Hakimiyyətdən xalqa ciddi xəbərdarlıq

Ay nə ləzzət verər deyirəm, hakimiyyətə – Sibirdəki kimi 7-8 ay qar gecə-gündüz yağa, çovğun ola, yollar bağlana, nəşriyyatlar iflic ola və qəzetlər çıxa bilməyə. Nə hakimiyyəti qəzetlərə, azad sözə, ifadə azadlığına görə qınayardılar, nə də prezidenti mətbuatın qənimi adlandırardılar. Durub təbiətin şıltaqlığına görə də hakimiyyəti pis siyahılara salmayacaqlar ki.

Düzdü, Sibirdə, ümumiyyətlə, Rusiyanın az qala hər yerində orta hesabla 4-5 ay durmadan qar yağır, ancaq nə məktəblər bağlanır, nə yollar, nə müəssisələr, bazarlar. Çünki o ölkədə qar yağa-yağa gecə-gündüz buldozerlər camaatın evini başına uçurmur, qarı yollardan kürüyür, elevatorlar qarı Kamazlara yükləyir, Kamazlar da daşıyıb çaylara boşaldır. Gediş-gəlişə aid olmayan yerləri çıxsaq, elə bir sahə yoxdur ki, qardan təmizlənməsin, buzlar dəlinməsin. Rayon icraiyyə komitələrinin məmurları isti otaqlarda xumarlana-xumarlana rüşvət yığmırlar, dükanları, məişət-iaşə obyektlərini, qəzet və ya ticari köşkləri qapı-qapı gəzir, gediş-gəlişə aid bir addımda bir az qar, buz görsələr, dərhal xəbərdarlıq eləyir, cərimə yazır və ən qısa vaxt verirlər ki, təmizlik yaradasan. Adi köşkün belə “dvorniki” olmalıdı. Bu hesabla, orada az qala bomclar da maaş və ya günəmuzd alır.
Axşam televiziyaya baxmaq zorunda qalanda nə eşitsəm yaxşıdı? Hökumət camaata xəbərdarlıq eləyir ki, çalışın, evlərdən bayıra çıxmayın, çox vacib deyilsə, yəni rüşvət verməyə getməyəcəklərsə, harasa, avtomobil sürücüləri də yola ayaq basmasınlar, kəsəsi, qaxılın, oturun xarabanızda. Indi bunlar hələ məsləhət kimi deyirlər, ancaq imkanları olsa, yəni dünyanın güləcəyindən yüngülvari utanmasalar, əmr eləyərlər ki, qar-çovğun dayanana kimi bayıra çıxan dərhal güllələnəcək!
Baxın, hökumət düşünmür ki, camaata xəbərdarlıq eləyincə, Ziyaya, oğluna, sonra o sürücülərlə birgə Günəbaxana çıxmış adama, Hacıbala kişiyə, nə bilim başqalarına xəbərdarlıq eləyələr ki, a bala, ay yediyiniz milyonlar burnunuzdan gəlsin, axı bu büdcəni talan eləyirsiz-eləyirsiz, halal xoşunuz olsun, bizim də payımızı verirsiz – sözümüz yox, ancaq olmazmı bir az da yolları təmizləmək üçün texnika alasız, bu ölkənin hərraca qoyulmuş bol neftindən-benzinindən maşınlara töküb qarı daşıtdırasız. Axı bu viranəyə çevrilən ölkənin cəmi qarını toplasan, Rusiyanın bir rayonunun bir küçəsindəki qədər olmaz. Orada da yeyirlər, talayırlar, ancaq hədd var da, ora qədər. Bu zalım uşağının nəsli-nəcabəti elə bil əsrlərmiş, YAP-ın hakimiyyətə gələcəyi günü gözləyirmişlər ki, aclıqdan uzanan dişlərini vampircəsinə xalqın boğazına soxsunlar. Burnunuzdan gəlsin bu xalqın saf qanı!
Hələ Təcili Tibbi Yardım xidməti əməkdaşının müraciətini eşidəndə lap ətim töküldü. Adam deyir ki, çox elə vacib deyilsə, xahiş eləyirik ki, təcili yardım çağırmayasınız. Təsəvvür eləyirsiz, bu sözü bir həkim deyir.
Yaxşı, qardaş, indi bu camaatın canı ağrıyanda, ora-burasından sancı tutanda nə bilsin ki, məsələ nə qədər ciddidi, durum nə qədər ağırdı – orta ağırdı, sabitdi, sabit-ağırdı və s. Bəlkə elə boş şey zənn elədiyi sol arxa nahiyədən tutan kürək ağrısı ürəyinin verdiyi ciddi siqnaldı? Bəlkə aşağı ətraflarda başlayan şişkinliklər trombun nişanəsidi? Axı canı ağrıyan nə bilsin ki, başına nə daş düşüb və ya təcili tibbi yardımın deyəcəyini, eləyəcəyini özü eləyəcəkmişsə, onda TTY nəyə və ya kimə lazımmış?
Hə, bu ölkədə qanun belə yazılıb: TTY üzünü yollara baxan vicdansızlara tutmaqdansa, xəstəyə tutur. Hakim bıçaq soxana yox, bıçaqlanana təpinib iş kəsir. Xalq onun gözünü basıb çıxaran hakimiyyətin üstünə yeriməkdənsə, müxalifətin hakimiyyətə gələcəyi təqdirdə dövləti basıb-yeyəcəyindən narahatlıq keçirir.
Nə isə… Qar, yağ başına dönüm, belə qadalaruy da alım. Qarlı havada yatmağın da öz romantikası var…