Hakimiyyətin dostundan separatçı təklif

jirinovski-bakiJirinovskinin «arzu və istəkləri»nə niyə münasibət bildirilmir?

Hökumətimizin dostu, türklərin düşməni, bir müddət əvvəl Bakıda təmtəraqla qarşılanan Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yenə də özünəməxsus açıqlamalar verib. Jirinovski də etiraf edib ki, Rusiya erməniləri müdafiə edir və Qarabağ münaqişəsinin həlli yalnız Rusiyanın qərarından asılıdır:

“Bu konflikti nə Minsk Qrupu, nə fransızlar, nə amerikalılar həll edəcəklər. Məsələ ilə bağlı yekun qərarı yalnız Rusiya prezidenti qəbul edə bilər. Rusiya bu regionda həmişə farslarla, türklərlə savaşıb, həmçinin erməniləri müdafiə edib. Azərbaycanı biz almamışıq. Onu bizə Iran şahı rus səfirinin öldürülməsinə qarşı kompensasiya olaraq verib. Biz Azərbaycanı fəth etməmişik. Azərbaycan və Ermənistan Rusiyanın tərkibinə qayıtmalıdır, əks təqdirdə onlar daha 1000 il belə savaşacaqlar. Əgər Moskva Qarabağı Ermənistana vermək haqqında qərar qəbul etsə, Azərbaycan Türkiyə ilə hərbi müqavilə bağlayacaq və türk hərbi bazaları Dağıstan sərhədində peyda olacaqlar. Dağıstan da həmçinin türkdilli ölkədir. Dağıstan əldə olunsa, bütün Şimali Qafqazda onların təsiri artacaq. Sosialist inqilabına qədər onsuz da burada hər kəs türkcə danışırdı. Türkiyəyə imkan vermək lazım deyil ki, Azərbaycanı öz yanına çəksin. Biz Kürdüstanın yaradılmasını dəstəkləyib, Qərbi Ermənistandakı erməni torpaqlarını geri qaytarmalıyıq. Belə olsa, Qarabağ məsələsi dərhal həll olacaq. Bu 21-ci əsrin ortalarının məqsədidir. Türkiyəyə hər kəs – ruslar, bolqarlar, kürdlər, yunanlar, iraqlılar nifrət edirlər. O, hər kəsə maneə yaradır. Onlar köçəridirlər və Orta Asiyaya geri qayıtmalıdırlar” – deyə Jirinovski bildirib.

Bildiyiniz kimi Jirinovski hər dəfə açıqlama verəndə hökumətimizin sözçüləri onun qeyri-ciddi adam olduğunu vurğulayırlar. Bu arqumentlə əsas sualdan yayınmaq məqsədi güdürlər. Amma daha bu sözü deyə bilməyəcəklər. Çünki, Jirinovski Bakıda ən ciddi siyasi lider kimi qarşılandı və ölkə başçısının qonağı oldu. Eyni zamanda dəflərlə vurğulanıb ki, rəsmi Moskva birbaşa deyə bilmədiklərini Jirinovskinin diliylə deyir. Yəni, Jirinovskinin dedikləri əslində Rusiyanın ürəyindən keçənlərdi.

Ona görə də bu dəfə hökumətimiz Jirinovskinin dediklərinə ciddi münasibət bildirməlidir. Əvvəla, bu adam etiraf edir ki, Rusiya erməniləri dəstəkləyir və Qarabağ münaqişəsinin həllinə mane olan da Rusiyadır. Indi Putindən medal alanlar, Qərbi yıxıb-sürüyənlər jest etməlidilər. Göstərməlidilər ki, onlar üçün milli maraqlar önəmlidir, ermənipərəstlərə qarşı amansızdılar.

Eyni zamanda Jirinovskinin Azərbaycanı yenidən əsarətə salmaq təklifinə reaksiya verməlidilər.

Əli Kərimlinin evinin qarşısında şüvən salanlar və onları təlimatlandıranlar Rusiya səfirliyi qarşısında şəbeh çıxarmalıdılar. Azərbaycanın müstəqilliyən tamah salmış Rusiyaya həddini bildirmək lazımdır. Hətta Siyavuş Novruzovun rəhbərliyi altında Jirinovskinin evinin qarşısında aksiya da keçirmək olar.

Təbii ki, bütün bunlar baş verməyəcək. Hökumət yenə də kar, kor, lal olacaq. Rusiyanın məkrli niyyəti bəlli olsa da 5-ci kalon Putin rejimini mədh etməkdən çəkinməyəcək.

Ən maraqlısı isə budur ki, Azərbaycanın əleyhinə olan hər kəsin yanında bizim hökumətimiz peyda olur.

Məsələn, Vatikan qondarma erməni soyqırımını tanıyır, amma Azərbaycan hökuməti Vatikanda xarabalıqları abad edir. Serbiya qondarma soyqırımı tanıyır, Azərbaycan hökuməti orda xeyriyyə layihəsi həyata keçirir. Jirinovski türkləri təhqir edir, Azərbaycan adlı ölkənin olmadığını bildirir, amma hökumət onu bəh-bəhlə Prezident Aparatına dəvət edir. Rusiya Qarabağın qarşısında sədd çəkir, amma Azərbaycan hökumətinin nümayəndələri Putindən “dostluq” ordeni alır, bu ölkənin maraqlarından çıxış edir.

Sanki, hökumətimiz bizi sevməyənləri sevmək öhdəliyi götürüb.

Bir sözlə, Jirinovski Rusiyanın arzu və istəklərini bəyan etdi. Indi növbə analoqsuz hökumətimizindir, onlar da öz arzularını dilə gətirsinlər.

İlham