Şəhidlərin 40 mərasiminədək xatirə kitabı hazırlansın
Ən yeni tariximizə “3 günlük savaş” kimi düşən aprel əməliyyatları haqqında hələ çox danışılacaq, çox fikir yürüdüləcək, çox nəticə çıxarılacaq…
Amma bu gün xalqımızı ilk növbədə həmin əməliyyatlarda iştirak edən və qəhrəmancasına şəhid olan, yaralanan hərbçilər maraqlandırır. Hər bir azərbaycanlı onlarla qürur duyur, eyni zamanda, hər bir şəhid haqqında dəqiq məlumat əldə etmək, öz qəhrəmanını yaxından tanımaq istəyir.
Təklif edirik ki, aprel əməliyyatlarında şəhid olan hərbçilərimiz haqqında rəsmi mənbəyə istinadla kitab-kataloq nəşr edilsin. Bu nəşri şəhidlərin 40 mərasiminədək hazırlamaq olar. Burada hər bir şəhidin seçilmiş fotoları, bioqrafiyası, döyüş yolu barədə və s. məlumat verilə bilər. Inanırıq ki, bu nəşr hər bir Azərbaycan ailəsində stolüstü və çox dəyərli kitaba çevriləcək.
Bu kitabın Müdafiə Nazirliyinin təşəbbüsü və iştirakı ilə nəşrə hazırlanması daha məqsədəuyğun olardı. Kitabı kütləvi tirajla nəşr etmək və çox münasib qiymətlə satışa çıxarmaq lazımdır. Qoy, bu iş təsadüfi şəxslərin kommersiya və karyera maraqları üçün bir vasitəyə çevrilməsin. Ortaya sanballı və etibarlı bir nəşr qoyulsun.
Şəhidlərin xatirəsinə layiq bir nəşr!
Şövkət Məmməd