Ukrayna azərbaycanlılarından Əli Kərimliyə dəstək

alikarimli-mitinqde“Ukraynada yaşayan azərbaycanlılar olaraq hakimiyyətin Əli Kərimlinin evi qarşısında təşkil etdiyi düşük kampaniyaya nifrət və ikrah hissi ilə yanaşırıq”.

Bu bəyanatı redaksiyamıza Ukraynada yaşayan azərbaycanlılar adından Yalçın Qəhrəmanoğlu göndərib.

Bəyanatda deyilir ki, Əli Kərimli Azərbaycanın yetişdirdiyi parlaq ziyalılardan biri, ölkənin gerçək siyasi müxalifət lideridir.

“Normal, ağlı başında olan bir hökumət müxalifət düşərgəsi və liderlərinə millətin potensialı kimi yanaşmalı və onlara sayğı göstərməyə borcludur. Yalnız özünün avtoritar təfəkkürünün məntiqi ilə milləti arzuolunmaz proseslərlə üzbəüz qoymaq istəyən hakimiyyət daxili siyasi müxalifətlə bu cür barbarlıqla davrana bilər. Bu cür aksiyalar yalnız hakimiyyətin mahiyyətini göstərmir, həm də ölkənin imicini ləkələyir”, – deyə sənəddə qeyd olunur.

Bəyanat müəllifləri hesab edir ki, hakimiyyətin AXCP liderinə qarşı təşkil etdiyi kampaniya heç düşmənçiliyə də sığmayan hərəkətdir: “Əlbəttə, biz bilirik ki, ölkədə avtoritar rejim var, diktatura bütün sahələri, insanların söz və düşüncə azadlıqlarını da inhisara almaqla özü üçün əbədi hakimiyyət zəmanəti yaratmaq istəyir və bu cür hakimiyyətlər Əli Kərimli kimi siyasi liderləri özünün düşməni elan edə bilər. Axı, hətta düşmənçiliyin də bir hüdudu, çərçivəsi, mənəvi-əxlaqi dəyərləri olmalıdır. Əli bəyə qarşı son təzyiqlər bu göstəricilərin hamısından uzaqdır”.

Ukrayna azərbaycanlıları qeyd edirlər ki, Əli Kərimliyə qarşı son hücumlar onu gözlərdə daha da ucaldır, eləcə də xalqın ona dəstəyini daha da artırır. “İndi hamı hakimiyyətin yaratdığı bu “qarşıdurma”da Əli Kərimlinin nə qədər haqlı olduğunu dərk edir. Biz onu dəstəkləyirik və onun yanında olduğumuzu bəyan edirik”, -deyə müəlliflər bildirir.