Millətçi deputatın kosmopolit Ramiz Mehdiyevə mehr salmasının səbəbləri barədə…
Fransaya qarşı “dişsiz” və qətiyyətsiz mövqeyinə görə Türkiyədən bol tənə qəbul edən Əliyev hakimiyyəti heç olmasa, daxili auditoriya qarşısında özünü təmizə çıxarmaq üçün bir neçə gündür ki, yorulmaz fəaliyyətdədir. Bu fəaliyyətin ana xəttindəki tezis budur: Azərbaycan Fransanın “erməni qanunu”yla əlaqədar çox iş görüb, sadəcə, bu işləri görmək lazımdır.
Əliyevçi rejimin ən təsirli tədbiri isə bu tezisin təkcə fəzailağamalıların dilindən yox, mahiyyətcə Fəzail Ağamalıdan seçilməyən türkiyəli siyasət adamının dilindən səsləndirilməsi oldu. Belə bir adamı tapmaq çətin olmadı, o, zatən Əliyevlərin xidmətində durmağa həmişə özünü borclu bilən, iqdırlı millət vəkili Sinan Oğan idi.
2011-ci ilin 12 sentyabrında Millətçi Hərəkat Partiyasından (MHP) deputat seçilən Sinan Oğanın formalaşmağında Azərbaycan hakimiyyətinin, xüsusən, onun mehdiyevçi cinahının misilsiz rolu siyasi olimpdə olanların hamısına bəllidir. Amma geniş xalq kütlələri bu həqiqətdən hali olmadığından, ani da olsa, bir çaşqınlıq yarandı. Xüsusilə, ona görə ki, Sinan Oğanın adı MHP ilə birgə çəkilir. Daha doğrusu, bu partiya öz məzmunundan kifayət qədər aralansa da, hələ də Azərbaycan cəmiyyətində milli-demokratik düşərgəyə yaxın sayılır. Azərbaycanlıların bir çoxu hələ də elə düşünür ki, MHP ən azı ADP qədər anti-demokratik və avtoritar Əliyevçi hakimiyyətə qarşı antipatiya duyur. Nə yazıqlar ki, belə deyil və sanki Azərbaycan müxalifəti bu barədə danışmağı özünə ar bilir. Ancaq həqiqəti pərdələməyin də sonu yoxdur. Bir gün ortaya çıxıb, kimlərin millətçi adı ilə Böyük Millət Məclisində oturması üçün Kəmaləddin Heydərovun, Ramiz Mehdiyevin əmək və para xərclədiyini açıqlamaq mütləq lazımdır.
![]()
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan hələ ki, öz xeyrinə Sinan Oğan adlı iqdırlı deputatı danışdırır. Bu adam isə bizim idarəedicilərin mövqeyini təqdir edir, “bundan daha artığını yapmaq olmaz” deyir. Onun bu fikri müxtəlif rakursdan iqtidar mediasında tirajlanır. Biz isə o yazılara yox, Sinan Oğanın “sağ əli” sayılacaq adamın yazısına istinad edib, onun qeyri-obyektivliyini, saxta millətsevərliyini göstərəcəyik.

Ümit Özdağ – bu ismə diqqət yetirək, “sağ əl” dediyimiz adam budur. Onun kimliyi barədə qısa bilgi: 1961-ci ildə doğulub. 2005-ci ildə MHP başkanlığına namizəd olub, amma namizədliyi qeydə alınmayıb və elə həmin il də partiyadan xaric olunub. 2010-cu ildə təkrar MHP-yə yazılıb, son parlament seçkilərində namizəd olub, seçilməyib. “Yeni Çağ” qəzetində onun köşələri dərc olunur. Azərbaycan hakimiyyətinə Sinan Oğanın dili ilə dəstək verən yazı da bu qəzetin 25 yanvar tarixli sayında dərc olunub. Məqaləsinin adını “Azərbaycan yalanları” qoyan müəllif özü də bilmədən dostu, qardaşı Sinan bəyin yalanlarını elin gözü önünə sərib.
Müəllif yazır ki, Türkiyədə hər fürsətdə Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmaq istəyənlər var. Bu adamlar üçün Fransanın “erməni qanunu” yağlı əppək kimi bir şey olub. Ümit Özdağ ad çəkməsə də, “Azadlıq” qəzetinin də yazılarını oxucuları ilə paylaşdığı, “Yeni Şafak”, “Türkiyə” qəzetlərini vurğuladığı “fürsətcillər” siyahısına salıb və qətiyyətlə deyib ki, vəziyyət heç də onların anlatdığı kimi deyil. Əslində, Azərbaycan “inkar qanununa” etiraz olaraq böyük işlər görüb. Bu işlər hansılardır – o, Sinan Oğandan öyrənib. Sinan bəy də, gözünə döndüyüm, aləmi avam bilərək, Azərbaycanın “inkar qanunu” əleyhinə atdığı 16 addımı sadalayıb. Onların elə ilk ikisini gözdən keçirək, qalanlarına dostluq-qardaşlıq naminə göz yumaq.
1. “Azərbaycan Cümhurbaşkanlığı Fransanın bu girişiminin yanlış olduğu və Azərbaycan-Fransa ilişkilərini olumsuz etkiləyəcəyini bildirən bir açıqlama yapmışdır”.
Bəli, Azərbaycanda Prezident Administrasiyasının çinovnikləri səviyyəsində “inkar qanununa” cavab verilib. Lakin nə Administrasiyanın rəhbəri, nə də oranın birinci şəxsi – Ilham Əliyev qərar barədə bir cümlə belə, işlətməyib.
2. “Azərbaycan Parlamenti iki gün sürən özəl bir oturum yapmış ve 125 millət vəkilinin tamamının imzasıyla Fransa Senatına bir məktubla müraciət edilmişdir”.
Bu bəndi oxuyanda isə adam düşünür ki, “qız evində toydur oğlan evinin xəbəri yoxdur”. Görəsən, Milli Məclis nə vaxt “inkar qanunu” üçün özəl olaraq toplaşıb? Həm də bu özəl toplantı iki gün çəkib… Niyə görə bu toplantıdan 9 milyonluq Azərbaycan xalqı yox, amma Sinan bəy xəbər tuta bilib?
Ümit Özdağ Sinan hocasından ilhamlanaraq yazdığı məqaləsini bu fikirlə bitirir: “Şükr Allaha, Bakını hələ ki, türklər idarə edir”.
Bu cümləni MHP-ni idarə etməyə iddialı biri yazır. O MHP-ni ki, onun üzvləri bir zaman özlərini Əbülfəz Elçibəyin əsgərləri sayırdılar. 19 ildir Azərbaycanı, Bakını idarə edənlər dəyişməyib və təəccüb doğuran da budur. Bu idarə edənləri bir zaman PKK ilə yandaşlıq etməkdə suçladığına görə Elçibəyi məhkəməyə verənlər də indi ümidli sinanların qibləgahlarıdır.
Və sonda. Sinan Oğanla Ramiz Mehdiyevi qardaşlaşdıran daha bir ortaq cəhət: onların hər ikisi narıncı inqilablar əleyhinə kitab müəllifləridir.
Natiq


