Millət vəkillərinin (MV) biznes sinifdə uçmasından imtina etməsi ilə dövlət büdcəsində ezamiyyə xərclərini azı 2.5 dəfə azaltmaq mümkündür, iqtisadçılar deyir.
“Məsafə və uçus saatından asılı olaraq ekonomla biznes sinif uçuşları arasında qiymət fərqi 3 dəfəyə yaxındır və burda on milyonlarla manatdan söhbət gedir”, iqtisadi təhlilçi Vüqar Bayramov belə hesab edir.
2016-cı ildə Milli Məclis və onun aparatının saxlanması üçün büdcədən 22 milyon 694 min 934 manat ayrılıb. Parlamentin cari ildəki ezamiyyə xərcləri 1 milyon 110 min manat təşkil edir.
Bəzi MV-lər bunu “ciddi müzakirələrə ehtiyacı olmayan məsələ” kimi qəbul edərək qənaəti başqa sahələrdə axtarmağı üstün tutur.
Sabiq millət vəkili isə düşünür ki, millət vəkilləri “seçilmiş adamdır” və bu üstünlükdən istifadə etməlidir.
“Diskriminasiya”
Parlament üzvlərinin 5 il müddətinə seçilməsini nəzərə alaraq iqtisadçı Vüqar Bayramlının apardığı hesablamalara görə, bu illər ərzində millət vəkillərinin ekonom sinfində uçması büdcəyə miyon manatlarla qənaət edəcək.
“Azərbaycan Dövlət büdcəsinin qənaət paketlərinə səs verən deputatlar eyni zamanda vergi ödəyicilərinin pulu hesabına uçuşlarda biznes klasdan istifadə etmələrinin qadağan edilməsini də dəstəkləməlidirlər”, Vüqar Bayramlı deyir.
İqtisadçı düşünür ki, seçiçilərin vergi ödənişi sayəsində formalaşan büdcədən istifadə edərək onlardan ayrı, biznes sinfində uçmaq “diskriminativ xarakter daşıyır.”
MDB ölkələrinin əksəriyyətində MV-lərin biznes sinfində uçma təcrübəsinin olmadığını deyən təhlilçi fikirləşir ki, Azərbaycan parlament sədri və nazirlər bu siyahıda istisnalıq təşkil edə bilər.
“Qırğızıstan parlament sədri belə ekonom sinfində uçur. Onlarda aparat rəhbərləri, nazir müavinlərinin biznesdə uçma təcrübəsi yoxdur”, təhlilçi Azərbaycanın millət vəkillərinin dövlət büdcəsi hesabına biznes sinifdə uçan nadir ölkələrdən biri olduğunu vurğulayır. (BBC azeri)