Nurəddin Məmmədli: «Rusiyanın Azərbaycanı AIB və KTMT-də görmək istəyi çoxdan bəri reallaşdırmağa çalışdığı plandır»
Bir neçə gün öncə cəbhədə atəşkəsin pozulması danışıqlar prosesinin yenidən canlanmasına səbəb oldu. Rusiya diplomatlarının Bakı və Yerevana səfərləri intensivləşdi. Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı vurğuladı ki, Azərbaycan nə Avrasiya Iqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür.
Lakin o, bu vəziyyətin dəyişə biləcəyinə ümid edir. Belə bir açıqlamanın verilməsi ona işarədir ki, əslində Lavrovun səfəri zamanı Azərbaycanın AIB-ə və KTMT-yə üzvlüyünün də müzakirə olunduğu istisna deyil. “Postsovet məkanında bir çox qurum var. Avrasiya Iqtisadi Birliyi yaradılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çox effektiv və aktiv fəaliyyət göstərir. Həmkarlarımızın çoxu soruşur: ”AIB və MDB-də iqtisadi əməkdaşlığı təkrarlamağa nə ehtiyac var? KTMT olan yerdə MDB-də təhlükəsizlik məsələlərini müzakirə etməyə dəyərmi?”. Lakin məsələ ondadır ki, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edən bu inteqrasiya birliklərində MDB-nin heç də bütün üzvləri təmsil olunmayıb. Məsələn, Azərbaycan nə AIB-ə, nə də ki KTMT-yə üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”, – deyə S.Lavrov bildirib.
Qeyd edək ki, Lavrov aprelin 6 və 7-si Azərbaycanda səfərdə olub. O, həm Ilham Əliyevlə görüşüb, həm də Rusiya, Iran və Azərbaycan xarici işlər nazirlərinin üçlü görüşünə qatılıb.
AXCP sədrinin müavini Nurəddin Məmmədli vurğuladı ki, Rusiyanın Azərbaycanı AIB və KTMT-də görmək istəyi çoxdan bəri reallaşdırmaq istədiyi bir plandır. Hər iki qurumun Rusiyanın xarici siyasət maraqlarına xidmət etdiyini deyən N.Məmmədli vurğuladı ki, Azərbaycan Ermənistandan fərqli olaraq bu birliklərdə təmsil olunmurdu. Ona görə bu ideyanı yeni hesab etmək olmaz: “Qarabağda baş verən son hadisələr də Rusiyanın Avrasiya Birliyi və KTMT ilə bağlı gerçəkləşdirməyə çalışdığı ideyanın arxasından gələn təşəbbüsdür. Ona görə bu təklifləri Rusiyanın Azərbaycana qarşı təzyiqi kimi qiymətləndirmək lazımdır. Yəni bu yol ilə Kreml Azərbaycanı iradəsinə tabe etmək istəyir. Xüsusilə son zamanlar Azərbaycanda yaşanan maliyyə gərginliyi ilə bağlı Qərbə istiqamətlənən bir sıra addımlar atması Rusiya tərəfindən qıcığa səbəb olub. Ona görə bu prosesin inkişaf etməməsi üçün Rusiya ciddi addımlar atmaq iddiasındadır. Qarabağ ətrafında da baş verənlər bunun bir göstəricisidir”.
N.Məmmədli vurğuladı ki, uzun illərdir ki, Qərbin hər cür təzyiq və təsirinə baxmayaraq Azərbaycan hakimiyyəti DTT-yə və AB-nın “Qonşuluq Siyasəti” ilə bağlı layihəsinə girməkdən imtina etmişdi. N.Məmmədlinin sözlərinə görə, iqtisadi sahədə baş verən ciddi problemlər Azərbaycanı hər iki istiqamətdə addım atmağa məcbur edir: “Kreml Azərbaycana hər cür təzyiq edir ki, Bakı Rusiyanın təsirindən çıxmasın və Qərbə meylli siyasət yürütməsin. Xalqın döyüş ruhunun artması, ordunun güclənməsi Rusiyanın xarici siyasətində ciddi fəsadlar yarada bilər. Cənubi Qafqazda Azərbaycanın Rusiyanın təsirindən çıxması Kreml üçün ciddi itkidir. Ona görə Rusiyanın həm baş nazirinin, həm də xarici işlər nazirinin Bakıya gəlməsi Azərbaycana ciddi təsir cəhdlərindən xəbər verir”.
Xəyal


