İstanbulu fəth edən top…

saadet-cahangir-koseSəadət Cahangir
Müharibə ilə burun-buruna yaşamaq, hər gün gülləyə tuş gələn insanların yaxınlarının gözlərinə baxmaq qədər dəhşətli bir şey yoxdur. Azərbaycan kimi ifrat təbəqələşmiş və qayda-qanun tanımayan ölkələrdə bu duruma dayanmaq ikiqat işgəncədir. Ömrümüz boyunca əlimizə ov tüfəngi alıb bir quş vurmasaq belə, müharibənin nə olduğunu bilirik. On illərdir verilən qurbanlar, itirilən torpaqlar, yaşanan acılar çoxdan lənətə gəlmiş davanın tərifini əzbərlədib hamımıza. Amma insanı bu itkilərdən və acılardan betər yandıran nədir, bilirmisiniz? Bu dərin kədərin, bu yanğının, bu ürəklərə düşən atəşin çevrədəki parlaq, əyləncəli həyatların içində itib-batması. O səsli-küylü, gözqamaşdıran, qayğısız saraylarda yoxsul evlərdən çıxıb şəhidliklərə gedən cənazə karvanları belə görünməz. Bilirik müharibələrin ölüm və qan gətirdiyini, gözəl arzuların, gənc ömürlərin, böyük xəyalların qatili olduğunu. Lakin dava yalnız sadə, yoxsul, dəbdəbəsiz evlərdə böyümüş insanlar üçündürmü? Savaşa yalnız onlar getməlidirmi, yalnız onlar səngərlərdə yatmalı, yalnız onlar ölməlidirmi? Doğrudanmı, ölkənin bütün sərvətlərini əlində cəmləşdirmiş, dövlətin səlahiyyət imkanlarını şəxsi imkanlara çevirmiş, illərdir ortalıqda istədiyi kimi meydan sulayan adamların övladları heç nəyə borclu deyil? Axı on illərin savaş tarixində onlardan kiminsə ayağına daş dəydiyini belə eşidib-duyan olmayıb. Bəlkə, on illərdir müharibənin uzanmasının səbəblərini həm də burda axtarmaq lazımdır…
Keçmiş tarixin müharibə qanunları daha ədalətli imiş, demək ki. O böyük döyüş səhnələrində məhz savaşan ölkələrin hökmdarları üz-üzə gəlirdilər. Onların yanında da ən yaxın adamları, oğlanları, qohumları olurdu. Ordunu irəli aparan ruh bu idi hər şeydən əvvəl. O üzdən, belə böyük savaşlarda texniki gücdən çox ruh və ağıl qazanırdı. Dünyanın bənzərsiz incisi Istanbulun fiziki gücdən çox zəka hesabına fəth olunduğunu bilməyən varmı? Ancaq tarixdə ona bənzər başqa maraqlı hadisələr də çox olub. Osmanlı dönəmində Bosniya Valisi Yahya Paşanın nəvəsi Aslan bəy Şalgo qalasını mühasirəyə alır. Dumanlı, sisli hava olmasını gözləyir. Sisli bir sabah əsgərlərə hazırlanmaları əmrini verir. Elə bir sis çökür ki, ordugah, bayraq, çadırlar, ağaclar, atlar belə görünməz olur. Sanki heç Şalgo qalası ortalıqda yoxmuş. O zaman cəsur komandan əsgərlərinə səslənir: “Bu gün Şalgoyu alacağıq. Hazır olun, hücum etməyin, amma qala ətrafında çoxlu gurultu qoparın…” Aslan bəy meşədə günlərdir gizlədilən topu Şalgo qalasının qarşısına gətirdir. Şalgoda sisin qalxmasıyla birlikdə Osmanlı ordusu müharibə vəziyyətində gözləyərkən ağıllı komandan ortaya çıxıb gur səslə hayqırır: “Hey, Şalgo mühafizləri! Bu top Istanbulu fəth edən topdur. Bir kərə atəş açacam, ikincisinə gərək yox. Haydı, təslim olun, canınızı qurtarın”. Şalgo qalası belə alınır. Şalgo komandanı Istanbulu alan topa baxınca, heyrətdən donur, amma iş işdən keçmişdi. Xoflanıb təslim olduqları top qara rənglə boyanmış nəhəng bir kötük idi…
Bax, qazanmaq üçün, hər şeydən əvvəl, öndə müdrik, uzaqgörən, orduya ruh verən sərkərdə olmalıdır. Öz torpağını da, davasını da, əsgərini də canı kimi sevən və dəyərləndirən bir sərkərdə. Öndə belə biri olarsa, döyüşü itkisiz, qansız-qadasız da qazanmaq olar. Elə bu kötük məsələsində olduğu kimi…