z qaralov

Zakir Qaralov Şirzad Abdullayevlə bacarmır?

z qaralovAğdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov növbəti dəfə baş prokuroa Zakir Qaralova müraciət edib. Şəhid atası bu dəfə prokurorlardan şikayət edir. Əli Hüseynov bir surətini də KİV-ə, o cümlədən Azadlıq-a göndərdiyi müraciətində yazır:

“Cənab Baş prokuror, bir şəhid atası kimi sizə bir neçə dəfə müraciət etmişəm və səbirsizliklə cavab gözləmişəm. Şikayətim də İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayevdən idi. O, artıq neçə ildir ki, məni süründürməçiliyə məruz qoyur, oğlumun sahibkarlıq fəaliyyətinə mane olur. Kredit götürmək üçün qarşımıza şərt irəli sürür. Siz də mənim müraciətim əsasında İqtidasiyyat Nazirliyinə neqativ halların araşdırılması ilə bağlı təqdimat göndərmisiz. Lakin 12 aprel tarixində Şirzad Abdullayev mənə özünü təmizə çıxaran “cavab” göndərib. O, özünə arxayındır ki, prokurorluq orqanlarına belə məhəl qoymur. Məsələn, Yasamal Rayon Prokurorluğu Şirzad Abdullayevə ifadə vermək üçün rəsmi bildiriş göndərib. Lakin o, qanunlara, prokuroluq orqanlarına hörmətsizlik edərək ifadə verməyə gəlməyib. Bundan başqa Şirzad Abdullayev prokurorluğun mənim müraciətimlə bağlı araşdırmasına maneə törədir, faktiki olaraq prokurorluğa təzyiq göstərir. Məsələn, “Azəriqazbank” rəhbərliyinin oğluma sahibkar kimi kredit verilməsi barədə qərarı var. Lakin Şirzad Abdullayevin şərtini yerinə yetirmədiyinə görə oğluma kredit vermirlər. Məhz Şirzad Abdullayev “Azəriqazbank” rəhbərliyinə göstəriş verib ki, oğlumun sənədləri Fonda göndərilməsin. Çünki bu sənədlər Fonda göndərilsə artıq oğluma kredit vermək məcburiyyətində qalacaq. Həmin bu sənədlər cinayət işinin başlanması üçün əsas sübutlardan biridir. Yasamal Rayon Prokurorluğu bu sənədləri əldə etmək üçün 28 yanvar 2016-cı il tarixdə “Azəriqazbank”ın rəhbərliyinə rəsmi sorğu göndərib. Lakin bu günə qədər prokurorluğa nə cavab verilib, nə də sənədlər göndərilib.

shirzad-abdullayev

Cənab Baş prokuror, Şirzad Abdullayev Yasamal prokurorluğunun iki rəsmi məktubuna məhəl qoymursa, prokurorluq orqanlarına təyziq edirsə, belə nəticəyə gəlmək olur ki, prokurorluq onunla bacarmır. Mən şəhid atası kimi sizdən xahiş edirəm ki, müraciətimlə bağlı bir qərar verəsiniz. Bundan sonra mən bu məsələ ilə bağlı prezidentə də müraciət edəcəyəm.

Cənab baş prokuror, mən Sizin ədalətinizə inanırdım. Sizə Heydər Əliyevin ruhuna and vermişdim. Amma nədənsə işə ədalətsiz yanaşılır”.