İkinci Mustafazadə fenomeni

«Caz azadlıq hayqırtısı, qəlbin azadlıq səsidir…»

Yetmişinci illərdə Bakıda bütün musiqi həvəskarları Içərişəhərin dolanbac küçələrindən keçib dalğa-dalğa şəhərin küləkli havasına qarışan yeni caz ritmləri haqqqında danışırdılar. Bu yeni cazı Içərişəhərli, uzun saçlı bir oğlan “kəşf etmişdi”. Muğamla klassik cazı bir-birinə bağlayıb yeni bir çələng hazırlamışdı. Bakının caz həvəskarlarının çevrəsini genişləndirən və bu aləmə fərqli ovqat gətirən caz gənc musiqiçi Vaqif Mustafazadənin bəstələri idi. Cazı Azərbaycan muğamıyla sintez edib gözəl ritmlərə qanad verən bu gənc qısa zamanda məşhurlaşıb ən ünlü caz sənətçilərindən biri kimi tanınmış, amma ömür yolu çox qısa olmuşdu…
Böyük caz sənətçisi vəfatından sonra zəngin irs qoyub musiqi xəzinəmizə. Indi dünya ölkələrini addım-addım dolaşan bu bəstələr onun ömrünün davamı olaraq yaşayır, sevilir, səhnələrdən düşmür. Amma Vaqif Mustafazədəni yaşadan və xatirəsini solmağa qoymayan yalnız onun əsərləri deyil, həm də yolunu davam etdirən musiqiçi övladlarıdır. Indi dünyanın ən məşhur musiqi şirkətlərinin siyahısında ən ilk sıralarda yer alan caz ifaçılarından biridir Əzizə Mustafazadədir. Hazırda Almaniyada yaşayan Əzizə dünyaca məşhur pianoçu və bəstəkardır.
Atası Əzizənin musiqi duyumunu kiçik yaşlarından hiss etmişdi. Əzizə anasının danışdığı bir əhvalatdan bəhs edir: “Bir dəfə atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan ”Şur” muğamını ifa edirmiş. Atam ifa edərkən mən ağlamağa başlamışam. Hər kəs mənim niyə ağladığımı anlamağa çalışarkən, anam bunun musiqiylə bağlı olduğunu sezir. Atama deyir “Vaqif, bir ”Rast”a keç. “Rast”ı çal”. “Rast”ın melodiyaları şən və ritmikdir. Əlbəttə, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqsə bənzər hərəkətlər etməyə başlamışam. Anam deyib ki, “Bax, bax gör o neyləyir!? Yenə ”Şur”u çal!”. Atam “Şur”u çalmağa başlayanda daha ucadan ağlamağa başlamışam. Yenidən “Rast” çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam”.
Vaqif Mustafazadə Əzizənin musiqiçi olduğuna çox inanırdı, bunu dəfələrlə söyləmişdi. Əzizə ilk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxmışdır. Klassik piano təhsilinə kiçik yaşlarında başlayan Əzizə Iohan Sebastyan Bax və Frederik Şopen kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərmişdir.
1979-cu ildə dekabrın 16-da atası səhnədə ürək tutmasından vəfat edəndə Əzizənin 10 yaşı vardı. Bu ağır itkidən sonra anası musiqi karyerasına son qoyur, yalnız qızına dəstək verəcəyinə qərar verir.
“Əsl qəhrəman döyüşdə həlak olur. Onun qiymətini gec də olsa, xalq verir. Necə deyərlər, ”heç olmamasındansa, gec olması məsləhətdir”. Dahi Vaqifi hər zaman xalqı sevirdi. Nə etməli ki, taleyi onunla bir az sərt davrandı. Amma qismən də olsa o layiq olduğu yeri tutub. Qəlbi əsil sənətlə döyünən yenilikçi insanları çox zaman vaxtında dəyərləndirib qəbul etmək istəmirlər. Amma buna baxmayaraq yaradıcı insan sınmır. Atamın səhnədə dünyasını dəyişməsi də təsadüfi deyil. Tarix boyu qeyri-adi istedadı olan yaradıcılara birmənalı münasibət göstərməyiblər. Dünya şöhrətli Bax, Motsart, Şopen öz dövrünün qəbulolunmazlarından idi. Belə insanlar hər zaman əzab çəkiblər. Hətta onlar bu səbəbdən də dünyadan tez köçürlər. Bütün bunlara baxmayaraq, yenə də xalqa təşəkkür etmək lazımdır, çünki xalq hər zaman sənətkarı sevərək qiymətləndirib, qiymətləndirir, qiymətləndirəcək də… Hər zaman çıxış etdiyim səhnələrdə Vaqifi ruhən yanımda hiss edirəm. Ancaq bu günü cismən onunla birgə keçirmək üçün hər şeyimi verərdim. Hətta qazandığım uğurların üstündən xətt çəkməyə belə razıyam. Təki o Vaqif Mustafazadə ucalığının tamaşaçılar tərəfindən bu cür böyük və səmimi sevgi ilə qəbul edildiyinin şahidi olardı…”.
Ən böyük uğur 17 yaşında!
17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik qazanmasında onun caz-muğam musiqisini bilməsi çox böyük rol oynamışdır. Elə həmin vaxtlardan da Əzizə anası ilə Almaniyaya köçmüşdür.
Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. Ikinci albomu “Always” (Həmişə) ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və “Soninin Exo” mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. Sonuncu çıxan albomu “Contrasts” (2006)dır.
Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıtmışdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert vermişdir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirmişdir.
“Günəşli Bakıda hər gün, hər səhər oyanıb Xəzər dənizinə baxmaq məni arzum olsa da, milli-mədəniyyətimizin inkişafı naminə bu arzumdan imtina etmək məcburiyyətindəyəm. Lakin milli mədəniyyəti ölkə-ölkə daşımaq lazımdır. Rəssamları başa düşmək olar, onlar yaratdığı peyzajları digər ölkələrdə sərgiləyirlər. Musiqidə isə hər şey tam fərqlidir. Musiqiçilər o insanlardır ki, ölkəsinin mədəniyyətinə, iri miqyasda təmsil etmək üçün ölkəsindən kənarda yaşamalıdır. Azərbaycan musiqisini dünyaya tanıtmaq istəməsəydim, bəlkə də daima Vətənimdə yaşayıb, sıravi pedaqoq olardım. Bu da mənim üçün bir istiqamətli, cansıxıcı və darıxdırıcıdır. Düşünürəm ki, yaradıcı insan bir yerdə dayanmamalıdır. O, hər zaman axtarışda olmalıdır. Atam sağ olsaydı, mənim Azərbaycanda çalışmamağımı çox dəstəkləyərdi. Çünki o da milli musiqimizin dünyaya inteqrasiyasının tərəfdarı idi”.
Bayrağımızın rənglərini xatırladan caz ritmləri…
Uzun illər xarici ölkələrdə yaşayan Əzizə haqqında Azərbaycanı unutduğunu, öz xalqını bəyənmədiyini söyləyənlər də tapılmışdı. Amma bu söz-söhbət qısa zamanda puça çıxdı. Şöhrətli musiqiçi dünya ölkələrində öz vətəninin musiqisini tərənnüm etməklə onun adını tanıtdırmaqda idi. Hətta onun Xocalı ilə bağlı bəstələdiyi kompozisiya qısa zamanda ölkədən-ölkəyə yayıldı. Müəyyən zamandan sonra Azərbaycanla əlaqələrini kəsmədiyini də sübuta yetirdi. Mətbuatda musiqi karyerası, fəaliyyəti haqqında xəbərlər yayılmağa başladı. Nəhayət, burada konsert verməyin zamanı da yetişdi. Oá, burada heç vaxt öz vətənini unutmadığını, Xəzəri, Qız qalasını, Bulvarı, armudu stəkanda çay içən insanları daim yuxuda gördüyünü söylədi.
“Düzdür, caz azadlıq hayqırtısı, qəlbin azadlıq səsidir. Mən azad nəfəs almağı sevirəm. Azadlıq eşqi ilə yaratdığım musiqilər tünd çəhrayı, göy, sarı, ağ, mavi, qırmızı, yaşıl rəngdədir. Bir növ Azərbaycanımızın bayrağını xatırladır.
“Always” albomum hazırlanan ərəfədə Xocalı ilə bağlı kompozisiyanı lentə aldım. Sözlə ifadə edə bilmədiyim həyəcanımı və yaşadığım ağrını musiqi dili iləá, hətta xəritədə Azərbaycanın yerini tapa bilməyən insanlara çatdırdım. Bu əsəri digər millətlərdən olan musiqiçilərlə birgə hazırladıq. Onlar Azərbaycan dilini bilməsələr də, məhz bu əsər vasitəsi ilə hadisələrin dərinliyinə vardılar. Xocalı dünya musiqisevərləri tərəfindən birmənalı qarşılanmadı. Bu kompozisiya ilə Azərbaycan həqiqətlərini az da olsa, dünya ictimaiyyətinin diqqət mərkəzində saxlaya bilmişəmsə, bu, mənə böyük qürur verir…”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir