Elmar Vəliyev aləmi qarışdırdı

Gəncənin icra başçısı mediaya, içtimai sektora və… Amerikaya hücum etdi

Gəncədə son aylar ərzində yerli televiziya və mətbuat nümayəndələrinə təzyiqlər durmadan artır. Şəhərdə xüsusi bir rejim höküm sürür desək, yəqin ki, bu yeni abu-havanı doyunca canına çəkib, ondan artıq cana doyan gəncəlilər bizi qınamaz. Gəncədə bu rejimi qurmağa çalışan, elə mediaya təzyiqləri bir-başa, açıqca göstərməkdən belə çəkinməyən hazırkı icra başçısı Elmar Vəliyevdir. O, tez-tez şəhər fəallarının yığıncağında, müxtəlif tədbirlərdə açıqca regional tv-lərə və mətbuat nümayəndələrinə göstəriş verməkdən belə çəkinmir. Növbəti belə hədələr fevralın 1-də şəhərin baş planının təsdiqi ilə bağlı keçirilən tədbirdə səsləndirildi.

“TV RƏHBƏRLİKLƏRİNƏ DEYƏCƏM, MÜXBİRLƏRİNƏ TƏPİNSİN”

Belə ki, yığıncağın sonuna yaxın icra başçısı Elmar Vəliyev yerli və ölkə televiziyalarının əməkdaşlarına çəkilişi dayandırmasını və bəzi söhbətlər edəcəyini bildiridi. Söhbət əsnasında E.Vəliyev son günlər Gəncədən hazırlanmış tənqidi TV reportajları yersiz adlandırmaqla yanaşı, iclasda Yevlaxdan qərb zonasına yayımlanan “EL TV”-nin, Gəncənin yerli televiziyalarından biri olan “Kəpəz TV”-nin efir materiallarını məsxərəyə qoymaqdan da çəkinmədi. Üstəlik icra başçısı müxbirlərə göstərişlər verməyə də cəhd etdi. “Mən televiziyaların rəhbərlikləri ilə də danışacağam. Bu nədi? Hamı ağzına gələni danışır, nə gəldi çəkir. O “EL TV”-di nədi? Bir müxbiri var oğlan, yolların buz bağlaması və tədbirlərin görülməməsi haqqında efirə material verib. Mən özüm bilirəm nəyi, necə edirəm! EL TV-nin də rəhbərinə deyəcəm qoy o müxbirlərinə təpinsin. Belə olmaz!” – deyə şəhərin başçısı açıqca tribunadan medianı hədələməkdən çəkinmədi.

“HAMI “GƏNCƏNİN SƏSİ”NƏ ABUNƏ OLMALIDIR!”

Çıxışında icra başçısı idarə və təşkilat rəhbərlərinə də göstəriş verməyi unutmadı. Növbəti göstəriş də mediaya ilə bağlı idi. Lakin bu dəfə o məmurlara, dövlət orqanlarının nümayəndələrinə Icra Hakimiyyətinin orqanı olan “Gəncənin səsi” qəzetinə abunə olmağın məcburuliyini çatdırırdı.  “Sabahdan hamınız “Gəncənin Səsi” qəzetinə abunə olursunuz, öz xoşunuzla. Hələ ki xoşluqladı, deyirəm ki, abunə olasınız”-deyən E.Vəliyev abunə olmayanların qəzetdə karikaturasının çəkiləcəyini və tənqid olunacağını da bildirib.

“7 DINI ICMANIN QEYDIYYATINI LƏĞV ELƏTDIRMIŞƏM”

Şəhərin gündəmindəki aktual məsələlərdən danışdığını vurğulayan Icra Hakimiyyətinin başçısı Gəncəyə rəhbərlik etdiyi vaxtdan 7 dini icmanın qeydiyyatını ləğv etdirdiyini və bunların xristian yönümlü icmalar olduğunu bildirdi. Dəfələrlə islam dini rituallarının həyata keçirilməsinə, məscidlərə təzyiqlər göstərməkdən çəkinməyən, şəhər müsəlmanlarının da əlindən dad etdiyi Elmar Vəliyev xristian icmalarına qənim kəsilməsini Gəncənin İmam Hüseyn şəhəri olması ilə əlaqələndirdi: “Gəncə İmam Hüseyn şəhəridi. Bizə başqa dinlər lazım deyil. Biz buna imkan verməyəcəyik. Hərə ağlına nə gəldi danışır, “Yahoya şahidləri”, “Adventistlər” və başqaları. Heç biri faəliyyət göstərməməlidir! Biz müsəlmanıq”.

XÜSUSİ MƏLUMATLAR AÇIQLANIB

Elmar Vəliyev açıq şəkildə fərdlərin dini etiqad azadlığına müdaxiləyə də cəhd edib. Iclasda əlindəki siyahı ilə çıxış edən başçı konkret adlar çəkib, gənclərin müxtəlif dini təriqətlərə inanmasını pisləyib, bununla bağlı siyahını oxuyub. Adları çəkilən gənclərin fəaliyyəti, oxuduqları təhsil müəsissələri və iş yerləri haqqında dəqiq məlumatlar səsləndirib. Bütün bu insanların onların nəzarətində olduğunu bildirib. Şəhərin Gənclər və İdman Baş İdarəsinin, Təhsil İdarəsinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliklərinə adları çəkilən şəxslər haqqında tədbir görülməsi tapşırığını verib. Gənclərə nəzarəti gücləndirməyi və müxtəlif dini təriqətlərə yönlənməmələri üçün daim nəzarətin vacib olduğunu qeyd edib.

“BIZƏ AMERIKA ŞIRKƏTLƏRI LAZIM DEYIL!”

Gəncənin başçısı daha sonra şəhərdə fəaliyyət göstərən xarici şirkətlərin missionerlik fəaliyyəti ilə də məşğul olduğunu, lakin buna imkan verilməyəcəyini deyib. Gəncədə fəaliyyət göstərən “Yaxşı Qonşu”, “S and P Training” şirkətlərinin Amerika və ingilislərə məxsus olduğunu və aidiyyatı üzrə çalışmadığını bildirib.
“Bizə Amerika şirkətləri lazım deyil! Biz onların ölkəsində bir iş görə bilirik ki, onlar da burada rahat iş görsünlər?! Mən bilirəm, hamısı missionerdilər” – deyən, şəhərin rəhbəri adıçəkilən şirkətlərin fəaliyyətinə nəzarət olunması və onların kurs, seminar və tədbirlərinə gənclərin qatılmaması üçün idarə rəhbərlərini ayıq-sayıq olmağa da çağırıb. “Hamı qulağını açsın, yaxşı eşitsin! Mənim hər şeydən xəbərim var. Adlarını çəkdiyim şəxslər haqqında da tədbir görün! Belə biyabırçılıq olmaz!”-deyə xəbərdarlıq edən E.Vəlyev onun icazəsi olmadan heç bir fəaliyyətin mümkün olmayacağını da tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Elmar Vəliyevin təhdid, hədə, eyni zamanda xeyli informativ çıxışından belə bəlli olur ki, ya vəziyyət çox kritikdir, ya da şəhərin yeni rəhbərliyi bu cür məsələlərlə bağlı praktikadan xəbərsizdi. Çünki onun dili ilə desək, şəhərin gündəmindəki aktual məsələlərə dair açıqladığı bu məlumatlar, hesabatdan daha çox xüsusi xidmət orqanlarının məlumatlarına bənzəyir.

Təhminə Tağızadə