Ərdoğanın Bakıya səfərində hansı məsələlər müzakirə olunacaq?

ilham-erdoganElxan Şahinoğlu: «Əsas da cəbhə bölgəsində yaranmış situasiyayla  bağlı böyük ehtimalla yenə fikir mübadiləsi olacaq»

Artıq bəlli olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə gəlir. Onun səfəri iki gün sürəcək. Səfər çərçivəsində Ərdoğan BMT Sivilizasiyalar Alyansının VII Qlobal forumunda iştirak edəcək. Sözügedən forum aprelin 25-27-si tarixlərində keçiriləcək.

Türkiyə prezidentinin Bakıya səfəri  iki dəfə əngəllənib. Lakin prezidentlərin görüşü Türkiyədə baş tutub. Maraqlıdır, Ərdoğanın səfərində  sözügedən forumda iştirakdan əlavə, daha hansı məsələlər müzakirə olunacaq?

elxan-shahinoglu

Politoloq Elxan Şahinoğlu söyləyir ki, Ərdoğan həmin toplantıda iştirak üçün ölkəmizə gəlir. Doğrudur, son zamanlar bu səfərin baş tutmasına terrorçular mane olublar. Politoloqun fikrincə, Türkiyə prezidentinin Bakıya səfərinə kimsə mane olmayacaq:

“Terrorçular onsuz da məqsədlərinə çata bilmirlər. Iki ölkənin prezidenti harda olsa görüşüb fikir mübadiləsi aparırlar. Iki ölkə arasında mövcud məsələlər var. Iqtisadi, ticarət əlaqələrinin geniş inkişafı, layihələrin reallaşmasında son durum, TAP, TANAP, Bakı-Tiflis-Qars layihəsinin tamamlanması və digər məsələlər ətrafında fikir mübadiləsi olmalıdır. Əsas da cəbhə bölgəsində yaranmış situasiyayla bağlı böyük ehtimalla yenə fikir mübadiləsi olacaq. Düşünürəm ki, iki ölkə arasında nəhayət ki həllini gözləyən bir məsələ var. Bu da yoluna qoyulmalıdır. Həmin məsələ də viza məsələsidir. Çünki Türkiyə rəsmiləri hər dəfə Azərbaycana gələndə deyirlər ki, viza məsələsinin hələ də qalması iki dövlət arasında strateji müttəfiqliyin ruhuna  uyğun deyil. Düşünürəm ki, bu məsələni həll etmək lazımdır. Doğrudur, bu halda hakimiyyət ehtiyat edir ki, bu məsələdə Iran da eyni tələblə çıxış edəcək. Qoy etsin, ölkəmizdə turizmin inkişafı vacibdirsə, Irandan və Türkiyədən gələn insanlar ölkəmizə rahat gələ bilsinlər. Əslində, bu, Azərbaycan üçün də xeyirlidir”.

Nigar