Yaxud, medallı redaktorun acı məğlubiyyəti
İlham Hüseynli
Biz əbədi həyatla mükafatlandırılmamışıq. Onsuz da ölüm hamını tapacaq. Təəssüflər olsun ki, bəzi adamlar hər gün özlərini öldürməklə məşğuldular. Cəmiyyətin nifrəti, qəzəbi, lənəti bu adamları dayandıra bilmir. Yalan danışmaq, böhtan atmaq, günahsız insanları ləkələmək belə adamlarda kompleks yaratmır. Tam səmimi deyirəm, bu adamlara yazığım gəlir, insan övladının bu vəziyyətə düşməsi məni üzür.
Bugünlərdə medallı redaktorun bir yazısını oxudum və yenə də təəssüf hissi məni bürüdü. Keçmiş müxalifətçi yenə də ilhama gəlib və Milli Şuranın süfrəsindən “reportaj” hazırlayıb. Öz aləmində Milli Şura barəsində kompramat tapıb. Eldəniz Quliyevin boşluğa xətlər çəkməsi, Rafiq Manaflının qələmlə oynaması, Gültəkin Hacıbəylinin telefonuna baxması, Cəmil Həsənlinin nəsə yazması, Əli Kərimlinin müşahidə aparması, süfrədəki tort yeyilmiş boşqablar, qaşıqlar, stəkanlar medallı redaktorun son ümidinə çevrilib və bu mənzərəni “iflasın fotosu” kimi təqdim edib.
Bu adam elə vəziyyətə düşüb ki, Milli Şura rəhbərliyinin oturduğu süfrədəki boşqaba atılmış kağızdan da imdad umur.
Öz keçmişinin, əqidəsinin, mübarizəsinin üstündən qalın xətlər çəkmiş adam, Eldəniz Quliyevin kağız parçasına çəkdiyi xətləri “böyük tapıntı” hesab edir.
Tərcümeyi-halını tünd qara rəngə boyamış redaktor, Rafiq Manaflının qaraladığı kağız parçasına müştəri düşüb.
Hökumətin ənamlarına acgözlüklə baxan adam, Gültəkin Hacıbəylinin telefona baxmasından arqument düzəltməyə cəhd edir.
Ruhuna “toy” tutmuş, şeytanın siyahısı üzrə işləyən redaktor, Cəmil Həsənlini “yas yerində siyahı yazan kənd müəllimi” kimi təqdim edir.
İçindəki insani keyfiyyətləri sürətlə çökdürən adam, Əli Kərimlini müxalifəti çökdürməkdə ittiham edir.
Biabırçılıq, kağız parçasının boşqaba atılması deyil, insanlığı kağız kimi büküb, rejimin boşqabına atmaqdır.
Gördüyünüz kimi, medallı redaktor Milli Şura rəhbərliyinə “analoqsuz kompramat” düzəldib. Bu adamları satqınlıqda, oğurluqda, qorxaqlıqda, prinsipsizlikdə ittiham edə bilməyib. Axtarıb, arayıb, tər töküb və tort yeyilmiş boşqabdan başqa heç nə tapa bilməyib.
Əslində, medallı redaktorun çirkli boşqabdan başqa heç nə tapa bilməməsi, o fotodakı insanların tərcümeyi-halının təmiz olmasının göstəricisidir.
Bəli, medallı redaktor əslində şərəfli ömrün, kişiliyin, mərdliyin, mübarizliyin fotosunu tapıb. Fotonun müxtəlif hissələrini böyütməklə, özünün nə qədər kiçildiyini nümayiş etdirib.
Bu foto zamanla yarışanların məğlubiyyətini deyil, zülmlə savaşanların qalibiyyətini göstərir. Bəli, bu qədər təqib, təzyiq, basqı bu adamları yolundan sapdırmırsa, mübarizə əzmini öldürə bilməyibsə, deməli bu mənəvi qələbənin fotosudur.
Birdə ki, rejimlə savaşda “ağ bayraq” qaldırmış adam, zamanla yarışanları mühakimə etmək iqtidarında deyil. Həm də acı məğlubiyyətə düçar olmuş adam , şirin tort yeyənlərin fotosuna qiymət verməkdə acizdir.