Əhliman Əmiraslanov Abel Məhərrəmova qarşı çıxdı

“İndiki durumda Azərbaycanda hansısa universitetdə tibb fakültəsinin açılması mümkün deyil”. Modern.az saytı xəbər verir ki, bunu Modern.az-a Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov bir müddət öncə Bakı Dövlət Universitetində tibb fakültəsinin yaradılması ilə bağlı qaldırılan məsələyə münasibət bildirərkən deyib.

Rektor qeyd edib ki, tibb fakültəsini açmaq o qədər də asan məsələ deyil:

“Ümumiyyətlə, praktikaya nəzər salın. Özəl universitetlərdə tibb fakultələri açdılar, amma yoxlamalar nəticəsində məlum oldu ki, özünü doğrultmadı və hamısı bağlandı. Bunun üçün ciddi kadr potensialı, texniki təhcizat, klinika olmalıdır.
Ona görə də hesab edirəm ki, indiki durumuda Azərbaycanda hansısa universitetin tibb fakültəsi açması mümkün deyil. Mən bunu ciddi məsələ kimi qiymətləndirə bilmirəm, bu cür iddiaları yersiz hesab edirəm”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bir müddət öncə bildirmişdi ki, BDU-da tibb fakültəsi açıla bilər.
“Dünyada elə bir təcrübə yoxdur ki, ölkədə ancaq bir Tibb Universiteti olsun. Moskva Dövlət Universitetində artıq 10 ilə yaxındır ki, tibb fakültəsi fəaliyyət göstərir. Latviya və Türkiyə universitetləri də BDU kimi klassik universitetlərdir, onlarda da tibb fakültəsi var”.

A. Məhərrəmov qeyd etmişdi ki, BDU-da belə fakültə açılarsa, yalnız tibb işçiləri hazırlanmayacaq.
“Dəqiq və təbiət elmlərini tibb elminin inkişafına yönəltmək, səfərbər etmək arzumuz var. Molekulyar biologiyanı, immunologiyanı, biofizikanı bu istiqamətə yönəltmək üçün əlimizdə zəmin olmalıdır. Tibb elminin inkişafı həkimlərlə bərabər təbiət elmlərinin üzərinə də düşür. Ona görə də belə bir fakültənin açılması vacibdir”-deyə BDU rektoru bildirmişdi.