Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış Azərbaycan və Ermənistan hərbi qulluqçularının meyitləri götürülüb.
«Report»un xəbərinə görə, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin adını açıqlayıb. Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir.
Ancaq xəbərdə ərazidən ümumilikdə neçə meyit çıxarıldığı açıqlanmır.
Aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itki var. Bir neçə gün öncə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirmişdi ki, Azərbaycan bu döyüşlərdə 31 hərbçi itirib. Ancaq sosial şəbəkələrdə müxtəlif siyahılar yayılaraq həlak olanların daha çox olduğu iddia olunur.
Aprelin 8-i saat 12:00-dan saat 20:00-ə kimi meyitləri götürə bilmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin vasitəçiliyi ilə xüsusi atəşkəs elan edilmişdi.
Aprelin 5-i saat 12:00-dan etibarən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilsə də, tərəflər hələ də bir-birlərini atəşkəsi pozmaqda günahlandırır.