Ölkəni zülmətə bürüyənlər müxalifəti nədə ittiham edir?
Təbii ki, özünə hörmət etməyən adam başqalarına hörmətlə yanaşmaz. Mənəvi dəyərlərdən imtina etmiş adam yalan danışmaqdan, şər atmaqdan, ləkələməkdən çəkinməz.
Məsələn, YAP-ın siması olan Siyavuş Novruzov uzun illərdi müxalifəti erməni lobbisi ilə iş birliyində suçlayır, vətənə xəyanətdə ittiham edir. Cəmiyyətin bu arqumentləri ikrahla qarşılaması, ona qarşı nifrət bəsləməsi, əsl həqiqəti bilməsi YAP-çı deputatı qətiyyən narahat etmir. Onun üçün əsas olan mandat daşımaq və recimin xoşuna gəlməkdi.
Bugünlərdə yenə də Siyavuş Novruzov mətbuata açıqlama verib və ağzına gələni danışıb: “Əli Kərimli ona verilən tapşırıqların yerinə yetirilməsi ilə məşğul olur. O hansı dairələrdən maliyyə dəstəyi alırsa, həmin dairələrin də tapşırığını yerinə yetirir. Əli Kərimli uzun müddətdir ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqla, təxribatçı hərəkətlərlə məşğuldu. Əli Kərimli və ”Milli Şura”ya daxil olan bir neçə nəfər bu işlə uzun müddətdir ki, məşğul olurlar. Təbii ki, bunun da arxasında ancaq ermənilərin maliyyəsi durur”- deyə Siyavuş Novruzov bildirib.
Xatırladaq ki, bu adam hüquqşünasdır. Amma bütün şüurlu həyatını hüquqsuzluğa mədhiyyə söyləməklə keçirib. Asanlıqla insanların ünvanına istənilən yalanı söyləyə bilir və bundan kompleks keçirmir. Yəqin oxucuların yadındadır, bir müddət əvvəl Siyavuş Novruzov deyirdi ki, bizim əlimizdə Əli Kərimlinin gizli videoları var. Amma xeyli müddət ötsə də YAP-çı deputat bu videonu ortaya çıxara bilmədi. Amma o heç bir sözünə görə məsuliyyət daşımadığı üçün, yalanlarına görə utanmır.
Indi də Əli Kərimlini sabitliyi pozmaqda, ölkənin imicinə kölgə salmaqda, erməni lobbisiylə işbirliyində suçlayır.
Deməli, ölkənin üstünə qara buludlar salan hökumətin təmsilçisi, Əli Kərimlini ölkənin imicinə kölgə salmaqda ittiham edir. Siyavuş Novruzova xatırlatmaq istəyirik ki, ofşorlarda milyardları tapılan, kadrları cinayətkar çıxan, səfirləri bizneslə məşğul olan, “korrupsiya çempionu” olan Əli Kərimli deyil. Bir neçə gündür dünya mətbuatı “Panama kağızları”ndan danışır. YAP hakimiyyətinin elə bir kadrı yoxdur ki, cəmiyyətdə müsbət imicə sahib olsun. Avropa Məhkəməsinə ən çox şikayət Azərbaycandan gedir və bütün məhkəmələrin nəticəsində bəlli olur ki, deputatlar saxta yolla mandat alıb, siyasi fəallar şərlənərək tutulub, insanların mülkiyyət hüququ tapdalanıb və s.
Ölkəyə idxal olunan malları 20-30 dəfə baha qiymətə ölkə vətəndaşına satan, iqtisadiyyatı bir neçə ailənin əlində əsir edən də bu hökumətin məmurlarıdı. Hər gün Azərbaycan məmurlarının yeni korrupsiya cinayətləri ortaya çıxır. Bütün məmurlar milyarderə çevrilib. “Kürü diplomatiyası”nın qoxusu hələ çəkilməyib. Demək istəyirik ki, Azərbyacanı bütün dünyada rüsvay edən, ölkəni bütün reytinqlərdə sonuncu yerə salan bu hakimiyyətdir. Yəni, Siyavuş Novruzovun təmsil olunduğu kamanda ölkəni elə qara günə qoyub ki, Əli Kərimlinin saldığı “kölgə” qətiyyən hiss olunmaz.
Ermənipərəstliyə gəlincə, bu məsələdə də Azərbaycana hakimiyyəti hamını geridə qoyur. Erməni idmançılarını bəsləyən, qondarma erməni soyqırımını tanıyan ölkələrdə xeyriyyə layihələri həyata keçirən, erməniyə atalıq edən Rusiyanın qucağına sığınan bu hakimiyyətdir. Son günlər VTB bank haqqında yayılan məlumat isə ermənipərəsliyin pik nöqtəsiydi. Ümumiyyətlə, “erməni” məsələsiylə bağlı daha dərinə getmək olar və kimlərin erməniyə yaxın olduğunu daha detallı ortaya çıxarmaq mümkündür. Ən əsası isə budur ki, Ermənistanla 24 ildir atəşkəs müqaviləsi imzalayıb, Qarabağı unutduran da bu hakimiyyətdir. Eyni zamanda Əli Kərimlinin “ordumuz hücuma keçib torpaqları düşməndən azad etməlidir” çağırşını süngüylə qarşılayan da bu hökumətdir.
Öz vətəndaşıyla düşmən kimi rəftar edən də bu hökumətdir. Vətəndaşı arxayın edib iki devalvasiyaya imza atan, 2.5 milyon vətəndaşı məmur banklarından asılı vəziyyətə salan, 13500 şəhid ailəsinin sığorta pulunu mənimsəyən, Qarabağ qazilərini intihar həddinə çatdıran, vətəndaşı dilənçi maaşına möhtac edən bu hökumət deyilmi? Dövlətin və millətin taleyini qaralamaqla məşğul olan hökumətin təmsilçisi hansı üzlə müxalifəti ittiham edir?
Şəffaf mənzərə bunu sübut edir ki, ölkədə sabitliyi pozan, dövlətin imicini zədələyən, erməninin maraqlarına uyğun hərəkət edən bu hökumətdir. Xirtdəyə qədər çirkaba bulaşmışların, vicdanlı adamları ləkələməyə çalışması çoxdanın təcrübəsidir.
Samir