Qətlə yetirilən məmurun qızı məhkəmədə nələr danışdı?

mehkeme-huquqKeçmiş nazirin qohumunun qətlilə bağlı məhkəmədə ilginc təfərrüatlar…

Dövlət Reyestr Xidmətinin rəis müavini Füzuli Isgəndərovun qətlilə bağlı məhkəmə prosesi davam etdikcə maraqlı məqamlar üzə çıxır. Bu iş üzrə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan isə mərhum məmurun həyat yoldaşı Xalidə Isgəndərovadır.

Həyat yoldaşının qətlindən sonra təxminən 8 ay zərərrəçkmiş qismində tanınan, sonradan təqsirləndirilənə çevrilən Xalidə Isgəndərova ittihamı rədd edir. O, məhkəmədə ifadə verməkdən imtina etsə də, istintaq zamanı ifadələrində bildirib ki, evlərinə maskalı şəxsin girib, qarajda Füzuli Isgəndərovu bıçaqlayıb, ardınca isə onu və həmin vaxt evdə olan 16 yaşlı qızı Amanəni bıçaqla hədələyərək, üç gün əvvəl digər qızının toyundan yığılmış pulları tələb edib.

Qeyd edək ki, Xalidə Isgəndərovanın həbsində əsas sübut kimi, onun qızı Amanə Isgəndərovanın ifadəsinə istinad olunub.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda hazırda 16 yaşı olan Amanə Isgəndərova şahid qismində dindirilib. O, hadisənin necə baş verdiyi barədə danışıb. Onun dedikləri təxminən anasının ifadələrilə eyni olub. Bildirib ki, səhər saat 9 radələrində atasının “köpəyoğlu” qışqırığına yerindən qalxıb. Görüb ki, atasını təxminən 20-22 yaşlarında bir gənc bıçaqlayıb. Həmin şəxs sonradan bıçağı onun da boynuna dirəyərək, anasından evdə üç gün əvvəl bacısının toyundan yığılmış pulları tələb edib. Anası isə oğlana toy etmədiklərini deyib, qızını buraxması üçün ona yalvarıb: “Öldürən dedi ki, 29-u toy eləmisiz, məni bura göndəriblər, pulları ver, yoxsa qızı öldürəcəm”.

Anasının əleyhinə istintaqdakı ifadəsinə gəlincə, Amanə Isgəndərova bildirib ki, Bakı şəhər prokurorluğunda müstəntiq onu aldadıb: “Müstəntiq anama zəng elədi ki, ”sabah prokurorluğa gəlin, Mahir Süleymanovla (Füzuli Isgəndərovun bacısının həyat yoldaşı) üzləşməniz olacaq”. Aprelin 30-da səhər anam, mən və anamın nümayəndəsi Elmira xanım prokurorluğa getdik. Müstəntiq məni çıxartdı ki, dəhlizdə gözləyim. Bir az keçəndən sonra içəridən müstəntiqin qışqırıq səsini eşitdim, deyirdi ki, “ərini sən öldürmüsən”. Mən anama görə qorxdum, ağladım, getdim ayaqyoluna ki, üzümü yuyum. Qayıdanda gördüm ki, anam müstəntiqin otağında yoxdu. Müstəntiq məni oturtdu, dedi ki, “anan üzərinə götürüb, kişi kimi söz verirəm, sən də dediyim ifadəyə qol çəksən, onu ruhi xəstə kimi çıxara bilərik, yoxsa, pis olacaq”. Atamı itirmişdim, anamı da itirmək istəmirdim, ona görə dediklərini elədim. Mənə diqtə elədi, onun dedikləri əsasında Azər Əsgərovun adına məktub yazdım ki, “əvvəlki ifadələrim səhvdir, atamı anam öldürüb”. Sonra mənə protokola qol çəkdirdi. Daha sonra evimizə apardı, əvvəlcədən dediyi qaydada danışdırıb videoya çəkdirdi.

Mənim anam orada günahsız yatırdı, onu çıxarmaq üçün hər şeyə hazır idim. Anama görə canımı da verərdim. Müstəntiq mənə kişi kimi söz vermişdi…”

Amanə Isgəndərovanın dindirməsi növbəti məhkəmə iclasında davam edəcək.

Xatırladaq ki, keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olan Füzuli Isgəndərov 2014-cü il sentyabrın 1-də səhər saatlarında qətlə yetirilib. Ona ümumilikdə 19 bıçaq zərbəsi vurulub.

Xalidə Isgəndərova istintaqa ifadələrində həyat yoldaşının qətlinə görə baldızının ərindən şübhələndiyini bildirib. Çünki Füzuli Isgəndərovun aldığı daşınmaz əmlakın böyük bir hissəsi onun adına rəsmiləşdirilib.

Aytən Məmmədova