Demokratiya ilə müharibə, düşmənlə atəşkəs

ilham-huseynİlham Hüseyn
Yaxud hökumət kimin çağırışına səs verir?
Cəbhə bölgəsində gərginlik davam edir. Hər gün atəşkəsin növbəti dəfə pozulduğunu görürük, yeni şəhidlərimizin olduğundan xəbər tuturuq. Azərbaycan tərəfi isə atəşkəs sazişinə sadiqlik nümayiş etdirir. Bəli, düşmən aramsız olaraq, heç bir çağırışa məhəl qoymadan aqressivdir və razılığa əməl etmək fikrində deyil. Üstəlik, 400 PKK-çının da Ermənistana kömək üçün cəbhə bölgəsinə yerləşdirildiyi də məlum oldu.
Ölkədə ruh yüksəkliyinin olmasına, ordumuza birmənalı dəstəyin verilməsinə baxmayaraq, hökumət geri çəkilmək qərarına gəldi. Daha doğrusu, xalqın “irəliyə get” tələbinə deyil, Rusiyanın “dayan” əmrinə əməl edildi. Təbii ki, Avropadan, ABŞ-dan da atəşkəs tələbi gəldi. Amma əsasən Rusiyanın təsiri oldu və hökumət Putin rejiminin istəyinə qarşı çıxmadı.
Rəsmi təbliğat da belə oldu ki, Azərbyacan hökuməti xaricdən gələn tələblərə əməl etdi və atəşkəsə sadiqlik nümayiş etdirir.
Bu məqamda mühüm bir sual meydana çıxır. Bəs, Avropadan, ABŞ-dan demokratiya tələbi gələndə, siyasi məhbusların azadlığı, korrupsiyanın ləğvi, şəffaf seçki tələb olunanda niyə hökumət sözəbaxan olmur?
“Heç kim bizim daxili işimizə qarışa bilməz”, “Almaniya Bundestaqı özünü nə zənn edir”, “Avropa Parlamentinin qərarları bizim üçün kağız parçasıdır” deyən hökumət, indi niyə eyni qətiyyəti nümayiş etdirmir?
Bütün dünyanın israrlı tələbinə baxmayaraq Xədicə Ismayılı, Seymur Həzini, Ilqar Məmmədovu və digər ictimai-siyasi xadimləri həbsdə saxlayan hökumət, bu dəfə də heç bir çağırışa baxmayaraq Ağdama, Füzuliyə, Cəbrayıla doğru getməli deyildimi?
Deməli, mövzu vətən olanda bütün güzəştlərə getmək olar, amma mövzu hakimiyyət kürsüsü olanda heç bir güzəşt tanınmır. Hansıki, ədalətsizlik, hüquqsuzluq, talançılıq dayandırılsaydı, bu kimi məsələrədə “atəşkəs” elan edilsəydi, indi başqa mənzərənin şahidi olardıq və dünya bizi daha qabarıq müdafiə edərdi.
Avtoritarizmi çiçəkləndirməkdə, neft pullarını talan etməkdə, günahsız insanları zindana atmaqda deyil, ərazi bütövlüyünü qorumaqda qətiyyət göstərilməliydi. Həm də bu qətiyyətin qarşılığında heç kim bizə “qatil”, “işğalçı”, “təcavüzkar” deyə bilməzdi. Gec-tez hamı haqlı olduğumuzu etiraf etmək məcburiyyətində qalacaqdı.
20 faiz torpağı işğalda olan ölkədə atəşkəsə yox, döyüşə təşnə olmalısan. Bizim hökumətimiz isə səbrsizliklə kiminsə atəşkəs çağırışını gözləyir.
Necə olur ki, beynəlxalq aləmin çağırşı ilə demokratiyaya keçid etməyi özünüzə sığışdıra bilmirsiniz, qürur məsələsinə çevirirsiniz, amma 64 şəhid verdikdən sonra atəşkəs sazişi imzalamağı qürurunuza sığışdırırsınız?
Bəli, biz sülhsevər xalqıq, zorakılığa, müharibəyə qarşıyıq. Amma sülhsevərlik həddi aşanda, qorxaqlığa, qürursuzluğa çevrilir.
Axı, ordu hansı gün üçün yaradılıb, bu ordunun təyinatı nədir? Yəni bundan da pis günümüz olacaq? Əgər Rusiyanın göstərişi ilə oturub-duracağıqsa, daha ordu nəyə lazımdır, müstəqillik nədə ifadə olunur?
Yuxarıda qeyd etdiklərimiz də göstərir ki, hökumətimizin “atəşkəs sevgisi” sülhərpərvərlikdən deyil, şəxsi maraqlardan doğur. Əks halda, bugünə qədər dövlətin imici naminə demokratiya ilə də “atəşkəs” imzalanardı və buna sədaqət nümayiş etdirilərdi.