Cəmiyyət sağlam olarsa…

saadet-cahangir-koseSəadət Cahangir

Insan azadlığı və insan dəyəri olmayan cəmiyyətlər ona görə qorxuludur ki, onlar həmin ölkədəki bütün sağlam damarları sıradan çıxarır. Cəmiyyətin əsas “qida mənbəyi” olan  təhsilli, zəkalı, bacarıqlı, çalışqan, istedadlı insanlar bu qeyri-münbit mühit üzündən həyatın dibinə yuvarlanıb gedir. Əlbəttə, sadə bir gerçək var. Fikrinə və ağlına ehtiyac duyulmayan alim, bacarığı dəyərləndirilməyən ixtiraçı, zəkası qiymətləndirilməyən intellektual o mühitdə hansı möcüzələr yarada bilər ki? Hansı böyük uğurların, tapıntıların, kəşflərin altında imzası ola bilər bu insanların? Bu şərtlər altında istisnalar belə istisna olunmurmu? Belə boz-bulanıq yerdə istedadın və intellektin üzünə kim baxacaq, kitabını kim oxuyacaq, fərqini kim anlayacaq? Xəstə cəmiyyətlərdə sağlam düşüncələrin yaşaması və inkişafı ən çətin məsələ deyilmi? Nə qədərini bacaracaq belə qaranlıq mühitlərdə həmin fikir və yaradıcılıq adamları? Nə qədər uzağa gedə biləcək, potensialını hara qədər reallaşdıra biləcək, açıq bir sual deyilmi?..

Şəksiz ki, sağlam düşüncələrin çiçəklənməsi üçün ən əvvəl sağlam mühit lazım. Belə mühit nəinki sağlam ideya və fikirlərə yol açır, fiziki əngəlli insanların belə özünü gerçəkləşdirməsi üçün böyük stimul olur. Ötənlərdə autizm xəstəsi olan bir türk gəncin hekayəsini oxumuşdum. Demək, 1994-cü ildə Hatayda doğulan Buğra Çankırın 3 yaşında autizm xəstəsi olduğu aşkar edilib. Amma addım-addım da uşağın qeyri-adi bacarıqları üzə çıxıb. 4 yaşında kəlmələrin anlamını bilmədən oxumağı öyrənib. Hələ də danışıqda və münasibət qurmaqda problemləri olan Çankır Hatay Bədii Gözəl Sənətlər Liseyi Musiqi bölümündə akademik təhsil almaqdadır. 2004-cü ildə Buğranın musiqi aləmində “mütləq qulaq” (absolute pitch) adlandırılan və milyonda bir insanda rastlanan musiqi dahiliyi üzə çıxıb. Istənilən musiqi alətindən və ya başqa mənbədən gələn səsi nota alma bacarığı ilə o, Kaliforniya Universitetinin hazırladığı “absolute pitch” testində yüksək göstərici qazanıb. Dünyada bu günə qədər həmin testi keçə bilən 664 şəxsdən biri və ən kiçik yaşda ən yüksək xal yığan şəxs olub. Sınağa görə 36 xaldan 23,5 xal almaq “mütləq qulaq” bacarığı kimi qəbul edilməyə yetir. Buğra isə bütün göstəricilər üzrə 36 xal yığaraq, ən yüksək pillələrdən birində yer alıb. 2006-cı, 2008-ci illərdə Kembric Universiteti Autizm Araşdırma Mərkəzi təşkil etdiyi xeyriyyə konsertinə dəvət alan 12 autizmli musiqiçidən ən kiçiyi olan Çankır Ingiltərədə “West Road Concert Hall” və “The Savoy Theatre”də səhnəyə çıxıb…

Əlbət ki, Buğra kimi istedadlar bütün ölkələrdə, bütün cəmiyyətlərdə doğulur. Sadəcə, onları vaxtında görən, fərq edən və haqq etdiyi yerə daşıyan insanlar lazım. Dəyərin, bacarığın, ədalətin düzgün şkala ilə ölçülmədiyi bir yerdə hardan çıxacaq o insanlar? Çıxsa belə, kim imkan tanıyacaq onların qol-qanad açıb dəyərləri önə çəkməsinə? Axı qeyri-sağlam güclərin hökm sahibi olduğu cəmiyyətlərdə ən çox qorxulan şey azad düşüncələrin və yaradıcıların qazanmasıdır elə. Niyəsini şərh etməyə ehtiyac yox yəqin ki. Mənən naqis olanlar çevrələrini sağlam və güclü istəməzlər. Hər şeyin və hər kəsin özlərinə bənzəməsinə çalışarlar…