Azərbaycan Qarabağla bağlı hansı təklifi seçməlidir?

cebheQulu Məhərrəmli: «Türkiyənin dediklərində səmərəli olan odur ki, danışıqları ATƏT-in himayəsindən çıxarmaq lazımdır»

Cəbhədə atəşkəsin pozulmasından sonra danışıqlar prosesində diplomatik fəaliyyət artıb.  Almaniyanın Xarici Işlər Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində gərginliyin azalması, davamlı sülhün təmin olunması və münaqişənin dinc yolla həllini özündə ehtiva edən 7 maddəlik təkliflər planı təqdim edib.

“RIA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Almaniya XIN-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, XIN hesab edir ki, bölgədəki hazırkı status-kvo risklidir və uzunmüddətli deyil.

Almaniyanın Qarabağ planı: 7 maddəlik paket

“Almaniyanın xarici işlər naziri ATƏT-in sədri olaraq bu mürəkkəb vəziyyətdə mümkün vasitələrdən istifadə edərək fəaliyyət göstərəcək”, – deyə mənbə vurğulayıb.

Bundan başqa Bakıya səfər etmiş Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münaqişənin həlli ilə bağlı bir sıra təkliflərinin olduğunu bəyan edib.

Onu da qeyd edək ki, münaqişənin həlli ilə bağlı  Avropa Birliyindən də təklif gəlib. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən AB problemin çözülməsinə töhvə verə biləcəyini açıqlayıb. Yeri gəlmişkən Almaniyanın kansleri Merkel də münaqişənin həllinə Azərbaycanın ərazi bütövlüyünün qorunmas prinsipindən baxmağın tərəfdarıdır. Merkel də hesab edir ki, problemin həllində Azərbaycanın ərazi bütövlüyü əsas götürülməlidir.

Türkiyədən problemin həlli ilə bağlı təklif

Daha bir maraqlı yanaşmanı Türkiyə sərgiləyib.

“Biz ATƏT-in Minsk Qrupunun üzvüyük. Lakin faktiki olaraq üç həmsədr bu işlə məşğuldur və digər üzvlər prosesdən kənarda qalıb. Halbuki, hər üç ölkə erməni lobbisinin çox güclü olduğu ölkələrdir. Yəni, burada balans yoxdur”. Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Finlandiyadan qayıdarkən jurnalistlərin “Ermənistan-Azərbaycan münaqişəsində Türkiyə hansı addımları ata bilər? Minsk Qrupu həmsədrliyinin tərkibinin dəyişməsinin zəruriliyinə inanırsınızmı?” sualına cavabında deyib.

Ə.Davudoğlu bildirib ki, Türkiyənin və digər ölkələrin prosesə qoşulmasını Rusiya və Ermənistan istəmir: “Biz hazırda ATƏT-ə sədrlik edən Almaniyanın məsələyə qarışması üçün təşəbbüs göstərmişik. Minsk Qrupunun bütün üzvləri bu prosesdə iştirak etməlidir. Son toqquşmalara gəldikdə isə, biz Azərbaycanın yanındayıq. Azərbaycana yönəlmiş hər təhdid Türkiyəyə yönəlib. Azərbaycanın ərazi bütövlüyü və taleyi bizim taleyimizdir”.

Zərdüşt Əlizadə: “Moskvadan problemin həllini gözləmək sadəlövhlükdür”

z_elizade

 

 

 

 

 

 

 

 

Politoloq Zərdüşt Əlizadə “Azadlıq” radiosuna açıqlamasında deyib ki, Rusiyanın münaqişənin həlli istiqamətində apardığı danışıqlar hər hansı müsbət nəticə verməyəcək. Əksinə istər Azərbaycanın, istər Ermənistanın Rusiyadan asılılığı daha da artacaq: “Qarabağ problemi bir ”qarmaq”dır və Rusiya bu “qarmaq” vasitəsilə hər iki ölkəni nəzarətində saxlayır. Ona görə də, Moskvadan bu problemin həllini gözləmək ancaq sadəlövhlük olardı”. Əlizadə deyir ki, Moskva hər iki xalqda bir-birinə nifrəti gücləndirmək siyasəti yürüdür. Yəni, durumu o həddə qədər gərginləşdirmək istəyir ki, hətta problem həlli mümkün hala gələ bilməsin: “Istər Azərbaycanda, istərsə də Ermənistanda bu problem artıq elə buxova dönüb ki, bütünlükdə regionun inkişafı üçün qorxu yaradıb. Amma geniş mənada xalqlar bunu hələ tam mənası ilə dərk etmirlər”.

Z.Əlizadə Qarabağ probleminin həlli baxımından formatın dəyişə bilməsini mümkün sayıb: “Yəni ola bilər ki, 7 rayondan 5-i qaytarılsın, 2-nə rus qoşunları yerləşdirilsin. Belə ola bilər. Amma problem tam şəkildə həlli, mümkün deyil. Ona görə yox ki, həll etmək olmaz. Ona görə ki, Rusiyanın marağı problemi həll etmək yox, həll etməmək üzərinə köklənib”.

ATƏT-in MInsk qrupunun fəaliyyətinə gəlincə Z. Əlizadənin fikrincə, onlar missiyasını başa vurub: “Beynəlxalq qurum olaraq onların qarşısında atəşkəsə nail olmaq və sülh sazişi hazırlamaq kimi missiya var idi. Qrup hər iki məsələnin öhdəsindən gəldi. Sülh sazişi də hazırlandı, amma tərəflər bunu qəbul etmədilər. Bu isə artıq onların günahı deyil. Qərar verən onlar yox, Azərbaycan və Ermənistandır. Odur ki, əslinə qalsa Minsk qrupundan bundan çox daha nəyisə gözləmək yersiz olardı”.

“Almaniya Minsk Qrupuna daxil edilməlidir”

qulu2

 

 

 

 

 

 

 

Tanınmış telejurnalist Qulu Məhərrəmli isə hesab edir ki, sülh danışıqlarının indiyə qədər effekt verməməsinin səbəbi Rusiyanın bu məsələdə konstruktiv mövqedə olmamasıdır. Q.Məhərrəmlinin sözlərinə görə, formatından asılı olmayaraq əgər həmin tərkibdə Rusiya varsa, Qarabağ danışıqları irəliləməyəcək: “Hərbi əməliyyatların genişlənməsi, insan itkilərinin artması Qərbi də, Rusiyanı da narahat edir. Çünki onlar indiki status-kvonu saxlamağı və prosesləri rahat idarə etməyi arzulayırlar. Xüsusnə Rusiya bu fikirdədir. Amma hazırda yeni çalar Rusiya ilə Türkiyə arasında münaqişənin meydana çıxmasıdır. Ona görə Türkiyə fəallığını artırır. Türkiyənin əsas məqsədi münaqişənin həllində Rusiyanın təsirini minimuma endirməkdir. Bu yaxşı istəkdir. Amma real deyil. Rusiyanın bütün hallarda həm Avropaya, həm Türkiyəyə, həm də bizə mesaj verir ki, regionda söz sahibi odur. Ona görə Rusiya prosesi 90-cı illərin ortalarındakı hallında saxlamağa çalışır”.

Q.Məhərrəmli vurğuladı ki, hərbi əməliyatlar səngiyən kimi danışıqlar prosesi öz məcrasına qayıdacaq. Ona görə Almaniya və Türkiyənin təkliflərindən ciddi nəsə gözləməyə dəyməz. Q.Məhərrəmli hesab edir ki, amma Türkiyənin dediklərində səmərəli olan odur ki, danışıqları ATƏT-in himayəsindən çıxarmaq lazımdır. “Minsk Qrupunun on bir üzvü var. Bu format qala bilər. Amma həmsədrlər dəyişə və Almaniya fəallaşa bilər. Almaniyanın fəallaşması müvazinəti Azərbaycanın xeyrinə dəyişə bilər. Bizim üçün önəmli olan bu məsələdə Avropa Şurasının və Avropa Birliyinin fəallaşmasıdır”, deyə Q.Məhərrəmli vurğuladı.

Xəyal