhkəməyə təqdim edilib. Vəkillər birinci məhkəmə instansiyasının hökmünün dəyişdirilməsini tələb edirlər.
Rasim Əliyev Facebook sosial şəbəkəsində futbolçu Cavid Hüseynov barədə tənqidi şərh yazıb. Onu bundan az sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs döyüb. Rasim Əliyev avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib.
Bununla əlaqədar altı nəfər həbs olunmuşdu. 5 nəfər CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olundu. Onlardan ikisinə – Arif Əliyev və Elşən İsmayılova qarşı həm də CM-nin 177-ci (oğurluq) maddəsi ilə də ittiham irəli sürülmüşdü.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilənlərdən Kənan Mədətov və Samir Mustafayevin hər birini 9 il, Camal Məmmədovu 11 il , Arif Əliyevi 12 il 6 ay, Elşən İsmayılovu isə 13 il müddətinə azadlıqdan məhrum edib. (Report)



