Sual haqqında qeydlər

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Ən sevdiyim durğu işarəsidir sual.

Düşündürür, öyrənməyə, axtarmağa sövq edir sual: kim? Niyə? Necə? Nə vaxt? Harada?

Dünənə, bu günə, gələcəyə işıq tutur sual: Hardan gəlirik? Indi hardayıq? Hara gedəcəyik?

Bu suallar üzərində baş sındırmayan toplumun aqibətinin necə ola biləcəyini, onu hansı bəlaların gözlədiyini söyləməyə gərək varmı?

Sorğulayıcıdır sual. Insanı hesab istəməyə yönləndirir.

Şübhəçidir sual. Insanı hər deyilən sözü Quran ayəsi zənn etməməyə, hər deyilən sözə inanmamağa, asanlıqla aldanmamağa istiqamətləndirir.

***

Fikir vermisinizsə, azərbaycanlılar çoxluq etibarilə sual verməyi xoşlamırlar. Dəfələrlə müşahidə etmişəm, sual verən adama qarşı çox aqressivdir insanlarımız, belələrini “baş-beyin xarab etməkdə” günahlandırırlar həmişə.

Uşaqlarımıza qarşı da bu cürük. Onun uzaqbaşı ikinci sualından sonra cin atına minir, ağzından vurur, susdururuq.

Halbuki uşaqlarda erkən yaşdan soruşmaq vərdişi yaratmaq vacibdir. Bu onları öyrənməyə, axtarışa meylləndirərdi.

Orası da ayrı bir dərddir ki, bizdə istər məhəlli olsun, istər qlobal, fərq etmir, hər hansı məsələnin çox sadə, bəsit, hazır, şablon cavabları var. Məsələn, mənşəyi bilinməyən, müalicəsi olmayan öldürücü virus yayılıb? Burda gizli, təəccüblü nə var ki? Masonların işidir!

Yaxud, neft niyə qiymətdən düşür, manat nə üçün ucuzlaşır? Bilməyə nə var? Hamısı Amerikanın oyunlarıdır.

Və bunun kimi daha neçə-neçə əttökən, ürəkbulandıran, klişeləşmiş cavablar!

Əvəzində isə özünün, övladlarının, ölkəsinin taleyi ilə bağlı nələrisə soruşmamaq vərdişi. Soruşmamaq mərəzi. Sual vermək qorxusu. Sadə səbəbdən: “Evdə balalarım var”. “Ac qulağım, dinc qulağım”. “Az aşım, ağrımaz başım”.

***

O toplumlar gələcəyə doğru əmin addımlar atır, tərəqqinin, yüksəlişin qapısını taybatay aça bilirlər ki, onlar sorğulamaqdan, hesab istəməkdən qorxmurlar.

O toplumlar ki, onu idarə edənlərə və ya idarə etməyə iddia edənlərə istənilən məsələ ilə bağlı ən kəskin sualları ünvanlamaqdan çəkinmir, onlara qeyd-şərtsiz itaət göstərmək əvəzinə şübhəçi yanaşır, bu cür toplumlar daha rahat, daha firavan yaşamağ şansı, imkanı qazanırlar.

Onun əvəzindən danışmaq və düşünmək haqqını ancaq bir nəfərə təslim etmiş, yalnız bir nəfərin iradəsinə tabe olan toplumlar dünyanın ən zəngin, bərəkətli torpaqları üzərində doğulsalar belə, səfil yaşamağa və miskinlik içində ölməyə məhkumdurlar.

Soruşmayan və sorğulamayan toplumlar onlar üçün müəyyənləşdirilmiş “Hamısı Amerikanın işləridir”, “Hamısı masonların oyunlarıdır”, “evdə balalarım var”, “imkan ver, başımızı aşağı salıb bir qismət çörəyimizi qazanaq” kimi  ümumişlək və şablon cavabların əhatəsində çürüyüb getmək məcburiyyətindədirlər.

***

Hörmətli yazar dostumuz Yalçın Islamzadənin də doğru qeyd etdiyi kimi, “insanlığı irəli aparan ürəkdən inanılan sabit doğmalar deyil, daim yenilənən cavablar və yeni suallardır. Sual verməkdən qorxan cəmiyyət orta əsrlərdə qalmağa məhkumdur”.

Suallar polemika ortamı yaradır. Suallar dartışma mühiti yaradır. Suallar disput mədəniyyəti yaradır.

Suallar monoloqdan qaçışdır.

Suallar dialoqa aparır bizi.

Həqiqət isə, yüksəliş isə məhz disput və dialoqun olduğu yerdədir.

Elə ona görə günümüz Azərbaycanında suallara qarşı dözümsüz, aqressiv münasibət var. Insanlar hazır, şablon cavablarla yaşamağa məhkum edilir.

Bilirlər ki, suallar artdıqca, sual verənlər artdıqca həqiqətin gün kimi parlamaq fürsəti də artır.

Bilirlər ki, adamlar daha çox soruşduqca yalanın ifşa imkanları da çoxalır.

***

Yaşasın suallar!

Yaşasın soruşanlar!