Oqtay Güləliyev
Deyir fərsiz oğul dayısından oğurluq edər. Bizim bir qrup gəncimizin və onları idarə edənlərin torpaqlarımızı işgal edən Ermənistana, işğalçını silahlandıran Rusiyaya, ona dəstək verən fars şovinizminə söz deməyə gücləri, cəsarətləri çatmır, gedib AXCP sədri Əli Kərimlinin evinin qarşısında aksiya keçirirlər. “Qarabağ bizimdir, bizim olacaq” deyirlər. Əvvalə Qarabağı hansısa müxalifət liderinin evinin qarşısında tələb etmirlər. Digər tərəfdən adamdan soruşarlar bəyəm Əli bəy nə vaxtsa deyibmi ki, Qarabağ bizim deyil? Əksinə son döyüşlər zamanı bir mənalı şəkildə bildirdi ki, biz ordumuzun, xalqımızın, dövlətimizin yanındayıq. Partiya üzvlərinə və tərəfdarlarına çağırış etdi ki, döyüş ərzində ordumuzla bağlı hər hansı təftişçiliyə yol verməyək. Erməniləri beynəlxlaq səviyyədə ifşa edək. Onun bu çağırışını sosial şəbəkələrdə on minlərlə şəxs dəstəklədi. Müxalif partiya sədri bundan artıq nə etməlidir ki?
Ölkədəki hər hansı ugursuzluğu müxalif liderinin evinin qarşısında axtarmaq, onun ayağına yazmaq ən yumşaq və mədəni şəkildə desək geri zəkalıqdır. Və bu çox pis tendensiyanın göstəricisidir. Ölkədə qarşıdurmaya, rəqibi qurşaqdan aşağıya vurmaq cəhdidir.
AXCP sədrinin evi önündə aksiya keçirən “vətənpərvərlər”- ə demək lazımdır ki, gedin Əli Kərimlinin 2 apreldən üzü bəri Qarabağla bağlı yazdığı yazıları oxuyun. Yox, oxumaq istəmirsinizsə içinizdə həqiqi erməni nifrəti, milli təəssüb hissi varsa gedin Ermənistanı silahlandıran Rusiya səfirliyi önündə aksiya keçirin. Etirazınızı son döyüşlər zamanı Azərbaycanı təxribatda ittiham edən Rusiya mətbuatına bildirin. Eləcə də Putindən orden- medal alıb Rusiya mətbuatının Qarabağla bağlı şər- böhtanlarına göz yuman titullu məmurlarımıza etiraz edin. İntihara məcbur edilən Qarabağ qazilərinin, yaşamağa evi, dolanışığı olmayan, iş tapmayan şəhid ailələrinin haqqını tələb edin. Xalqımızın var- dövlətini mənimsəyib ofşar zonalara daşıyanlara etiraz edin. Onda deyərik ki, əsl vətənpərvərsiniz. Yox, edə bilmirsinizsə onda kiminsə əlində alət olmayın, susun!