Bəşər Əsəd və ailəsini ölümlə hədələdilər

Dəməşqdə çörək qıtlığı yarandı; hökumət qüvvələri bütün məscidləri mühasirəyə aldı

BMT Təhlükəsizlik Şurasında Suriyadakı hadisələr və Bəşər Əsəd rejiminə qarşı sərt addımların qəbuluyla bağlı aparılan müzakirələr üçüncü gündür ki, davam edir. Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiya Bəşər Əsəd rejiminə dəstəyini davam etdirir. Suriya ilə bağlı hazırlanacaq qərarın ilkin mətni üzərində Təhlükəsizlik Şurasına üzv ölkələrin diplomatlarının müzakirəsi də bir nəticə verməyib. Sənəd yenidən baxılması, əlavə və düzəlişlər olunması üçün BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin hökumətlərinə göndəriləcək.
Ötən gün keçirilən toplantının əvvəlində Rusiya bir daha bəyan edib ki, Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qərarına veto qoyacaq. Rus diplomatlar “BBC”yə açıqlamalarında bildiriblər ki, qərarı dəyərləndirmək və rəsmi Moskvaya məruzə etmək üçün bir qədər vaxt lazımdır.
Ərəb Ölkələri Liqasının hazırladığı “Yol xəritəsi”nə görə, Bəşər Əsəd səlahiyyətlərini müavininə təhvil verməli və ölkədə Müvəqqəti Keçid Hökuməti formalaşdırılmalıdır. Lakin Rusiyanın ciddi etirazlarından sonra bu maddə “Yol xəritəsi”ndən çıxarılmışdı.
Bu arada, “The New York” qəzeti yazıb ki, Rusiyanın diplomatik inadı onun Suriyanı sona qədər müdafiə edəcəyi anlamına gəlmir. Necə ki, Moskva bir zamanlar Səddam Hüseyni də meydanda tək buraxdı… Suriya ətrafında çıxılmaz vəziyyət o zamanadək davam edə bilər ki, Rusiya Bəşər Əsədin daha dayana bilməyəcəyini dərk eləsin. Qəzetin iddiasına görə, rəsmi Moskva silah satışı müqavilələrini Suriya xalqından daha vacib sayır. Bu səbəbdən Rusiya, Çin və Hindistan Suriyaya silahlı müdaxiləni istəmir.
Suriya Yaxın Şərq və Aralıq dənizi hövzəsində hərbi eskadralar və nüvə reaktorlu sualtı qayıqlar qəbul edə bilən yeganə hərbi-dəniz bazasına sahibdir. Rusiya hər şeydən öncə bu liman üzərində nəzarətini saxlamağı düşünür. Bu mənada, Bəşər Əsəd rejimi ətrafında alver davam edir. Ehtimal ki, Rusiya başqa məsələlərdə kompensasiya alsa, burada da güzəştə gedəcək.
Suriyanın özündə isə bir neçə gündür ki, çörək qıtlığı yaranıb. Paytaxt Dəməşqin əksər hissələrində sakinlər çörək tapa bilməyiblər.
Bundan başqa, hökumət qüvvələri hakimiyyət əleyhinə etiraz aksiyalarının keçirilməsinə mane olmaq üçün dünən Dəməşqdəki bütün məscidləri mühasirəyə alıb. Həma şəhərində isə on minlərlə nümayişçi Bəşər Əsədin istefasını tələb edib. Bəşər Əsədin əmrindəki əsgərlər bu dəfə də etirazçılara odlu silahdan atəş açıb. Şahidlər çoxlu sayda ölən və yaralıların olduğunu bildirib.
Hələb şəhərində də cümə namazından sonra küçələrə axşan 15 mindən çox suriyalı Bəşər Əsədin istefasını və edam olunmasını tələb edib. Hökumət qüvvələri nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və odlu silahdan istifadə edib. Burada da çoxlu sayda ölən və yaralının olduğu deyilir.
Müxaliflərə dəstək verən hərbçilərin yaratdığı Azad Suriya Ordusu isə bundan sonra hökumət qüvvələrinə qarşı ağır texnikadan istifadə edəcəklərini açıqlayıb. Müxalifətin qurduğu Milli Şuranın üzvü Haytəm Maleh bildirib ki, Bəşər Əsəd rejiminin atdığı addımlar nəticəsində ölkədə hakimiyyət dəyişikliyinin dinc yolla baş verməsi şansı itirilib. Keçmiş hakim “The Daily Telegraph” qəzetinə açıqlamasında deyib ki, Bəşər Əsəd dinc etirazlara zorakı vasitələrlə cavab verdiyi üçün onun özünü və ailəsini ağır günlər gözləyir. Onun sözlərinə görə, hakim ailəni dəhşətli dərəcədə qanlı aqibət gözləyir, Əsəd və ailəsi öldürüləcək: “Onların sonu dəhşətli olacaq. Iki ay əvvəl xalq Bəşər Əsədə dinc yolla hakimiyyətdən getməsi və zorakılıqları dayandırması üçün şans verdik. Ancaq o, bu şanslara qanla cavab verərək öz xalqını qətlə yetirdi. Lakin sonunda Bəşər Əsədi də Qəzzafi kimi öldürəcəklər”.
Bu arada, Iran dünəndən etibarən quru yolla Suriyaya səfəri qadağan edib. Buna səbəb son bir ay ərzində qonşu ölkəyə gedən 22 iranlı zəvvarın qaçırılmasıdır. Iran Təhlükəsizlik Qüvvələri Pasport və Əcnəbilərlə iş Idarəsinin rəisi, general Mahmud Sadiqi bildirib ki, bundan sonra Suriyaya gedən iranlı zəvvarlara hava yolundan istifadə etmək, Iranın Həcc və Ziyarət Təşkilatının nəzarətindəki karvanlarla getmək tövsiyə olunub.

Informasiya şöbəsi