AŞPA məruzəçisindən sərt mövqe

Jozef Debono Qrex: «21-ci əsrdə vicdan məhbuslarının həbsdə qalması rüsvayçılıqdır»

Azərbaycanda səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Jozep Debono Qrex hüquq müdafiəçiləri Eynulla Fətullayev və Leyla Yunusla görüşüb. Görüş barədə məlumat verən E.Fətullayevin sözlərinə görə, o, qonağa əsasən siyasi məhbuslarla, L.Yunus isə Azərbaycanda mülkiyyət hüquqları pozulan vətəndaşlarla bağlı məlumat verib:
“AŞPA-nın Insan Haqları Komitəsinin Azərbaycan hökumətinə ”Amnestu International” tərəfindən vicdan məhbusu kimi tanınmış 16 nəfərin işinə yenidən baxılması ilə bağlı tövsiyəsi var. Mən bu tövsiyəni Qrexin diqqətinə çatdırdım. Onun bu haqda məlumatı yox idi. Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi də bu barədə məlumatlı deyildi. Mən bildirdim ki, bu məlumat məruzəçilər üçün bir fürsətdir və bundan istifadə edib danışıqları davam etdirməlisiniz. Görüşdə mən bu məsuliyyəti Qrexin üzərinə qoymağa çalışdım. Bildirdim ki, bu tövsiyədən ikiəlli yapışıb məsələni uğurla başa çatdırmaq lazımdır. Cənab Qrex iyun ayına qədər məruzəsini hazırlayıb AŞPA-ya təqdim edəcək. Mən hiss etdim ki, siyasi həbslər və vicdan məhbuslarının hələ də həbsdə qalması onları həddən artıq narahat edir və cənab Qrex bununla bağlı çox sərt mövqe sərgilədi. Qrex bildirdi ki, 21 əsrdə vicdan məhbuslarının həbsdə qalması, siyasi həbslərin davam etməsi ölkə üçün rüsvayçılıqdır”.
E.Fətullayev Fərhad və Rafiq Əliyev qardaşları ilə bağlı Avropa Məhkəməsi qərarının icra olunmadığını da həmməruzəçinin diqqətinə çatdırıb. J.Qrex də məsələni diqqətdə saxlayacaqlarını bildirib.

Gültəkin