Tələbə qız YAP-ın Əli Kərimli aksiyasını necə ifşa etdi?

beAXCP sədri Əli Kərimlinin evinin qarşısında təşkil olunan aksiyalar Azərbaycan cəmiyyətində ikrah doğurur. İnsanlar bu çirkin kampaniyanın təşkilatçılarını və iştirakçılarını lənətləyir. Artıq müxtəlif yollarla bu aksiyaya cəlb olunan şəxslər də ictimai qınağa tuş gəlmək, çirkin oyunda istifadə olunmaq istəmir, buna etiraz edir.

Həmin gənclərdən biri Facebook sosial şəbəkəsində “İsayevin səhifəsi” kimi tanınan səhifədə Əli Kərimliyə qarşı başladılan çirkin kampaniyanı ifşa edib. Həmin gəncin müraciətini təqdim edirik:

Salam, xahiş edirəm bunu paylaşasınız. Adım gizli qalsa sevinərəm. Mən AzDBTİA-da (Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası) təhsil alıram. Beşinci gün axşam zəng ediblər bizim starostaya, deyiblər ki, – “Sabah bütün qrup olsun Heydər Əliyev sarayının önündə”, starosta da bunu whatsApp qrupuna yazıb orada olan uşaqları xəbərdar edib. Mən qrupun whatsApp qrupunda olmadığım üçün, xəbərim olmayıb, getməmişəm. Birinci gün xəbərim oldu ki, Heydər Əliyev sarayı önündə topladıqları uşaqları MƏCBURİ şəkildə aparıblar, Əli Kərimlinin evi önünə və təhdid ediblər ki, mitinqdə iştirak etməsəniz sizə “töhmət” yazılacaq.

Bu gün ikinci saat yenə dekanatlıqdan bir nəfər gəldi dərsdə iştirak edənlərin adını qeyd etdi, soruşduq ki, nə məsələdi, dedi yenə dərsdən sonra olarsınız, Heydər Əliyev sarayının önündə. Bütün uşaqlar etiraz etdiki, bəs biz getmək istəmirik şəkilimiz internetdə paylaşılır, təhqir edirlər zad, dekanatlıqdan gələn adını bilmədiyimiz şəxs dedi ki, kim problem istəmirsə, iştirak etsin bu mitinqdə. Sual verdim:
-Töhmət yazacaqsınız?
– Bəli.
Bu gün dərsdən sonra birbaş gəldim evə. Amma bildiyiniz kimi, iki töhmət ilə məni universitetdən kənarlaşdıra bilərlər. Bu gün artıq mənə töhmət yazıblarsa, sabah o “Əli Kərimliyə etiraz aksiyası”-da iştirak etməli olacam. Universitetdən qovulmamaq üçün. Əminəm ki, orada iştirak edən gənclərdə iqtidar-müxalifət hayında deyillər, sadəcə hamının çəkinən yeri var.