Və ya kasıbın itinin adını gümüş qoyması
Azərbaycan televiziyalarına uzun müddətdir baxmıram. Söhbət ondan getmir ki, televiziyalarda baxılası bir şey yoxdur. Baxmıramsa, baxmadığım kanal haqqında fikir yürüdə bilmərəm. Amma baxmasam belə, kanalları dəyişəndə ara-sıra gözümə bəzi məqamlar sataşır. Xüsusilə “Euronews”la Ictimainin ardıcıl gəlməsi bu kanala bir neçə saniyə də olsa, baxmağa məni məcbur edir. Və elə hər dəfə də baxıram ki, “Eurovision”dan danışırlar. Maraqlıdır ki, Azərbaycan digər KIV-lərində ən çox yaydığı xəbər məhz bu musiqi yarışmasıyla bağlıdır. Bütün ölkə sanki buna hazırlaşır. Evlər dağıdılır, yollar çəkilir, sökülür, yeni taksilər gətirilir, hotellər bəzədilir, bir sözlə, aləm dəyib bir-birinə.
Bu basabasda da ölkədə “Eurovision” adına o qədər qanunsuzluq olunur ki, şikayətlər bu yarışmanın təşkilatçılarını da təngə gətirib. Indi avropalılar düşünürlər ki, görəsən, azərbaycanlılarmı görməmişdi, yoxsa onlar indiyə qədər bu yarışmanın dəyərini dərk etməyiblər? Çünki 1956-cı ildən – yarışmanın keçirildiyi ildən bu günə qədər ilk dəfədir ki, belə bir qalmaqal yaşanır. Halbuki ötən il “Eurovision”un Almaniyada keçirildiyini yarışmaya 10-15 gün qalana qədər heç hiss edən olmamışdı.
Həm də ola bilsin ki, Azərbaycanda ötənilki “Eurovision”a görə, Düsseldorfun adını eşidənlər bu şəhərin möhtəşəm bir meqapolis olduğunu düşünürlər. Əslində isə elə deyil. Reyn çayının sahilində yerləşən bu şəhər ərazicə Gəncə boydadır. Əhalisi də elə Gəncənin əhalisi qədər olar. 588 min sakini var. Tarixi də 1000 ildən bir qədər azdır. Yəni, Almaniyanın Frankfurt, Berlin, Hamburq, Köln kimi nəhənglərinin yanında Düsseldorf kiçikdir. Sözüm bunda deyil.
Mən çox adamdan soraqlaşdım, çox maraqlandım, məlum oldu ki, 2010-cu ildə “Eurovision”a hazırlıqla bağlı bu şəhərdə hətta əlavə süpürgəçi də işə götürməyiblərmiş. Sadəcə, şəhər bələdiyyəsi stadionu qurub-bəzəyib o qədər. Ən maraqlısı da odur ki, Düsseldorfun Qərbi Avropanın düz mərkəzində yerləşməsinə rəğmən, yarışmaya baxmağa digər Avropa ölkələrindən heç 20 min turist qatılmayıb. Yarışmanı izləməyə qatılanlar əsasən Almaniya vətəndaşları olub. Demək istəyirəm ki, Düsseldorfun Belçika, Hollandiya, Fransa, Lüksemburq, Çexiya, Isveçrə kimi varlı dövlətlərə yaxın olmasına baxmayaraq, “Eurovision”a geniş turist axını olmadı. Avropalı turistlərə bələd olanlar bilir ki, ora gedənlərin əksəriyyəti də hazırlıqlı, yəni yemək-içməyini, yatmağa çadırını belə aparmışdı. Bunlara görə də mən bilmirəm “Eurovision”dan Düsseldorf bələdiyyəsi pul qazana bildi, ya yox. Amma onu bilirəm ki, Avropanın mərkəzində bu yarışmaya tamaşa etməyə başqa ölkələrdən 20 min turist gəlmədisə, Azərbaycana 3-4 mindən artıq avropalı turistin gedəcəyinə heç inanmağım gəlmir. Lap olsun 5 min adam. Beş min adama görə evləri dağıdıb 5 ilə görüləcək işi 5 aya görməyə çalışmaq ya ağılsızlıqdır, ya da fırıldaq. Ya da kasıb itinin adını gümüş qoyan kimi, Azərbaycan hakimiyyəti də bununla öz “qüdrətini” göstərmək istəyir.
Təbii ki, hakimiyyətin bu hoqqalarını görən Almaniya mətbuatı və ictimai dairələri dözə bilmirlər. Çünki almanların özlərinin bir deyimi var ki, ərəbləri ingilislərə, afrikalıları fransız və italyanlara, Cənubi Amerikanı ispanlara, slavyanları ruslara, türkləri də almanlara tapşırıblar. Azərbaycan da türk cümhuriyyəti sayıldığından almanlar da azərbaycanlılarla məşğul olurlar. Ancaq açıq hiss olunur ki, hələ almanlara da Azərbaycandakı “Eurovision” qalmaqalı çatmır. Çünki ötən il yarışmadan sonra söhbət yayılmışdı ki, hollandlarla belçika flamanları Düsseldorfa gedəndə pivələrini də özlərilə aparıblarmış. Onların bu xəsisliyi də almanları qıcıqlandırıbmış.
Indi bu qədər olanlardan sonra Azərbaycanın az qala 2 milyarda qədər pulu “Eurovision” adıyla dağıtması adamı təəccübləndirməyə bilmir. Anlaşılmır ki, bunlar Bakını və büdcəni dağıtmağa bir bəhanə axtarırlarmış, yoxsa bunlara elə gəlir ki, “Eurovision” yarışması dünyanın ən möhtəşəm yarışması, Azərbaycanın da 1-ci yeri qazanması ölkəmizin dünya tarixində ən böyük zəfəridir?