Milli Şuradan sərt Əli Kərimli bəyanatı

milli-sura-rehberlik

«YAP muzdluları başlarını o qədər itiriblər ki, atəşkəs razılaşmasını imzalayanın İlham Əliyev olduğunu unudub, Qarabağı Əli Kərimlidən tələb edirlə

Aprelin 9-u və 10-da AXCP sədri Əli Kərimlinin evinin qarşısında hakimiyyətin təşkil etdiyi “etiraz aksiyası” ilə bağlı Milli Şura bəyanat verib. Bəyanatda deyilir ki, YAP hakmiyyəti öz tarixinin növbəti rüsvayçı və səviyyəsiz hadisəsinə imza atdı. Bütün xalqımızın ürəyinə, düşüncəsinə, hislərinə işğal altında olan vətən torpaqların taleyinin hakim kəsildiyi, bütün ölkənin nəbzinin Qarabağla vurduğu, müqəddəs Vətən uğrunda canlarını qurban vermiş 100 nəfərə yaxın şəhidimizin nəşinin hələ soyumadığı, bəzilərin hələ torpağa tapşırılmadığı bir vaxtda YAP iqtidarının davranışları bir daha sübut etdi ki, onun məqsədi, hədəfi Qarabağ torpaqlarının azadlığı yox, yalnız hakimiyyətdir.

YAP-ın rüsvayçılığı

Ölkə boyu şəhidlərimizin dəfni davam etdiyi bir zamanda YAP-ın təşkilatçılığı ilə ədəb və tərbiyə haqqında elementar təsəvvürlərdən xali olan bir qrup gəncin polisin müşayiəti və mühafizəsi ilə Əli Kərimli və ailəsinin, o cümlədən, körpə övladının yaşadığı ünvana göndərilərək orada AXCP sədri əleyhinə piket təşkil etməsinin başqa izahı yoxdur. Bu iyrənc aksiyanı həyata keçirənlər Əli Kərimlini ”3 günlük müharibə” haqqında “facebook” statuslarına görə ittiham edib, onu “Vətənə xəyanət”də suçlayıblar. Halbuki, bu ittihamların nə dərəcədə gülünc və iftira olduğunu Əli bəyin “facebook” səhifəsinə ötəri nəzər salmaqla görmək mümkündür. Əksinə, AXCP sədri silahlı münaqişənin ilk günündən “bütün varlığımızla Ordumuzun yanındayıq” söyləmiş, Qarabağda əməliyyatlar davam etdiyi müddətdə hakimiyyətə qarşı müxalif mövqedən çıxış etməyəcəyini açıq şəkildə bəyan etmişdi. Onun bu fədakar və vicdanlı vətəndaş mövqeyi bütün cəmiyyət, hətta bir çox opponentləri tərəfindən də yüksək qarşılanmış, ölkəmizdə Qarabağ mövzusunda iqtidar-müxalifət ayrımçılığının olmadığı təqdir edilmişdi.ÿƏksinə, bu günlər Əli bəyi Azərbaycan Ordusuna və Müdafiə Nazirliyinə həddindən çox dəstək verməkdə qınayanlar da olmuşdu. Bütün bunlardan sonra YAP-n təşkil etdiyi bu piket rüsvayçılığının cəmiyyət tərəfindən ikrah və qəzəb hissi ilə qarşılanması başadüşüləndir”, – deyə bəyanatda bildirilir.

Hakimiyyətin Qarabağ riyakarlığı

Bəyanat müəllifləri qeyd edir ki, “3 günlük müharibə” və nəticələri hakimiyyətin Qarabağ, torpaqlarımızın işğaldan azad edilməsi mövzusunda riyakarlığını bütün çılpaqlığı ilə ortaya qoydu. 23 ildir torpaqları azad etmək əzəvinə “Lazım”ı gözləyən rejim Qarabağın azadlığı üçün əlverişli daxili və beynəlxalq şərait yarandığı bir vaxtda siyasi iradəsizlik, qətiyyətsizlik göstərərək mövqelərimizdən geri çəkildi. Hakimiyyət xalqımız öz torpağı uğrunda döyüşməyə və şəhid olmağa hazır olduğu, döyüş ruhunun çox yüksək olduğu bir vaxtda Ermənistanın hamisi və faktiki olaraq Qarabağın işğalının arxasında olan Rusiyanın basqısı altında atəşkəs anlaşması imzaladı.

Bəyanatda deyilir ki, “3 günlük müharibə”də 100-dək şəhid verdiyimizin bəlli olması, mərdliklə, şücaətlə vuruşan ordumuzun düzgün idarə olunması ilə bağlı ciddi suallar yaradıb: “Axı Ilham Əliyevin dəfələrlə ”büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabər” olduğunu iddia etdiyi Ordumuz bu qədər itkiyə məruz qalmamalıydı!”

YAP muzdluları başlarını o qədər itiriblər ki…

Milli Şura yada salır ki, son günlər ictimai fikir Azərbaycan hakimiyyətini işğal olunmuş torpaqlarımızın azad olunması ilə bağlı açıq və qətiyyətli mövqe sərgiləyən qardaş Türkiyədən, ABŞ və Avropa Birliyindən ciddi məsafə saxladığı halda, işğalçının hamısı olan Rusiya ilə yaxınlığına görə kəskin şəkildə qınayıb. Bütün bunlar, nəticə etibarilə, iki devalvasiyadan, kütləvi işsizliyin, ixtisarların, yoxsulluğun və bank kreditlərinin artması ilə ictimai nüfuzu onsuz da ağır formada zədələnmiş YAP iqtidarının heç vaxt olmadığı qədər nüfuzdan düşməsinə səbəb olub. Bunu anlayan hakimiyyət, hətta şəhid cənazələrini, şəhid analarının göz yaşlarını, Ordumuzun mövqelərindən çəkilməsi nəticəsində xalqımızın yaşadığı mənəvi sarsıntını görməzdən gələrək çıxış yolu kimi öz əsas opponenti hesab etdiyi AXCP sədrinə qarşı səviyyəsiz şərləmə, qarayaxma kampaniyasına başlayıb.

“”Panama Papers” bilgiləri ilə ifşa olunmuş və beynəlxalq hüquqi təqibini gözləyən siyasi hakimiyyətin əsəbləri o qədər tarıma çəkilib ki, onların Əli Kərimliyə hücum üçün şəhidlərimizin dəfn mərasimlərinin bitməsinə qədər səbrləri çatmayıb. Əli bəyin evinin qarşısında piketlər təşkil edən YAP muzdluları başlarını o qədər itiriblər ki, ölkənin Ali Baş Komandanının və atəşkəs razılaşmasını imzalayanın Ilham Əliyev olduğunu unudub, Qarabağı Əli Kərimlidən tələb ediblər”, – deyə bəyanatda vurğulanır.

Bu səviyyəsizlikdən və mənəviyyatsızlıqdan əl çəkin!”

Milli Şura üzvləri xatırladır ki, Əli Kərimli uzun illərdir hakimiyyətin təqibləri və təzyiqləri ilə üz-üzədir. 10 ildir xarici pasportu əlindən alınıb. Iki dəfə parlament üzvü seçilsə də, qələbəsi oğurlanıb. Yaxın qohumu, ağır xəstə olan və xəstəliyi səbəbilə Azərbaycan qanunvericiliyinin həbsinə yasaq qoyduğu Elnur Seyidov şərlənərək həbs olunub. Rəhbərlik etdiyi AXCP-in hazırda 10 nəfər siyasi məhbusu var, partiya süni qeydiyyat problemi ilə üz-üzədir. AXCP ölkədə qərargahı olmayan yeganə ciddi siyasi partiyadır, onun qərargahları dəfələrlə dağıdılıb, partladılıb, qaynaqlanıb və s. Bundan öncə də Əli bəyə qarşı oxşar aksiyalar təşkil edilib, yaxınları təqib olunub, oğlu Türkel inzibatı həbs cəzası alıb. Bütün bunlar Əli Kərimlinin prinsipial, qətiyyətli mövqeyinə əsla təsir etməyib, onun mübarizəsi illər ötdükcə daha ardıcıl və daha hədəfyönlü xarakter alıb.

Əminik ki, bu iyrənc aksiya da öz məqsədinə çatmayacaq. Əksinə, cəmiyyətin geniş təbəqələri Əli bəylə həmrəylik nümayiş etdirib, bu rüsvayçılığı lənətlətləyib, AXCP sədrinə dəstəyini ifadə edib. Milli Şura olaraq biz də dəyərli dostumuz, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli bəy Kərimliyə öz dəstəyimizi ifadə edir, məlum və məşum aksiyanı lənətləyir və Azərbaycan hakimiyyətini özünü sonadək rüsvay etmək və cəmiyyətin gözündən salmaq niyyətində israrlı deyilsə, bu səviyyəsizlikdən və mənəviyyatsızlıqdan imtina etməyə çağırırıq”, – deyə Milli Şura üzvləri bəyanatı tamamlayır.