Yaxud, Avstraliyaya qədər gedib çıxan «analoqsuzluq»
Hər gün bir daha təsdiqlənir ki, bu sistem mütləq dəyişməlidir. Çünki, hökumətin mahiyyəti, təfəkkür tərzi, dövlətçilik anlayışı zərərlidir. Bu hökumətin yürütdüyü siyasət yalnız dövlətin imicinin zədə almasına xidmət edir. Acgözlük, korrupsiya, qeyri-şəffaflıq, fürsətcillik bütün komandanın xarakterinə çevrilib.
Təkcə ölkə daxilində deyil, ölkə xaricindəki təmsiliçilər də biabırçı fəaliyyətlə məşğul olurlar. Bugünə qədər xaricdəki səfirlərimiz, konsullarımız haqqında xeyli neqativ xəbərlər yayılıb. Bu dəfə isə “qara xəbər” Avstraliyadan gəldi. Belə ki, Azərbaycanın Avstraliyadakı səfirliyi qara bazarda spirtli içki və siqaret alverində ittiham olunur. Bununla əlaqədar Avstraliyanın müvafiq orqanlarına məlumat daxil olandan sonra araşdırma başlanıb. Hətta Avstraliyanın “The Sidney Morning Herald” qəzeti “Azərbaycan səfirliyi qara bazarda içki və siqaret alverilə məşğul olmasını inkar edir” başlıqlı məqalə dərc edib. Məqalədə bildirilir ki, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşid və maliyyə attaşesi Araz Xasıyev iki müxtəlif təchizatçıdan 2000 litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40000 ədəd siqareti vergisiz almaq məqsədilə Avstraliya hökumətindən icazə almaq üçün özlərinin diplomatik statuslarından istifadə ediblər.
Məsələ burasındadır ki, səfirlik əməkdaşları üçün şəxsi istifadə məqsədiylə alınan mallara rüsum tutulmur. Yəni, səfirlik əməkdaşları üçün müəyyən güzəştlər var. Amma bizim çoxbilmişlər bu güzəştdən “istifadə” edərək biznes xəyalına düşüblər. Təbii ki, Avstraliya hökuməti də başa düşüb ki, 5 nəfər əməkdaşı olan səfirlik üçün 40000 ədəd siqaret, 1100 litr şərab, 2000 litr pivə 520 litr spirt sifariş vermək absurddur. Bu qədər məhsulu 50 dinozavr da həzm edə bilməz.
Göründüyü kimi hökumətin “milli adətlər”i ölkə xaricində də yerinə yetirilir. Hansıki, indiki gərgin vəziyyətdə səfirlik Qarabağın təbliğatıyla, Azərbaycan həqiqətlərinin yayılmasıyla, müxtəlif tədbirlərin keçirimləsiylə məşğul olmalıydı. Amma Azərbaycanın fövqəladə və səlahiyyətli səfirliyi fövqəladə biznes layihəsi ilə məşğul olurmuş.
Bu hökumətin kadrları, təmsilçiləri belə də olmalıdı. Onlar üçün vəzifə, səlahiyyət, təmsilçilik daha çox qazana bilmək imkanıdır. Bazar təfəkkürü bütün komandanın içinə hopub. Bəli, bu hökumət bütün dünyada Azərbaycanı pis nümunələrlə tanıdır.
Əgər ölkədə normal bir hökumət olsaydı, bütün kadrlar da normal qəlibə düşərdilər, müsbət nümunələrə istinad edərdilər. Amma YAP hakimiyyəti bütün komandaya bazar nümunəsi göstərib.
Hələ o biri səfirlərdən xəbərimiz yoxdur. Bəlkə də içlərində mağaza, kafe, restoran işlədənlər də var.
Akif