“Gözümün qarşısında polis narkotiki hal şahidinə verdi…”
“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin hökuməti tənqid edən fəaliyyətinə görə şərlənərək həbs olunan qohumları – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki məhkəmə iclasında Rüfət Zahidovu həbs eləyənlərdən biri – Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşı, polis baş leytenantı Surxay Əliyev dindirilib.
“Yalansa…”
Rüfət Zahidovun anası Kübra Zahidova polisin yalanlarına dözə bilməyib və nəticədə məhkəmədə qalmaqal yaranıb.
Kübra Zahidova hələ dindirmə başlamamışdan əvvəl şahid polisə Qurani-Kərimə and içməyi təklif edib: “Quranı gətirim, əlini qoy Qurana, and iç ki, düzünü deyəcəksən…”
Amma şahid ittihamda yazılanları təkrarlayıb və iddia edib ki, Rüfət Zahidovun üzərindən narkotik tapıblar: “2015-ci il iyulun 20-də Rüfət Zahidovu Şəki kafesindən çıxarkən saxlamışıq, hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirmişik, üzərindən və maşınından sellofanda heroin aşkarlamışıq. Sellofana qoyub qablaşdırmışıq, sənədləşdirmişik”.
Bu zaman məhkəmə zalında olan Kübra Zahidlova “Yalansa, üzünə lənət”, – deyə polisə etiraz edib.
Polis vəkillərin suallarını cavablandırarkən deyib ki, Rüfəti idarəyə gətirəndən sonra hal şahidlərini dəvət ediblər. Hal şahidlərinin də birini özü, digərini iş yoldaşı olan polis dəvət edib.
Rüfət Zahidov özü də polisin yalan danışdığını deyib. Qeyd edib ki, hal şahidlərinin təsadüfi adamlar olması barədə deyilənlər də həqiqətə uyğun deyil: “Hal şahidləri polislərin ştatlı adamlarıdır. Polislər əl eləyib onları çağırdılar. Otaqda gözümün qabağında həmin bu Surxay hal şahidinə narkotik verdi. O, bundan istədi, bu da verdi. Yəni hal şahidlərinin özləri narkoman idilər”.
Məhkəmə prosesinə sədrlik edən hakim Eldar Mikayılov polis əməkdaşından bu barədə deyilənləri təsdiq edib-etmədiyini soruşub. Surxay Əliyev deyib ki, həqiqətə uyğun deyil.
Bu zaman Rövşən Zahidovun yerindən belə bir replikası olub: “Nə deyəcəkdi ki?! Əlbəttə, deyəcəkdi ki, təsdiq eləmir də…”
İldırım sürətilə narkotik ekspertizası
Polis əməkdaşı vəkillərin suallarını cavablandırarkən məlum olub ki, Rüfət Zahidovun saxlanılması, üzərindən narkotik tapılması, onun ekspertizaya göndərilməsi, rəy alınması cəmi 1 saat 10 dəqiqə çəkib. Rüfət Zahidovun vəkili Bəhruz Bayramov bildirib ki, bu qədər qısa müddətdə bütün bu addımların atılması mümkün deyil: “Belə çıxır ki, ya hava sürəti ilə olub, ya da ildırım sürəti ilə…”
Bundan başqa, Surxay Əliyev ifadəsində Rüfət Zahidovun saxlanılarkən tək olduğunu deyib. Rüfət isə polisin bu məsələdə də yalan danışdığını vurğulayıb. Qeyd edib ki, həmin vaxt yanında şirkətdən iş yoldaşı olan bir xanım olub: “Gördü ki, məni tutub aparırlar, çığırıb-bağırırdı”.
Rüfət Zahidovun anası Kübra xanım polisi yalan danışdığına görə kəskin ifadələrlə qınayıb. Bu zaman polislə Rüfət Zahidov və anası arasında mübahisə yaranıb. Onlar bir-birini təhqir ediblər. Hakimlər aranı sakitləşdirə bilməyib və məhkəmə aprelin 29-na qədər təxirə salınıb.
“Açıq desinlər ki, ”Azərbaycan saatı”na görədi”
Məhkəmədən sonra Kübra Zahidova “Azadlıq”a açıqlamasında bir daha oğlunun günahsız olduğunu, Qənimət Zahidin “Azərbaycan saatı” televiziya proqramındakı fəaliyyətinə görə cəzalandırıldığını bəyan edib: “Bir ana olaraq, övladıma atılan şər-böhtanı qəbul edə bilmirəm. Mən onda buna səssiz qalardım ki, açıq deyəydilər, bu adam narkotikə görə yox, ”Azərbaycan saatı”na görə həbs olunub. Mənim oğlum siyasətçi deyil, adi sürücüdür. Əgər o verilişə bircə kadr çəkib göndərsəydi, ana kimi deyərdim ki, “ay oğul, bu işdə əlin olub, indi cəzanı çək”. Mənim uşağımın heç bir günahı yoxdur. Heç çox vaxt o verilişə də baxmayıb. Siyasətdən çox uzaqdır. Narkotik sözünü qəbul eləyə bilmirəm. Aidiyyəti qurumlardan xahiş edirəm, məhkəmə sistemi müstəqildisə, bu işə düz baxsınlar. Açıq şəkildə desinlər ki, Rüfət Zahidov Qənimət Zahidin “Azərbaycan saatı” verilişinə görə cəzalandırılır. Onda mən dinməz duracam. Amma “narkotik” sözünü heç vaxt qəbul eləməyəcəm. Onun ailəsi, dost-tanışı var, övladı böyüyür. Mən elə tərbiyə verməmişəm ki, üstünə belə damğa qoyulsun”.
***
Xatırladaq ki, Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri müəllifi olduğu “Azərbaycan saatı” televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.