Gəncədə dördüncü bazar yandı (FOTOLAR)

“Gəncə-Bazar” ASC-nin yandırıldığı barədə iddialar var

Bazar ərazilərinin mənimsənilməsi məqsədilə törədilən yanğın hadisələri gəncəlilərə də yaxşı tanışdır. Son illər şəhərdə köçürülməzdən öncə yandırılan bazarların sayı dördə çatdı.

ÜÇ SAAT DAVAM EDƏN YANĞIN

Gəncədə növbəti bazar yanğını fevralın 1-də səhərə yaxın saat 05:50 radələrində baş verdi. Bu dəfə yanan Gəncənin mərkəzində yerləşən “Gəncə-Bazar” ASC idi. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Hamlet Süleymanov bildirib ki, yanğın güclü olduğundan ətraf raylonlardan da (Göygöl,Şəmkir, Samux) köməyə gələn briqadalar olub. Nəticədə bazarın 15 min kvadratmetrlik sahəsinin 2 min kvadratmetrden çox hissəsi tamamilə yanıb. Digər hissəsi isə yanğından mühafizə olunub. Səhər saat 08:00-da yanğın tam nəzarət altına alınıb.

50 MİN MANATDAN ÇOX MALI YANDI

Yanğın əsasən bazarın məişət malları və geyim satılan şöbəsində baş verdiyindən vətəndaşlara xeyli ziyan dəyib. Hadisədən zərər görənlər arasında 20 min manatdan çox malı yanan olub. Vətəndaşların çoxu mallarını banklardan götürdükləri kreditlər hesabına, həmçinin nisyə aldıqlarını bildirirdilər. Ofeliya Rzayeva bütün mallarının yanıb kül olduğunu deyir:
“Təxminən 50 min manatlıq malım məhv oldu. Qəstdən ediblər, deyir dəmirçilər olan şöbədən yanıb, alov gəlib buracan yayılıb. Bu necə olur ki, ordan alov belə tez  niyə gəlib bura çıxsın ki?! Bir də pojarni yox idi onu söndürə?!”.

CAMAAT YENƏ TƏQSİRKAR GƏZİR

Bazarda satış köşkü olan Rəfail Nəsibov onlara çox ziyan dəyməsində yanğınsöndürənləri təqsirkar bilir:
“Gəldim ki, iki yanğınsöndürən maşın gəlib, yanğını söndürmək mükün deyil. Deyirlər, suyumuz yoxdu. Başa düşmək olmur bəs o zaman niyə gəliblər? Mən vedrayla su daşıyıb, bazar söndürməliyəm?!”
Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Hamlet Süleymanov satıcıların maşınlarda suyun olmaması məsələsi ilə razılaşmır:

“Maşınlar saniyyədə 40 litr su vurur, təbii ki, bu da suyun tez bitməsinə səbəb olur. Bazarda belə hallar üçün nəzərdə tutulan su çəni var. Lakin maşınlar ora yaxınlaşa bilmədilər, yolu satış köşkləri bağlamışdı və şəndə su da demək olar ki, yox idi”.

GƏNCƏNİN TEZ ALIŞAN BAZARLARI

Sakinlər bazarın qəsdən yandırılmasını uzun müddətdir ki, şəhər rəhbərliyi tərəfindən onun başqa yerə köçürülməsi ilə əsaslandırırlar. Belə ki, “Gəncə-Bazar” ASC artıq kollektiv tərəfindən özəlləşdirilmiş müəssisə olduğundan buranın işçiləri və satıcılar köçmək məsələsini heç də həvəslə qarşılamırdılar. Daha bir köşk sahibi Leyla Əliyeva isə yanğının baş verməsində bazar rəhbərliyini təqsirkar bilir. O, bu məsələdə rəhbərliyin də əli olduğunu düşünür:
“Mühafizə üçün pul verirəm, bunlar bəs hara baxır? Necə olur ki, yarım saata bu böyüklükdə yer yanıb kül olur? Bunu qəsdən etdilər.”
Hadisə zamanı və ondan sonra da bazarda rəhbərlikdən heç kəs gözə dəymirdi. Hazırda hadisəni Bakı şəhərindən gələn təhqiqat qrupu araşdırdığı bildirilir. Artıq Fövqəladə Hallar Nazirliyi Gəncədə bazarın yanması ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda ümumi sahəsi 15 min kv.m olan Mərkəzi Kolxoz Bazarında yüngül konstruksiyalardan ibarət talvar və altında olan satış piştaxtaları (hər birinin ümümi sahəsi, təqribən, 8 kv.m olmaqla 146 ədəd) 2 400 kv.m sahədə yanıb.
Qeyd edək ki, 50 ilə yaxındır ki, şəhərin mərkəzində yerləşən “Gəncə-Bazar” ASC-nin şəhər rəhbərliyi tərəfindən başqa əraziyə köçürülməsi planlaşdırılır. Bu barədə şəhər fəallarının yığıncağının birində İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. Onun sözlərinə görə bazar üçün Nizami və Kəpəz rayonlarının qovuşacağında 6 hektar ərazi ayrılıb. Yaxın zamanlarda bazarın tikintisinə başlanılacaq.

SON ILLƏRDƏ 5 BAZAR YANĞINI

Gəncə sakinləri köçürülməsi haqqında söhbət gəzən və satıcılarının etirazı ilə qarşılanan bazarların bu cür gözlənilmədən yanğına məruz qalması halına bir növ adətkardə olublar. Uzun müddət Gəncə çayının sol sahilində yerləşən mərkəzi yarmarkada 2006-ci ildə köçürülmə ərəfəsində iki dəfə yanğın baş verdi. Onun yaxınlığındakı «Dubay» Ticarət Mərkəzində isə  yanğın 2007-ci ilin sentyabırında baş vermişdi. Hər iki bazarın satıcıları yeni inşa olunan “Nəhəng Daş” və kənd təsərrüfatı bazarlarına köçürüldü. O zaman da saticilar şəhərin mərkəzindən Yeni Gəncə qəsəbəsindəki «Nəhəng Daş»a köçmək istəmirdilər. Bu etirazlar fonunda 2007-ci ildə daha bir yanğın yeni bazarda – “Nəhəng Daş”da baş verdi. Bu zaman da obyekt sahibləri onlara təzyiq məqsədilə yanğınların qəsdən törədildiyini iddia edirdilər. Baş verənlərdə şəhər İcra Hakimiyyəti və polis orqanlarını günahlandıran sakinlərin daha bir arqumenti isə növbəti yanğının onların əvvəlki bazarlarda törərtdikləri əməlləri ört-basdır etmək niyyəti daşıdığını ilə bağlı idi. Sakinlər bazarlarda bu kimi hadisələrin baş verməsi faktlarının adiləşdirilməsi məqsədi güdüldüyünü iddia edirdilər.

Öncəki bazar yanğınları zamanı cinayət işi qaldırılmamış və kimlərsə məsuliyyətə cəlb edilməmişdir.

Təhminə Tağızadə