Ali Məhkəmə də Seymur Həzini həbsdə saxladı VİDEO

seymur hezi

Jurnalist öz məhkəməsində iştirak etmək istəsə də, buna imkan verilmədi

Seymur Həzinin xəsarət yetirdiyi iddia olunan adam əslində əvvəlcədən öyrədilmiş adamdır. O, Seymur Həziyə yaxınlaşıb deyib ki, ”niyə “facebook”da yazdığım mesajlara cavab vermirsən?” Halbuki, adamın “facebook” sosial şəbəkəsindən, ümumiyyətlə, anlayışı yoxdur. Məhkəmədə “facebook” hesabını belə, deyə bilmədi”. Bunu “Azadlıq” qəzetinin siyasi şərhçisi, “Azərbaycan saatı” televiziya proqramının aparıcılarından Seymur Həzinin vəkili Adil Ismayılov dünən Ali Məhkəmədə çıxışında deyib.

17 saylı cəzaçəkməəssisəsində saxlanılan Seymur Həzi özü də kassasiya şikayətinə baxılarkən məhkəmədə iştirak etmək istəyirdi. Vəkili də hələ martın 18-dəə baxan hakim Ilham Cəfərova bu haqda məktub göndərmişdi. Buna baxmayaraq, məhkəməyə jurnalistin özünü gətirməmişdilər.

Adil Ismayılov bu məsələni qaldırarkən hakimin əsaslandırması belə olub ki, gərək vəkil yox, Seymur Həzi özü müraciət edəydi. Vəkil bildirib ki, Seymur Həzi özü də müraciət etmək istəyib, lakin onun müraciətini cəzaçəkməəssisəsindən göndərməyiblər.

Məhkəmə kassasiya şikayətinə özünün iştirakı olmadan baxılmasına qərar verib.

Adil Ismayılov çıxışında Seymur Həzinin həbsinə səbəb olan hadisənin faktiki halları barədə məlumat verib. Qeyd edib ki, Məhərrəm Həsənov adlı şəxs Seymura yaxınlaşıb, ona yazdığı mesajlara cavab vermədiyini irad tutaraq, vurmağa başlayıb: “Qəribədir ki, bu işdə Məhərrəm Həsənova da xuliqanlıq ittihamı verilib. O, xuliqandırsa, deməli, onun etdiklərinə qarşı olan hərəkət – Seymurun addımı özünümüdafiədir”.

Adil Ismayılov Seymur Həzinin günahsızlığı ilə yanaşı, onun cəbhə bölgəsində zabit kimi qulluq etdiyini də məhkəmənin diqqətinə çatdırıb. Vəkil çıxışının sonunda jurnalistə bəraət verilməsini xahiş edib: “Bəraət istəyirəm, amma Azərbaycan reallığını da başa düşürəm. Xahiş edirəm, onu azadlığa buraxasınız”.

Seymur Həzinin digər vəkili Fəxrəddin Mehdiyev onu “demokratik mətbuatın ən parlaq nümayəndələrindən biri” adlandırıb. Qeyd edib ki, Seymur Həzi dəyərlərə, prinsiplərə sadiq şəxsiyyətdir və buna jurnalist fəaliyyətində də əməl edir: “Yerli və beynəlxalq ictimaiyyətin ona etimadı var. Təsadüfi deyil ki, Seymur Həzi ”vicdan məhbusu” adlandırılır. Xahiş edirəm, onun azadlığa buraxılması barədə qərar qəbul edəsiniz”.

Ilham Cəfərovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını elan edib.

Jurnalistin işi Avropa Məhkəməsinə gedir

Vəkil Fəxrəddin Mehdiyev “Azadlıq”a açıqlamasında bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət ərizəsi göndəriləcək: “Təəssüf ki, kifayət qədər bəraətverici əsaslar göstərilməsinə baxmayaraq, məhkəmə kassasiya şikayətini təmin etmədi. Müdafiə tərəfi olaraq, məhkəmənin hökmünün qanunsuz, əsassız və ədalətsiz olduğunu düşünürük.

Seymurun barəsində həbs-qətimkan tədbirinin seçilməsilə bağlı şikayət artıq Avropa Məhkəməsinə göndərilib. Ali Məhkəmənin qərarını əldə edəndən sonra bu iş üzrə də şikayəti göndərəcəyik. Seymur Həziyə münasibətdə Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququna təminat verən 6-cı maddəsi pozulub. Əməlində cinayət tərkibi olmadığı halda, sübutlar saxtalaşdırılmaqla həbs olunub və barəsində hökm çıxarılıb.

Haqq olsaydı, Seymurun orada nə işi vardı?!”

Jurnalistin atası Məşgül Həziyev deyir ki, Azərbaycandakı reallığı nəzərə alaraq, məhkəmənin ədalətli qərar çıxaracağı ilə bağlı əvvəlcədən gözləntisi yox idi: “Ədalət olsaydı, əvvəldən belə olmazdı. Bu quruluşda, bu hökumətdə, bu boyda məhkəmə binasının içində ədalətli bir şəxsiyyət yoxdur”.

Anası Qızqala Həziyeva bildirib ki, Seymur hələ əvvəlcədən ona bu məhkəmədən də ədalət ummamağı məsləhət görüb: “Hakimlər də hökumətin dediyi ilə oturub durdu. Haqq yoxdur, haqq olsaydı, mənim oğlumun orada nə işi vardı?! Ali məktəb bitirmiş, döyüş bölgəsində hərbi xidmət keçmiş oğlanın orada nə işi var?! Ümidlərimizi Ali Məhkəmə sıfra endirdi…”

“İnanın, növbə sizə də çatacaq…”

Jurnalistin vəkili Adil Ismayılov məhkəmənin qərarı ilə bağlı fikirlərini “facebook” səhifəsində paylaşıb:

Bu gün Ali Məhkəmədə Seymur Həzinin etmədiyi cinayətə görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə verdiyim kassasiya şikayətinə baxılırdı. Zal demək olar ki, boş idi, Seymurun validenlərindən, bir neçə nəfər doğmalarından və iki-üç jurnalistdən başqa heç kim yox idi.

Və… növbəti dəfə gözlərimin qarşısında ədalət mühakiməsi zorlandı, haqqa-ədalətə olan inamım növbəti dəfə tar-mar oldu. “Bu nəticəni gözləmirdim” desəm, səmimi olmaram, amma yenə də möcüzəyə inanırdım, “ümid sonda ölür” deyirlər. Amma boş olan məhkəmə zalına baxdıqca ümidin son qığılcımları da söndü, məhkəmə qərarı isə onun nəfəsini kəsdi.

Insanın gözü qarşısında onun müdafiə etməli olduğu dəyərlərə təcavüz edilməsi, hətta öldürülməsini heç düşmənə də arzulamazlar. Amma illərdir gözlərimizin qarşısında ədalət mühakiməsini zorlayb xüsusi amansızlıqla öldürürlər. Ədalət mühakiməsinin zorlanması, məhv edilməsi isə artıq tək-tək fərdlərin deyil, bütövlükdə toplumun azad yaşamaq haqqının məhv edilməsi həddinə çatıb. Aydındır ki, haqqınızı tələb etmədikcə, ona sahib durmadıqca ona təcavüz edəcəklər. Etmədiyi cinayətə, sadəcə, özünün və bəzən yaxınlarının fərqli düşüncəsinə görə qanunsuz, ədalətsiz məhkum olunan hər kəs və onları müdafiə edənlər bilirsinizmi kimdir? Bu adamlar sözün tam mənasında ədalət mühakiməsi, haqq-ədalət uğrunda mücadilənin qurbanlarıdır. Inanın, növbə sizə də çatacaq və sizi müdafiə edən tapılmayacaq.

Haqqınıza sahib çıxın, onu özünüz qoruyun. Unutmayın, onu sizin əvəzinizə qoruyacaq şəxslərin dairəsi get-gedə daralır”.

***

Xatırladaq ki, Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Ona qarşı CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Məhərrəm Həsənov adlı şəxsə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Seymur Həzi ittihamı rədd edir və hökuməti tənqid edən yazılarına, çıxışlarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.

Aytən Məmmədova