Məmurlara qonşu ölkəyə investisiya yatırmaq tapşırılıb
Azərbaycan hakimiyyətinin yuxarı səviyyələrində məmurlara Gürcüstanda biznes qurmaq tapşırılıb. “Azadlıq”a verilən məlumatlara görə, məmurlara bildirilib ki, qısa zaman kəsiyində Gürcüstan iqtisadiyyatının əhəmiyyətli hissəsini nəzarətə götürməlidirlər.
Artıq əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov, ARDNŞ prezidenti Rövnəq Abdullayev və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov kimi oliqarx məmurlar Gürcüstana iri yatırımlar qoyublar. Nəqliyyat naziri Ziya Məmmədovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və digər iri oliqarxların da Gürcüstana “biznes hücum” təşkil edəcəyi bildirilir.
Ekspertlər hakimiyyətin Gürcüstan iqtisadiyyatına marağını iki səbəblə izah edirlər. Birinci, hakimiyyət demokratik Gürcüstanı özündən asılı vəziyyətə salmağa çalışır. Bu ona demokratiya ilə bağlı Gürcüstandan gələ biləcək “təhlükəni” önləmək üçün lazımdır. Ikinci, Əliyev iqtidarında təmsil olunanlar sadəcə bizneslərini Gürcüstana köçürür. Bu isə pullarını gələcək üçün qorumaqdan ötrü edilir.
Informasiya şöbəsi


