Təzyiqlərlə üzləşdiyini bildirən Azərbaycanın məşhur idmançısı, pauerliftinq üzrə Dünya və Avropa çempionu Vüqar Namazov Baş Prokuror Zakir Qaralova müraciət edib.
Bir çox maraqlı faktlar və ittihamların səsləndiyi müraciəti olduğu kimi oxucularımıza təqdim edirik:
“Cənab Prokuror!
Sizə müraciətim üzləşdiyim təzyiqlərlə bağlıdır. Mən 20 ilə yaxındır ki, peşəkar idmançı olaraq fəaliyyət göstərirəm. Ağırlıqqadırmanın pauerliftinq növü üzrə dəfələrlə Dünya və Avropa çempionu və Dünya rekordçusuyam. Nailiyyətlərimə dövlət başçısı cənab İlham Əliyev yüksək qiymət verib. Mənə mənzil hədiyyə edib, «Azərbaycan Prezidentinin Fəxri Diplomu» ilə mükafatlandırıb.
Peşəkar idmançı kimi həyatda ən böyük ideallarım vətənimizin adını beynəlxalq arenalarda ucaltmaqla yanaşı, ölkəmizdə həyata keçirilən idman siyasətinə dəstək vermək olub. Bu məqsədlə Bakının Yasamal rayonu ərazisində Bəsti Bağırova 592 ünvanında «VİTR» adlı ağırlıqqaldırma və fitnes idman kompleksi yaratmışam.
VİTR idman klubunun yerləşdiyi bina «Nur İnşaat» şirkətinə məxsusdur. Bu şirkət isə “Altes Group” holdinqinin tərkibinə daxildir. Mən bu ərazini müqavilə ilə icarəyə götürüb və klubun tamamilə ərsəyə gəlməsi üçün 1,6 milyon manat sərmayə yatırmışam. Bu barədə audit rəyi də var. 2015-ci ilin sentyabr ayında «Nur İnşaat» şirkəti ilə 60 aylıq müqavilə bağlamışıq və 5 ay ərzində müqavilədə göstərilən aylıq 6000 manat ödənişi hər ay ödəmişik. Lakin bu il fevral ayında “Nur İnşaat” şirkəti idman klubunu bağlayaraq ərazini tərk etməyi tələb edib.

Araşdırmalarımız göstərir ki, “Altes Group” holdinqin Bakıda İsmayıl Qutqaşınlı küçəsi 507-511 (“ALTES PLAZA” yaşayış kompleksi), Bəsti Bağırova küçəsi 592 (“EMERALD PALACE” yaşayış kompleksi), Həsənbəy Zərdabi küçəsi 569 (“ACADEMY HOUSE” yaşayış kompleksi) ünvanlarında tikdiyi çoxmərtəbəli binalarda yaşayış evlərinin alqı-satqısına 2012-ci ildən qadağa qoyulub. Məhkəmənin qətnaməsinə əsasən, həmin evlərin inşaatçıları olan “Nur-İnşaat” MMC və “Fərid-İnşaat” MMC şirkətləri orada yaşayış evlərinin satışını məcburi surətdə dayandırılıb. Yaşayış mənzillərinə həbsin qoyulmasına səbəb “Altes Group”un təsisçiləri arasında fikir ayrılığıdır. Əsas səbəb məhz Rüstəm Abdullayevin digər payçılara qarşı qanunsuz və dələduz əməlləri olub. Buna baxmayaraq şirkət inşa etdiyi binalarda mənzil satışını davam etdirib.
Bu gün isə mən R.Abdullayevin cinayətkar əməli ilə üz-üzəyəm. Çünki bir iş adamının fəaliyyətini qəsdən əngəlləmək, ona problem yaratmaq cinayətdən başqa bir şey deyil. Görünür, neçə illərdir ki, Böyük Britaniya vətəndaşlığı almaq üçün bu ölkədə yaşayan R.Abdullayev üçün müqəddəs heç nə qalmayıb. Elə ona görə hər vəchlə əlində olan imkanlardan yararlanaraq ölkə rəhbərliyinin sahibkarlığın inkişafı ilə bağlı siyasətinə kölgə salır.
Hazırda VİTR idman klubu fəaliyyətini məhz Rüstəm Abdullayevin çirkin oyunları üzündən dayandırıb. Görünən odur ki, onun məqsədi idman klubunu məndən almaqdır. Çünki idman klubunun yerləşdiyi ərazi neçə illər idi ki, istifadəsiz qalmışdı. Lakin mən buranı təmir edib və idman klubunu yaratdıqdan sonra Rüstəm Abdullayev hər ay ona çatan 6000 manat icarə haqqı ilə razılaşmaq istəmir. Məqsədi gəlir gətirən klubu tamamilə ələ keçirməkdir.
Bizim problem hüqüq müstəvisində, məhkəmədə araşdırılmağa başlayıb. Ancaq qarşı tərəf faktlarla danışmaqdansa şər və hədələrdən istifadə etməyə başlayıb. Öz güc strukturlarında olan əlaqələrindən istifadə edərək, məni qeyri rəsmi dəvət edir, təhdid edir mənim fitness klubu onlara təhvil verib çıxmağımı tələb edirlər.
Tələb yerinə yetirilməsə mənim üzümə adam qoyub TV-yə çıxardıb terorrçu kimi təqdim edəcəkləri ilə hədələdilər. Açıq aşkar deyirlər ki, istəyirsən get Azərbaycan vətəndaşlığından imtina elə. İstənilən halda VİTR fitness klubunu boşalt. Fitness klubun təmiri üçün banklardan götürdüyüm böyük məbləğdə dollar kreditləri ödəyə bilmədiyim üçün, qeriyə addım ata bilmirəm. Bu qədər haqsızlıqla, özbaşnalıqla tək başına mübarizə apara bilmədiyim üçün yeqanə ümid yerim Möhtərəm Prezidentimiz və Sizsiniz .
Cənab Baş prokuror, xahiş edirəm məni qəbul edib bu probelemin hüquqi həllinə yardımçı olasınız!



