“Hakimiyyət AXCP sədrinin nüfuzundan çəkinir” – ictimaiyyətin rəyi

akarimli-mitinq2Əli Kərimliyə qarşı kampaniya cəmiyyətdə ikrah doğurub

AXCP sədri Əli Kərimlinin evi qarşısında hakimiyyətin ona qarşı aksiyalar təşkil etdirməsi cəmiyyətdə ikrahla qarşılanıb. Aprelin 9-dan bəri hər gün keçirilən bu aksiyalara icitmai-siyasi xadimlər, ziyalılar, sosial şəbəkə fəalları kəskin etirazlarını bildirir.

qulu meherremliTanınmış telejurnalist, professor Qulu Məhərrəmli də “Azadlıq” qəzetinə açıqlamasında hakimiyyətin bu əməlini pisləyib:

«Belə toplantıların kimə xeyri var?! Bu gün Azərbaycan cəmiyyəti elə bir vəziyyətdədir ki, onun həmrəyliyə, birliyə ciddi ehtiyacı var. Azərbaycanın çevrəsindəki təhlükə o qədər böyükdür, baş verən proseslər, ölkəmizin taleyi, gələcəyilə bağlı elə ciddi suallar var ki, biz onlar haqda düşünməliyik. Bu cür süni qarşıdurmalar isə yaxşı heç nə vəd etmir. Belə toplantılar həmrəyliyi pozur, insanların düşüncəsini azdırır».

elcin-shixli1“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da hesab edir ki, belə hərəkət siyasi mübarizə prinsiplərinə ziddir:

«Mən bu cür siyasi mübarizənin tam əleyhinəyəm. Kiminsə evinin qarşısına yıgışmaq, şüar səsləndirmək olmaz. Axırıncı dəfə Əkrəm Əylislinin evinin qarşısında toplaşıb kitablarını yandırırdılar. Ümumiyyətlə, mənim bu cür toplantılara münasibətim yaxşı deyil».

arif_eliyev«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə bu aksiyaların hakimiyyətin öz əleyhinə olduğunu qeyd edir:

«Hakimiyyət piarçılarının növbəti dəfə keçirdiyi bu tədbir gözlədiklərinin əksinə oldu. Yəni Əli Kərimlinin bəyanatı, Qarabağ məsələsində mövqeyi ilə tanış olmayanlar belə maraqlanıb ki, cəbhədə gərginliyin olduğu, şəhidlərin dəfn edildiyi vaxtda bu cür tədbir keçirməyə səbəb görəsən, nədir?! Hər halda, bu tədbirin AXCP-yə, Əli Kərimliyə mənfi ziyan vurduğunu təsəvvür etmirəm. Bu cür tədbirlərə ona görə mənfi yanaşıram ki, belə həssas anlarda, birliyə, itkilərin ağrısını unutmağa, qələbənin sevincini yaşamağa ehtiyacın olduğu bir vaxtda mənəvi məsələlər önə çıxır. Təəssüf ki, biz burda növbəti bir şantajın şahidi olduq».

Tanınmış publisist Mehriban Vəzirin fikrincə, Əli Kərimliyə qarşı son baş verənlər düşüncəsiz və məntiqsiz hadisədir:

Nə baş verib ki?! Əli Kərimli ilk gündən dövlət əxlaqı göstərərək ölkədə gedən prosesləri dəstəkləyib. Ölkənin milli mənafeyi baxımından lazım olan münasibət sərgiləyib. Onun evi qarşısındakı piketləri çox pisləyirəm, qınayıram. Bu, cəmiyyəti parçalamağa, cəmiyyət içində bölücülük yaratmağa xidmət edir. Bunun başqa heç bir adı ola bilməz. Yəni normal bir məqsədi olmayan hadisədir. Təəssüf edirəm ki, Azərbaycan cəmiyyətində son günlərdə əmələ gəlmiş milli, ictimai birlik məhz hakimiyyət tərəfindən sarsıdılır. Buna çox təəssüf edirəm”.

Tanınmış vəkil Müzəffər Baxışov söyləyir ki, hüquq-mühafizə orqanları əslində bu aksiyaların qarşısını almalıdır, lakin maraqlıdır ki, bunun üçün heç bir tədbir görmürlər. “Bu piketlərin təşkili göstərir ki, hakimiyyət Əli Kərimlinin nüfuzundan, ölkə vətəndaşları arasında olan hörmətindən çəkinir. Əyri yollarla Əli Kərimliyə müqavimət göstərir və onu istiqlal yolundan çəkindirmək istəyir. Məncə, belə hərəkətlərlə Əli Kərimliyə təsir göstərə, onu doğru-düzgün, ölkənin çiçəklənməsi, demokratiya yolunda apardığı mübarizədən çəkindirə bilməyəcəklər”, – deyə M.Baxışov qeyd edib.

Keçmiş vicdan məhbusu Anar Məmmədli bildirir ki, bir çoxları kimi, ona da hakimiyyətin belə yolla nəyə nail olmaq istədiyi anlaşılmazdır: “Bəlli olan budur ki, baş verən hadisələr çox əcaibdir. Azərbaycanda hüznlü günlərin yaşandığı dövrdə, çoxlu sayda şəhidlərin gəldiyi, matəm ab-havasının olduğu şəraitdə bir müxalifət partiyası liderinə qarşı bu cür hərəkət çox arzuolunmaz və eybəcər hadisədir. Belə hərəkətlərə qətiyyən yol vermək olmaz. Daha çox milli etimada söykənən addımlar atılmalıydı”.