İqtidarın “ağıl kəşfi”

“Arif Əsədov ən yaxşı halda, palçıqlı Azərbaycan stadionlarında ”Neftçi”nin çempion olması üçün çalışa bilər. Ondan UEFA Çempionlar Liqasında azacıq nəticə gözləmək, ancaq bizimkilərin “ağıl kəşfi” olar bilər”.

“Bu gün ”Neftçi”nin avrokubok “dəftəri” qapanır” məqaləsindəndir – “Səs” informasiya agentliyi, 19 iyul, 2011-ci il.
Məqalənin dərcindən 11 saat sonra həqiqətən də, “Neftçi”nin avrokubok dəftəri qapandı. YAP-ın doğma agentliyi də möcüzə ehtimalını istisna etmişdi. Iqtidarın alovlu ruporu sayılan “Səs” Azərbaycan futbolu haqda “kənd-kəsək”, “futbol yox, çilingağac”, “məhəllə üslubu” kimi ifadələri işlətdiyindən düşünürəm ki, nəsə əlavə etməyə ehtiyac yoxdur…
“Space” telekanalında əyləşib, “dəftəri qapanmış” “Dinamo” (Zaqreb) – “Neftçi” oyununu canlı olaraq, Azərbaycan tamaşaçılarına şərh edən Elnur Əşrəfoğlunun sifəti hələ də yadımdan çıxmır. Studiyada quraşdırılmış monitorda “Neftçi” futbolçularının ifasında rəzalətə baxa-baxa, “Ilham Əliyevin Azərbaycanı idman ölkəsinə çevirməsi” haqda danışmaq üçün doğrudan da insana sifət lazımdır. Özü də bir yox…
“Neftçi”nin qapısına ardıcıl iki qol vuruldu, ancaq yenə də bu adam Ilham Əliyevlə Rövnəq Abdullayevi tərifləməkdə davam edirdi. Titrlərdə 0:3 hesabını görəndə də Elnur halını pozmadı, keçdi uşaq futboluna göstərilən qayğıya…
Atalarımızın gözəl bir məsəli var: utanmasan, oynamağa nə var ki… Gözəl “müdafiə”dir, uşaq futbolu, uşaq idmanı…
Amma burada da qəribə sual meydana çıxır: 19 ildir bu uşaqlar niyə böyümürlər?
Bu yaxınlarda nəqliyyat nazirinin oğlu Anar Məmmədov Azərbaycanda Qolf Federasiyası yaratdı və onun ilk prezidenti seçildi. Qolf nədir, görəsən?..
Qolfdan bəhs edən bir Hollivud kinosuna baxandan sonra hər şey mənə məlum oldu. Bizim çilingağacdır, gedib Amerikaya, olub qolf. Sizi inandırıram ki, qolfla çilingağac, Gülyaz və Gülyanaq bacıları qədər bir-birinə bənzəyirlər. Hər iki halda, predmet çomağın zərbəsindən sonra lüzaya (çalaya – X.Ə.) düşməlidir. Bizim çilingağac daha zəngin oyun olduğuna görə amerikalılar bizim milli idman növünü 2 yerə bölüblər. Beləliklə, qolfla bərabər, Amerika futbolu da yaranıb. Maraqlansanız, bu fikirlərimin ciddiliyinə bir daha əmin ola bilərsiniz.
Bizi qolfda hansı uğurlar gözləyə bilər? Elnur Əşrəfoğlunun meyarı ilə təxminən 18 il də ancaq uşaq qolfuna göstərilən diqqət və qayğıdan danışmağa başlayacağıq. Sonra məlum olacaq ki, biz qolfu bacarmırıq, xaricdən qolfçu gətirəcəyik, onların məğlubiyyətləri fonunda yenə uşaq qolfuna dönəcəyik. Elnur kimi kadrların əlində bu, heç nədir.
Iki üç gün əvvəl Elnur yenə “Space” telekanalında veriliş aparırdı. Budəfəki verilişə, ötənlərin məşhur futbolçusu Elbrus Abbasovu, əməkdar artist, Musiqili Komediya Teatrının aktyoru Çingiz Əhmədovu və daha bir futbolçunu dəvət etmişdi. Tamaşaçıların stadiona gəlməməsindən gileylənən aparıcı, Çingiz Əhmədovdan “adam kimi oynasınlar, gəlib baxaq” kimi ironik cavabını alınca, hücuma keçdi. Hücum da bundan ibarət oldu: “2012-ci il ”idman ili” elan olunub, inkişaf hər yerdə hiss olunur”. Əlacsız qalan qonaqlar onu pərt etmədilər və… voleybolda(!) həqiqətən də inkişaf olduğunu “etiraf etdilər”.
Voleybolçulara gəlincə, bu məsələdə bütün dünya bizə gülür. Iki gün əvvəl qadınlar arasında milli çempionatın bir oyununu – “Azəryolservis” və “Lokomotiv” klublarının görüşünü izlədim. Himnimiz çalınarkən, bir idmançıdan başqa heç kim ağzını açıb yummurdu. Oyun başlayan kimi, o da ehtiyat oyunçular skamyasında oturdu. 12 nəfər əcnəbi idmançının iştirakı ilə oyun başladı. “Azəryolservis” komandasının heyətində ən aktiv oyunçunun soyadı nə olsa, yaxşıdır? Qurbanova… Adı isə Anastasiya. Bu əsrarəngiz sirri yalnız Cavid müəllim aça bilər. Xatırladaq ki, “Azərreyl” klubunun “vuran əli” Natalyanın da soyadı nəqliyyat nazirinin soyadı ilə eyni idi – Məmmədova. Bir gün Azərbaycan bayrağı altında rinqə çıxan Fidel Heydərov adlı boksçunu görsəniz, heç təəccüblənməyin.
Avstriyadan xizəksürənlər, Efiopiyadan yüngül atletlər, Rusiyadan güləşçi və avarçəkənlər, Koreyadan otüstü xokkeyçi qızlar, Bolqarıstandan bədii gimnastlar, Braziliyadan futbolçular gətirən məmurlara bir sual vermək yerinə düşər: “2012-ci il Azərbaycanda idman ilidir, yoxsa, legionerlər ili?”