Tanınmış vəkildən Əli Kərimliyə dəstək

yaver huseynTanınmış vəkil Yavər Hüseyn AXCP sədri Əli Kərimliyə qarşı təşkil olunan kampaniyaya münasibət bildirib:

“Bu il aprel ayının əvvəlləində ordumuz tərəfindən aparılan uğurlu döyüş əməliyyatları, söz yox ki, istər iqtidar, istər müxalifət nümayəndəsi və istərsə də ki, hər hansı siyasi baxışlardan uzaq olan insanlar olsun hər birimizi ölkə vətəndaşı olaraq sevindirmiş və daha böyük uğurlar üçün ruhlandırmışdır. Bu sırada digər siyasi liderlər kimi Əli Kərimlinin də döyüş əməliyyatları aparılan vaxt ordumuzla, Azərbaycan əsgəri ilə birgə olmasını bildirməsi, onun qazandığı uğurları alqışlaması danılmaz faktdır və torpaqlarımızın işğaldan azad olunması yolunda aparılan ümummilli mübarizədə birliyimizin təcəssümüdür. Ancaq son günlər Əli bəyə qarşı təşkil olunan aksiyalar ən azı acı təəssüf hissi doğurur. Bu aksiyaların keçirilmə mexanizmi mahiyyət etibarı ilə bunu deməyə əsas verir ki, həmin aksiyalar siyasi sifarişdir. Yaxın keçmişimizdə dəfələflə şahidi olmuşuq ki, “şəhidlər ölməz, vətən basılmaz”, “azadlıq” şüarları ilə meydanlara çıxıb dinc aksiyalar keçirmək istəyən insanlar ağır təhqirlərə, dəyənəklərə tuş gəlmişlər, ancaq məlum aksiyalarda Əli bəyə yönəlik təhqiramiz, böhtan xarakterli  şüarlarla onun evinə doğru yürüş edən və evi qarşısında səs-küy salıb ictimai asayişi pozan, faktiki olaraq insanlığa qarşı cinayət əməli törədənlər nəinki təqib olunmur, əksinə himayə olunurlar. Şübhəsiz ki, onlara “get”, polisə isə “dur” əmrini verənlər belə bir hökmə sahib olan hakimiyyət mənsublarıdırlar. Aksiya iştirakçılarının Əli bəyə yönəlik səsləndirdikləri ifadələrə gəldikdə aşkar hiss olunur ki, onlar Əli bəyin nə yazdığından belə xəbərsizdirlər və heç bunun fərqində də deyillər. Əli bəy deyib ki, aparılan döyüş əməliyyatlarının dayandırılmasında tələskənliyə yol verilib, Rusiya tərəfinin müraciətinə tez bir zamanda razılıq verilməməliydi. Belə bir mövqeni mən də bölüşürəm və Azərbaycan ictimaiyyətində çoxlarımız bölüşürük. Düşmənə qarşı hücum əməliyyatlarında döyüşün ən ağır hissəsi təmas xəttinin yarılmasıdır. Çünki rəqib tərəf müdafiə mövqeyini əsasən təmas xəttində qurur, səngərlər qazılır, sahələr minalanır və qoruyucu qurğular yerləşdirilir. Həmin sahəni keçmək də təbii ki, daha çox itkilər hesabına başa gəlir. Müdafiə mövqeyi yarıldıqdan sonra isə əməliyyatların davam etdirilməsi üçün əlverişli şərait yaranmış olur. Ordumuzun erməni tərəfin ordusundan daha qüdrətli  və döyüşkən olması, düşmən tərəfin isə döyüş meydanlarından, işğal altında saxladıqları ərazilərdən qaçmağa meyilli olması da nəzərə alınarsa demək mümkündür ki, biz əməliyyatları davam etdirsək daha böyük uğurlara imza ata bilərdik. Unutmayaq ki, biz hamımız bu vətənin övladıyıq, ordu da hamımızın ordusudur, orada xidmət edənlər bizim balalarımızdır və bizlər də ehtiyatda da olsaq onun əsgəriyik. Bu vətəni qorumaq hər birimizin borcu olduğu kimi, onun müdafiəsi üçün fikir söyləmək də hər birimizin vətəndaşlıq haqqıdır. Belə olan təqdirdə “döyüş əməliyyatlarının davam etdirilməsi məqsədəmüvafiq idi” fikrini söyləyən insan nəyə görə “xəyanətkar”, “erməni tərəfdarı” adlandırılmalıdır? Əli Kərimli könüllülər sırasında Qarabağda döyüşəndə nə hazırkı iqtidar və nə də ki müxalifət hakimiyyətdə idi, onda hakimiyyətdə olanlar hazırkı iqtidar və müxalifətin bəyənmədiyi siyasi qüvvələr idi. Yəni onda da Əli bəy hakimiyyətdə olanlara qarşı siyasi müxalifətdə idi, ancaq buna baxmayaraq əlində silah canı bahasına da olsa torpaqlarımızın müdafiəsində dayanmışdı. Mən əminəm ki, Əli bəy bu gün də buna qadirdir. Əli Kərimlini milli birliyimizi pozmaqda günahlandıranlar bu əməlləri ilə özləri milli birliyimizə xələl gətirmiş olurlar. Heç olmasa milli birliyimiz naminə belə addımlardan çəkilmək gərəkdir”.