Jozef Debono Qrexlə görüşdə gələn ilki seçkilərdən tutmuş Əli Kərimlinin pasport məsələsinə qədər danışılıb
Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrex müxalifət nümayəndələri ilə görüş keçirib. AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanının müavini Gülağa Aslanlı və ALP sədri Əvəz Temirxanın iştirak etdiyi görüşdə son illərdə Azərbaycan cəmiyyətində Avropa Şurasının fəaliyyəti ilə bağlı ciddi məyusluğun olduğu qurum nümayəndəsinin diqqətinə çatdırılıb. Buna səbəb məruzəçilərin Azərbaycana səfərlərinin azalması, Avropa Şurasının əksər prinsipial məsələlərlə bağlı susqunluğu, ölkədə baş verənlərə, o cümlədən seçkilər zamanı baş verənlərə adekvat reaksiya verməməsidir.
Görüşdə o da vurğulanıb ki, Azərbaycan Avropa Şurasına üzv olandan sonra 11 il ərzində qurumun monitorinqi altında olmasına baxmayaraq, cəmiyyət bunu hiss etmir.
Görüşdə daha sonra ölkədəki vəziyyət, siyasi məhbusların taleyi, sərbəst toplaşmaq azadlığının olmaması, kütləvi informasiya vasitələrində, xüsusilə televiziyada müxalifətə olan qadağalarla bağlı müzakirələr aparılıb. Eyni zamanda siyasi partiyalara təzyiqlərdən, “Siyasi partiyalar haqqında” qanuna hazırlanan neqativ dəyişikliklərdən də söhbət açılıb. Gələn il prezident seçkiləri ili olduğu üçün indidən seçki islahatlarına başlamağın zəruriliyi qeyd olunub.
Öz növbəsində Jozef Debono Qrex qurumun Azərbaycana diqqətinin artacağını bildirib. O, aprel ayında Azərbaycanla bağlı məruzə hazırlanacağı haqda məlumat verib. Bildirib ki, sadalanan problemllər AŞ PA-nın diqqətindədir və qurum onların həllində öz nüfuzundan istifadə edəcək.
Görüşdə AXCP sədri Əli Kərimliyə pasport verilməməsi məsələsinə də toxunulub. AŞ PA nümayəndəsi bunun qurumda narahatlıqla qarşılandığını qeyd edib və məlumat verib ki, bu məsələ bir neçə dəfə Azərbaycan rəsmiləri, yaxın vaxtlarda isə dövlət başçısı ilə müzakirə olunub.


