Son günlər Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov işdən çıxarılıb. Bu barədə jurnalist Facebook səhifəsində yazıb.
1997- ci ildən Türkiyənin İxlas Xəbər Agentliyində çalışan F. Abbasov son 6 ildə isə agentliyin Moskva təmsilçisi kimi fəaliyyət göstərir. Bu gün isə qurumun rəhbərliyi onun Moskvadakı işinə son verib. Jurnalistə göndərilən məktubda buna səbəb kimi Moskvada işlərin yaxşı getməməsi göstərilir.
“Nə istədiklərini başa düşmədim. Son 6 ildə Rusiyanın müxtəlif qəzet, internet media , radio və televiziyalarında 50-dən çox çıxışım olub. Heç bir qarşılıq gözləmədən SU-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiyada müdafiə etmişəm. Buradakı türk məsləkdaşlarımdan isə ən çox eşitdiyim ifadə bu olub. “Rusiya-Türkiyə münasibətlərini boş ver, işdən çıxarılarsan, kimsə sənə sahib çıxmaz” olub.
Öyrəndiyimə görə işimə Moskvadan gələn tələblə son verilib. Təbiidir ki, buna sevinənlər də oldu. Çünki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyyətini tənqid edən, rus siyasətçilərinin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu çatdıran başqa heç kim yox idi. Sevinənlər arasında mən də varam. Çünki son günlər gözünə yuxu getməyən anam gecələr artıq rahat yata biləcək”- deyə jurnalist sosial şəbəkədə yazıb.
Fuad Abbasov son olaraq Rusiyanın “TVC” telekanalında yayımlanan “Pravo qolosa” siyasi tok-şousunda çıxış edib. Həmin verilişdə digər azərbaycanlı ekspertlər kimi F.Abbasov da ermənipərəst rusiyalı politoloqların və erməni ekspertlərin Qarabağla bağlı iddialarına cavab verib.
Sözügedən agentliyin mətbuat xidmətindən bildirilib ki, Fuad Abbasovla onların heç bir şəxsi problemi olmayıb. Buna baxmayaraq, son zamanlarda Fuad Abbasovla əməkdaşlığa ehtiyac qalmadığı söylənilib.
“Biz onunla yaxşı işləyirdik. Amma son vaxtlar onunla işləmək ehtiyacını hiss etmədik. Bu səbəbdən də biz Fuad Abbasovu işdən çıxardıq”.
Qeyd olunub ki, Fuad Abbasov İHA-nı tələb olunan videokadrlarla təmin etməyib.



