cemilhesenli

“Əli Kərimliyə qarşı təxribat ən yüksək səviyyənin sifarişidir”

cemilhesenli“Bu rüsvayçılıqdan sonra indi balaca uşaq da bilir ki, “kral lütdür”

Milli Şuranın sədri Cəmil Həsənli Facebook səhifəsində AXCP sədri Əli Kərimlinin evinin qarşısında təşkil olunan aksiyalardan yazıb:

“Aprelin 5-dən Çin Xalq Respublikasında idim. Yenicə geri dönmüşəm. Orada internet və sosial şəbəkələrə bəzi məhdudiyyətlər qoyulduğundan ölkəmizdə gedən prosesləri ardıcıl izləməyin çətinlikləri vardı. Səfər haqqında ayrıca yazacağam. Bu yazı AXCP sədri Əli Kərimlinin evi qarşısında hakimiyyət orqanlarının təşkil etdiyi “Qarabağ piketləri” barədə olacaq.

23 ildir işğal olunmuş əraziləri azad edə bilməyən hakimiyyət deyəsən, çıxış yolunu Əli bəyin evi ətrafında veyllənməkdə tapıb. YAP-ın dirijorluğu, polisin müşayiəti ilə cəmiyyətin yararsız tör-töküntülərindən səfərbər edilmiş bu “Qarabağ əzabkeşləri” vətən uğrunda məhz, belə “fədakarlıq” edirlər. Bu gün İdman Akademiyasında tələbələri Əli bəyin evi ətrafından “vətənpərvərlik” piketinə səfərbər etmək cəhdləri göstərişin çox yuxarıdan gəldiyinin daha bir təsdiqidir.

Bu güruhu Əli Kərimlinin evinin ətrafına toplamaq hansı zərurətdən yaranıb? Doğrusu, aprel ayının ilk 3 günündə baş verən Qarabağ döyüşləri xalqımızın milli ruhunu, ordunun döyüş əzmini ortaya qoydu. Bu sınaq məqamında millətin nümayiş etdirdiyi birlik və ruh yüksəkliyi yalnız erməniləri deyil, Azərbaycanın kriminal və korrupsioner hakimiyyətini də bərk narahat etdi. Vətən uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlər haqqında məlumatların gizlədilməsi, həmin qəhrəmanların təmtəraqsız, səs-küysüz dəfn edilməsinə göstərilən uğursuz cəhdlər bunun aydın təzahürü idi.

Hakimiyyət doğru işi də əyri yolla etməyə çalışdı və bu həssas məsələdə öz səhvlərinin əsirinə çevrildi. Nadan bir dəstənin şəhərin mərkəzində yerləşən yaşayış binasının ətrafında Qarabağ bağırtıları gərgin vəziyyətin təsiri altında başını itirmiş hakimiyyətin mahiyyətini açıqca ortaya qoydu. Bu düşüncəsiz hərəkətlərin ictimai fikridə və sosial şəbəkələrdə ardıcıl ifşası hakimiyyəti gülünc duruma saldı, əhali arasında onun qeyri-ciddi obrazını tamamladı.

Hadisələr başlanan gündən Əli Kərimlinin sağlam düşüncəyə əsaslanan milli mövqeyi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətində vətənpərvər çağırışları hakimiyyətin xəstə cəmdəyində güclü əsəb sindromunu üzə çıxardı. Əslində, bütün baş verənlər ayrı bir vəziyyətin qabaqcadan hazırlanmış ssenarisi idi. Onların nəzərincə, döyüşlər başlayan kimi Əli Kərimli ən azından əhalini hakimiyyətə qarşı etimadsızlığa səsləməli, hakimiyyət isə hərbi əməliyyatların dayandırılma günahını “daxili düşmənin” üzərinə qoymalı idi. Bunlar o qədər nadan və kütbeyindirlər ki, yeni siyasi şəraitdə köhnə ssenarini oynayırlar.

Şübhəsiz ki, burada Rusiyanın təzyiqi ilə hərbi əməliyyatların dayandırılmasının doğurduğu pərtlik də az rol oynamır. Son 23 ildə ərazisi işğal altında olan bir ölkənin cəbhə xəttində hərbi və mənəvi üstünlüyə malik olduğu, beynəlxalq dəstək qazandığı bir məqamda Moskvanın təzyiqi ilə hərbi əməliyyatları dayandırması uzun müddətdir cənab İlham Əliyevin təkrarladığı “biz müstəqil dövlətik, heç kəs bizim daxili işimizə qarışa bilməz” postulatının sabun köpüyündən başqa bir şey olmadığın ortaya qoydu. Baş nazir Medvedyev gəldi və 22 illik status-kvoya qayıtmağın vacibliyini vurğulamaqla Azərbaycan hakimiyyətinin işğal altında olan ərazilərini düşməndən təmizləməkdə azad olmadığını xatırlatdı. Əli Kərimli isə hadisələrin başlanğıc məqamında sərgilədiyi doğru mövqeyini rus “müdaxiləsinə” çevik münasibəti ilə tamamlamaqla hakimiyyətin təsadüfən ölkəmizə qədəm qoymuş yalançı “lazım” obrazının saxta donunu yırtdı. Bu rüsvayçılıqdan sonra indi balaca uşaq da bilir ki, “kral lütdür”.

Əlbəttə, cəmiyyətin tör-töküntülərini Əli Kərimlinin evinin ətrafına toplamaqda hakimiyyətin əsas məqsədlərindən biri də Panama rüsvayçılığını “Qarabağ bağırtılarına” köklənmiş “vətənpərvər dalğada” yola vermək cəhdidir. Bu sənədlərin açılmasının 3 günlük müharibə ilə eyni vaxta təsadüf etməsi başlanmış hərbdə Azərbaycanın mənəvi haqlılığına ağır zərbə oldu, ölkəmizin haqq işini şübhə altına aldı, korrupsioner güruhun “vətən” və “millət” anlayışlarının ofşor ərazilərdə cilalandığını təsdiqlədi. Son 4 gündür muzdlu nökərlər Əli Kərimlinin evinin ətrafında “vətən xaini” axtarışı ilə vurnuxurlar. Ərazisi işğal altında olan bir məmləkətdə hər qəpiyi cəbhənin ehtiyaclarına sərf etmək əvəzinə, hakim elitanın natəmiz korrupsiya şəbəkəsi yaradıb ölkənin sərvətlərini talan etməsi, mənimsəməsi, xarici hesablarda yerləşdirməsindən daha böyük xəyanət ola bilərmi? Panama kağızlarının bu acı həqiqəti çılpaq formada ortaya qoyduğu bir məqamda Əli Kərimlinin simasında hədəf axtarmaq, əsl hədəfi ictimai diqqətdən yayındırmaq cəhdidir. Bunu hətta, dövlət satınalmaları üzrə tenderdən keçib müxalifəti ləkələmək məqsədilə hakimiyyətin əlində miskin vasitəyə çevrilmiş bəzi mətbuat orqanlarının çatlaq zümzüməsinin çat verən sədası da göstərir”.