Suriya diktatorunun ailəsi xaricə qaçmaq istədi; Dəməşqdə şiddətli döyüşlər gedir
Suriyada gərginlik davam edir. Bəşər Əsəd rejiminə qarşı etirazlar paytaxt Dəməşqə çatıb. Ordudan yayınaraq müxaliflərin tərəfinə keçmiş hərbçilərin yaratdığı Suriya Azadlıq Ordusunun əsgərləri ilə Bəşər Əsədə sadiq təhlükəsizlik qüvvələri arasında Dəməşqdə şiddətli döyüşlər gedir. Hökumət qüvvələri paytaxtın qərb hissəsində üsyançı hərbçilərə qarşı əməliyyatlara başlayıb. Əməliyyatlarda ağır zirehli texnikadan istifadə edildiyi bildirilir.
Müxalifət nümayəndələrinin sözlərinə görə, əməliyyatda qoşun qvvələri və tanklar iştirak edir, paytaxta şərq və şimal istiqamətlərdən bitişən ərazilər mərmi atəşinə tutulur. Şahidlər bildirib ki, paytaxtdakı qarşıdurmalar 10 ay ərzində davam edən hadisələr müddətində ən şiddətli döyüşlərdir.
Azadlıq Ordusunun yaradıcısı öldürülüb
Suriya Azadlıq Ordusunun yaradıcısı Hüseyn Xarmuşun ötən həftə hökumət qüvvələri tərəfindən öldürüldüyü barədə xəbər yayıb. Xarmuş Suriya ordusunun müxalifət cəbhəsinə keçən ilk ən yüksək rütbəli zabiti olub. O, keçən ilin iyununda Suriyanın Türkiyə ilə sərhəd Quveççi kəndində bəyanatla çıxış edib və Suriya Azadlıq Ordusu formalaşdırdığını bəyan edib.
Mərkəzi qərargahı Londonda yerləşən “Suriyada İnsan Haqları” Monitorinq Qrupunun yaydığı açıqlamada deyilir ki, yanvarın 29 və 30-da etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 66 nəfər öldürülüb. Ölənlər arasında 26 nəfər dinc sakin, 10 üsyançı əsgər və 5 hökumət qüvvələrinin əməkdaşı olub.
Əsədin ailəsi ölümdən döndü
Bu arada üsyançılar Bəşər Əsədin ailəsinin qaçmasına mane olduqlarını açıqlayıb. Ərəb kütləvi-informasiya vasitələrinin məlumatına görə, Bəşər Əsədin yaxınları yanvarın 29-u axşam ölkədən çıxmaq istəyirmiş. Müxalifət təmsilçiləri bəyan edib ki, Suriyanın təhlükəsizlik xidməti Bəşər Əsədin xanımı Əsma Əsədi, onların uşaqlarını, onun anasını və bacısı oğlunu Dəməşqdən çıxarmağa çalışıb. Onların olduğu ehtimal edilən avtomobil karvanı hava limanına doğru hərəkət edirmiş, üsyançıların hücum etməsi ilə atışma başlayıb və avtomobil karvanı prezident iqamətgahına geri dönmək məcburiyyətində qalıb.
Beynəlxalq aeroport bağlanıb
Paytaxtda şiddətli döyüşlərin baş verməsi hökuməti Dəməşqin beynəlxalq aeroportunu bağlamağa məcbur edib. Ən qanlı döyüşlər əsasən aeroporta gedən yolda yerləşən Anat Türkmən qəsəbəsində gedir. “Əl-Cəzirə” telekanalı Suriya ordusunun 22 hərbçisinin, o cümlədən 40 mülki şəxsin öldüyü barədə xəbər yayıb.
Homs şəhərindən Baniyasa gedən qaz kəməri də partladılıb. Suriyanın rəsmi dairələri partlayışı terror qruplaşmasının törətdiyini, müxaliflər isə bunu təkzib edərək hakimiyyətin törətdiyini deyir.
Ərəb Liqası hiddətlənib
Əsəd rejiminin müxaliflərə qarşı zorakılıqlarını davam etdirməsi bu ölkədə baş verənləri izləyən Ərəb Ölkələri Liqasını qəzəbləndirib. Liqanın Suriyaya göndərdiyi müşahidə missiyası bu ölkədə fəaliyyətini dayandırdığını elan edib. Qurumun baş katibi Nabil Ələrəbi verdiyi bəyanatda bu mühüm qərarı Suriyada zorakılıq hallarının artımı və ölkədaxili vəziyyətin kritik həddə çatması ilə əsaslandırıb. “Əl-Cəzirə” verdiyi məlumata əsasən Liqanın rəhbəri və Qətərin baş naziri Həməd Əl Zani Ərəb Liqasının Suriyayla bağlı planına BMT-nin dəstəyini qazanmaq üçün artıq Nyu-Yorka yola düşməyə hazırlaşır.
Ərəb Ölkələri Liqasının eyni zamanda Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya ilə də danışıqlara başladığı bildirilir. Əvəllər Suriya hökümətinə qarşı qətnamələrə veto qoyan rəsmi Moskvanın son bəyanatlarda Suriyada baş verənləri pisləməsi gələcəkdə Rusiyanın da Ərəb Ölkələri Liqasının planına uyğun BMT TŞ-nın qətnamələrini dəstəkləyəcəyinə yeni ümidlər yaradır.
Rusiya Əsədin keşiyində
Rusiya isə növbəti dəfə Əsəd rejiminə dəstəyini bildirib. Xarici işlər naziri Serqey Lavrov Ərəb Ölkələri Liqasının Suriyadakı missiyasının köməksizliyinə dair Qərb ölkələrinin bəyanatını pisləyib. Onun sözlərinə görə, bu “məsuliyyətsiz bəyanatdır, çünki vəziyyətin sakitləşdirilməsi imkanını yarımçıq qoymağa çalışmaq tamamilə bağışlanmazdır”.
Rusiyanın Xarici İşlər nazirliyi bildirib ki, Bəşər Əsəd rejimi Moskvada müxalifətlə danışıqlara qatılmağa razılıq verib. Ancaq Suriya Müxalifət Şurasından “Reuters” agentliyinə bildiriblər ki, Rusiyanın təşkil elədiyi heç bir danışıqda iştirak etməyəcəklər. Çünki Moskva Əsəd rejiminin ənənəvi müttəfiqidir
İnformasiya şöbəsi