Rusiyanın Müdafiə Nazirliyi qəribə qərar verib; Gürcüstan bundan bəhrələnmək isdtəyir
Rusiya Müdafiə Nazirliyi hərbi xidmətə payız çağırışı ilə bağlı hesabat yayıb. Postsovet Rusiyası tarixində ilk dəfədir ki, bu qədər az adam orduya çağırılıb. Cəmi 136 min nəfər. Müqayisə üçün deyək ki, 2011-ci ilin yazında 218 min nəfər, 2010-cu ilin payızında 280 min nəfər gənc ordu sıralarına çağırılmışdı. Ən maraqlısı odur ki, Dağıstan və Çeçenistan gənclərinə hərbi çağırış vərəqəsi göndərilməyib. Çeçenistandan bir nəfər belə ordu sıralarına çağırılmayıb, Dağıstandan isə cəmi yüz nəfər cəlb edilib. Onlar da bu ərazidə yaşayan slavyanlardır. Hərbi xidmət keçmək istəyənlərin sayı həddindən çox olsa da, Baş Qərargah buna qadağa qoyub.
Rusiya hərbiçiləri belə izah edir ki, orduda nizam-intizam qaydalarını ən çox pozan qafqazlılardır. Onlar adət-ənənələrini bəhanə gətirərək hərbi əmrləri rədd edirlər, kiçik icmaları ilə kazarmada öz qayda-qanunlarını yaradırlar. Şimali Qafqazdan olan çağırışçıların digər millətlərlə münaqişədə törətdiyi cinayətlərin sayı 350-ni keçir. Beləliklə, Rusiya Müdafiə Nazirliyi “Qafqazlı yoxdursa, problem də yoxdur” prinsipi ilə qərar verib.
Ekspertlər qeyd edirlər ki, qafqazlıları orduya çağırmamaq onları yoxsulluğa məhkum etmək deməkdir. Hərbi xidmət keçməyən gənc nə polisə, nə də FHN-ə işə düzələ biləcək. İşsizlik isə bu regionda çox yüksəkdir. Bundan başqa gənclər dini-ekstremist yönlü “meşə camaatları”na meyl edəcək.
Məlumat var ki, hərbi xidmət keçməyən çeçen və dağıstanlıları Gürcüstan ordusu müqavilə əsasında cəlb etməyə hazırdır.
İnformasiya şöbəsi


