“Qarabağın azadlığı demokratiyadan keçir”

gultekin-hacibeyli-yeni«Azərbaycan siyasi hakimiyyəti Qarabağ danışıqlarında öz mövqeyini zəiflədib»

«Qarabağa ən yüksək muxtariyyət veriləcəyilə bağlı öhdəlik götürmək düzgün deyildi»

Gültəkin Hacıbəyli: «Iyirmi üç il ərzində bu qədər sərvət və resursla Qarabağı geri qaytara bilməyənlər, bundan sonra bunu heç bacarmazlar»

Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylidir:

 başlanğıcı ötən sayımızda

– Sizcə, bu tezis hakimiyyət üçün alibi, özünəbəraət ola bilərmi?

– Xeyr, heç bir halda. Tutaq ki, prezident iqtisadçı deyil və bunu proqnozlaşdırmaya bilər. Bəs onun iqtisadi komandası nə üçündür? Prezidentin Iqtisadi məsələlər üzrə köməkçisi var, Prezident Administrasiyasının Iqtisadiyyat şöbəsi var, Iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri var, Nazirlər Kabineti yanında Iqtisadiyyat şöbəsi var, ayrıca Iqtisadiyyat Nazirliyi var, indi Iqtisadi islahatlar üzrə prezident köməkçisi də var. Bəs bütün bu komanda nə ilə məşğuldur? Niyə dünya mətbuatını izləmirdilər, niyə öz sahələri üzrə elmi ədəbiyyatı mütaliə etmirdilər? Təbəqə nefti haqqında ilk populyar yazılar artıq 10-15 il əvvəl mətbuata çıxmağa başlamışdı. Digər tərəfdən, son illər Qərb-Rusiya münasibətlərində gərginliyin artması açıq müşahidə olunurdu. Hamımızın yaxşı xatırladığı çox da uzaq olmayan  keçmişdə ABŞ Sovetlər Birliyini neftin qiymətini 8 dollara salmaqla çökdürmüşdü. Bunu necə unutmaq olardı?! Həm də bir məqam var. Hökumət neftin qiymətinin düşəcəyini proqnozlaşdırmasa da, öz tamahının səviyyəsini proqnozladırmalı idi axı, özünə bələd idi… Söhbətimizin mövzusundan yayındıq…

Azərbaycanın danışıqlardakı səhvləri

– Bəli, qayıdaq Qarabağ danışıqlarına. Sizcə, Azərbaycanın bu danışıqlardakı əsas səhvləri nədir?

– Mən bu səhvləri taktiki və konseptual olaraq iki qrupa bölərdim. Azərbaycan hakimiyyətinin ən böyük taktiki yanlışı Azərbaycan cəmiyyətini, hətta xalqını bir funksional institut kimi nəzərə almaması, bütövlükdə danışıqlar kontekstindən təcrid etməsidir. Uzun illər ərzində nəinki cəmiyyət, hətta Milli Məclis də bu danışıqların mahiyyətindən xəbərsiz qalıb. Millət vəkilləri dəfələrlə tənzimlənmə prosesi haqqında məlumat almaq, bu məqsədlə XIN təmsilçilərini parlamentə dəvət etmək tələbilə çıxış etsələr də, bu təşəbbüslər həmişə cavabsız qalıb. Müxalifətin Qarabağ mövzusunda danışmasını belə hakimiyyət süngü ilə qarşılayıb. Bunun qarşılığında Ermənistan parlamentində dəfələrlə açıq və qapalı Qarabağ müzakirələri keçirilib, deputatlar danışıqlar prosesinin detalları ilə tanış olmaq imkanı əldə ediblər. Erməni müxalifəti və xalqı prosesin istənilən mərhələsində danışıqlar prosesinə təsir və təzyiq faktoru kimi öz sayıqlığını qoruyub və bu, erməni tərəfinə danışıqlar zamanı əlavə üstünlüklər qazandırıb. Nəticədə, həmsədrlər, istənilən halda erməni cəmiyyətinin və xalqının müqavimətilə qarşılaşmağı göz önünə alıb, erməni ictimai fikri ilə hesablaşmaq məcburiyyətində qalıblar. Azərbaycanda isə, bunun əksinə olan proses baş verdiyi – ictimai rəy boğulduğu üçün, bütün təzyiqlər məhz Azərbaycan tərəfə ünvanlanıb və bütün kompromislər də məhz Azərbaycandan gözlənilib. Beləliklə, Azərbaycan siyasi hakimiyyəti Qarabağ danışıqlarında özü öz mövqeyini zəiflədib. Bu, yuxarıda qeyd etdiyim kimi, milli maraqların hakimiyyət maraqlarına qurban verilməsinin bariz nümunəsidir. Digər taktiki səhv Qarabağın azərbaycanlı icmasının danışıqlara yaxşı hazırlanmamasıdır. Ermənilər bu istiqamətdə də bizdən daha ağıllı davranıblar. Onlar Qarabağ əsilli bir çox gənci Avropada oxudub müasir, sivil icma təəssüratı yarada biliblər. Bizim icmanı isə danışıqlarda Bayram Səfərov təmsil edir. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Danışıqların mahiyyəti, konsepsiyası ilə bağlı daha böyük nöqsanlara yol verilib. Onlardan dördünə xüsusi vurğu etmək istəyirəm.

Dövlətçiliyin altına yatırılan mina

Birincisi, danışıqların ilkin mərhələsindən etibarən Dağlıq Qarabağa dünyada olan ən yüksək muxtariyyət statusunun veriləcəyilə bağlı öhdəlik götürmək düzgün deyildi. Biz nədən Qarabağda yaşayan 100 min erməniyə ən yüksək muxtariyyət statusu verməliyik? Ümumiyyətlə, ən yüksək muxtariyyət statusu nəyi ethiva edir? Hətta qeyri-peşəkar baxışla belə, bu statusun dövlətçiliyimizin altına yatırılan mina effekti verə biləcəyi aydın görünür. Rusiya vaxtaşırı olaraq etnik separatizmdən Azərbaycanın dövlət müstəqilliyinə qarşı təhdid faktoru kimi istifadə edib. Əgər Azərbaycan 100 minlik erməni icmasına ən yüksək muxtariyyət statusu tanıyacaqsa, kim zəmanət verə bilər ki, sabah Rusiya sayı ermənilərdən bir neçə dəfə çox olan digər etnik qrupları həmin status uğrunda savaşa təhrik etməyəcək və bu arqumentdən dövlətimizə qarşı təzyiq vasitəsi kimi istifadə etməyəcək?! Və işğalçı, Azərbaycan xalqına qarşı soyqırımı törətmiş bir millətə bu haqqı tanıyan Azərbaycan hansı məntiqlə və əsasla din qardaşlarımız olan, bizimlə bir xalq olaraq bütövləşmiş, birləşmiş, sayı ermənilərdən daha çox olan, ermənilərdən fərqli olaraq bu torpaqların əzəli sakinləri olan və elə həmin Qarabağ uğrunda savaşda yüzlərlə şəhid vermiş etnik qruplara həmin hüququ tanımaqdan imtina edəcək?! Bu, Azərbaycan dövlətçiliyinin məhvinə aparan yoldur. Ana Qanunumuzda göstərildiyi kimi, Azərbaycanın unitar dövlət quruluşunun toxunulmazlığı və dəyişilməzliyi bizim üçün heç vaxt və heç bir şərt altında vaz keçilməyəcək müqəddəs dəyərdir.

Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın məsələsini qaldırmalıyıq

Ikincisi, Qarabağ danışıqları başlayandan ən böyük səhvlərimizdən biri də vaxtilə Ermənistanda – Qərbi Azərbaycanda, əsasən, Göyçə ətrafında kompakt yaşamış və sonradan öz yurdundan qovulmuş yüzminlərlə soydaşımızın məsələsinin qaldırılmaması olub. Ermənilər Qarabağda kompakt yaşama faktorundan əsas arqumentləri kimi istifadə edirlərsə, bizim 250 min soydaşımızın elə münaqişə başladığı 1988-ci ilə ən ağır təzyiqlər və təqiblər şəraitində öz yurdlarından didərgin salınması danışıqlar gündəminin ən mühüm elementlərindən biri olmalı idi. Nəzərinizə çatdırım ki, hətta Almaniya Bundestaqı bu faktı öz Qətnaməsinə salırsa və pisləyirsə, bizim millətimizin yaxın tarixinin bu acı və faciəli gerçəyini görməzdən gəlməyimiz başadüşülən deyil. Ermənilər Qarabağda yaşayacağı halda, soydaşlarımız niyə Göyçədə yaşaya bilməzlər sualı Misk qrupunun üzvlərinə dəfələrlə və israrlı şəkildə verilməli, danışıqlar gündəminin əsas tezislərindən birinə çevrilməlidir.

“Mehri dəhlizi məsələsi gündəmə gətirilməlidir”

Qeyd etmək istədiyim üçüncü məqam Laçın dəhlizi ilə yanaşı Naxçıvanla aramızdakı Mehri dəhlizi məsələsinin qoyulmamasıdır. Ermənilər Azərbaycanda yaşayan 100 min soydaşına dəhliz tələb edirsə, onların təhlükəsizliyinə beynəlxalq təminatlar istəyirsə, biz nədən öz vətənimizdə, Azərbaycan ərazisi olan Naxçıvanda yaşayan 400 min soydaşımızın taleyinə biganə qalmalıyıq?! Niyə bu məsələ Minsk qrupu qarşısında qoyulmur və ondan Naxçıvanda yaşayan Azərbaycan türkləri ilə Qarabağda yaşayan ermənilər arasında edilən bu ayrı-seçkliyin səbəbi soruşulmur? Minsk qrupu yalnız ermənilərin təhlükəsizliyinə təminatlar yaratmaqlamı məşğuldur? Digər tərəfdən, necə olur ki, işğalçı, aqressor erməniləri qorumaq zərurəti yaranır, ancaq işğala məruz qalan dövlətin vətəndaşlarını işğalçılardan qorumağa ehtiyac duyulmur? Nə vaxtadək 400 minlik Naxçıvan əhalisi Azərbaycanla yalnız hava yolu vasitəsilə əlaqə quracaq? Bu, etnik zəmində böyük bir diskriminasiya, nonsesdir. Ermənilərin dəfələrlə Naxçıvana hücum etdiyini, ərazi iddialarının irəli sürüldüyünü nəzərə alsaq, Naxçıvanın müdafiəyə daha çox ehtiyacı olduğu ortaya çıxır. Minsk qrupu millətimizə qarşı bu diskriminasiyalara son qoymalıdır və bu, ondan ən yüksək səviyyədə – Azərbaycanın dövlət rəhbərliyi səviyyəsində tələb edilməlidir.

“Şuşa həmişə türk şəhəri olub”

Və nəhayət, qeyd etmək istədiyim, dördüncü məqam Şuşa ilə bağlıdır. Necə ola bilər ki, ermənilərin əksəriyyət etibarilə sonradan məskunlaşdığı Qarabağa xüsusi status verməyə razı olasan, ancaq Azərbaycan mədəniyyətinin, musiqisinin, mənəviyyatının beşiyi olan Şuşaya heç bir xüsusi imtiyaz tələb etməyəsən? Axı Şuşasız Qarabağ, Azərbaycan ola bilməz. Şuşa həmişə türk şəhəri olub, Azərbaycan milli varlığının ən parlaq təcəssümlərindən biridir. Şuşa mövzusu heç vaxt heç bir danışıqların və kompromislərin predmeti ola bilməz.

– Gültəkin xanım, siz bu hakimiyyətin Qarabağı qaytara biləcəyinə inanırsınızmı?

– Xeyr. Əvvəla, 23 il ərzində bu qədər sərvət və resursla Qarabağı geri qaytara bilməyənlər, buna heç ciddi cəhd etməyənlər bundan sonra bunu heç bacarmazlar. Qarabağın yolu Bakıdan və demokratiyadan keçir. Bakı demokratikləşməyincə, Azərbaycanda normal, azad və ədalətli seçilər keçirilməyincə, müstəqil məhkəmə sistemi bərqərar olmayınca, ölkəmiz Avropa Birliyi ilə dərin və hərtərəfli inteqrasiya prosesini başlatmayınca, Türkiyə, ABŞ, NATO ilə hərbi-siyasi müttəfiqlik münasibətləri dərinləşib daha maddi və daha gerçək formata transfer etməyincə Qarabağa qovuşmağımız sadəcə istək olaraq qalacaq. Xoşbətlikdən, Rusiyanın təcavüzkar dövlət kimi ifşası Qarabağ mövqelərimizi beynəlxalq müstəvidə əhəmiyyətli dərəcədə gücləndirib.  Avropa Parlamenti, Almaniya Bundestaqı öz qətnamələrində açıq və birmənalı şəkildə Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edir. Gürcüstan, Ukrayna konfliktlərinin bizə bu mənada böyük faydası oldu. Indi bu fürsəti reallığa çevirmək üçün əlverişli şərait yaranıb. Lakin təəssüf ki, Azərbaycan hakimiyyətinin indiki qeyri-demokratik və repressiv imici, eləcə də, danışıqlarda özünün zəiflətdiyi mövqelərilə bu, mümkün olmayacaq.

Xəyal