Siyasi məhbus anasının yasına buraxılmadı

seid dadasbeyliHazırda həbsdə olan siyasi məhbuslardan Səid Dadaşbəylinin anası Qətibə Qarayeva uzun sürən xəstəlikdən sonra bugünlərdə dünyasını dəyişib. Qanunvericilik məhkumun  yaxınlarının hüzr mərasiminə buraxılmasına imkan verir. Səid Dadaşbəylinin anasının yas mərasimində iştirakına icazə verilməsi üçün müvafiq orqanlara müraciət edilmişdi. Lakin siyasi məhbusu anasının yasına buraxmayıblar.

Səid Dadaşbəylinin vəkili Elçin Qəmbərov “Azadlıq”a açıqlamasında bu cür münasibətin qanuna zidd, həmçinin insanlığa sığmayan addım olduğunu bildirib. Vəkil yada salıb ki, dəfələrlə məhbusların öz yaxınlarının yas mərasimlərində iştirakına şərait yaradılıb.

“Qətibə Qarayeva Eldar Mahmudovun növbəti qurbanlarından biridir. On ilə yaxındır ki, bu qadın oğlunun qanunsuz həbsi ilə əlaqədar mübarizə apardı. Övlad dərdi onun dünyadan vaxtsız köçməsinə səbəb oldu”, – deyə vəkil bildirib.

Elçin Qəmbərovun sözlərinə görə, çoxlu sayda hüquq müdafiəçiləri Səid Dadaşbəylinin yas mərasimində iştirakının təmin edilməsi üçün müraciət etmişdi: “Lakin əfsus ki, bütün bunların nəticəsi olmadı. Bu biabırçılığa son qoymaq lazımdır”.

Xatırladaq ki, Səid Dadaşbəyli və onunlu birlikdə 10 nəfər 2007-ci ildə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Onlar dövlət çevrilişində ittiham olunaraq, uzunmüddətli həbslə cəzalandırılıblar.

MTN ətrafında baş verən olaylardan sonra həmin iş üzrə azadlıqdan mərhum edilmiş məhkumların valideynləri ölkə başçısına bir daha müracət edərək, övladlarının məhz Eldar Mahmudovun qondarma əməliyyatının qurbanı olduğunu bildiriblər. Onlar bu işin yenidən araşdırılmasını xahiş edirlər.