Söz azadlığının vəziyyətinə görə daha 10 pillə gerilədik və dünyanın 162-ci ölkəsi olduq, hörmətli oxucular.
Bizdən geridə sadəcə 12 ölkə var. Onlardan da biri Belarus, o biri Türkmənistandır.
Hətta Özbəkistanı soruşsanız, o da 5 pillə bizdən öndədir.
Uqanda, Keniya, Tanzaniya, Konqo, məsələn. Bizim torpaqlarda Zərdabilər, Mirzə Cəlillər, Rəsulzadələr, Ömər Faiqlər azad sözün bayrağını dalğalandırarkən oralarda kağızın, qələmin nə olduğunu bilən yox idi, yazıb-oxumağın nə olduğundan xəbərsizdilər. Amma indi onlar belə, bizdən çox-çox öndədirlər.
Oysa hələ də hər 20 Yanvarda Şəhidlər Xiyabanına gedib əklil qoyur Ilham Əliyev. Əklil qoyacağına keşkə bir kərə oturub düşünsəydi: onlar niyə öldülər?
Bir halda ki, bu ölkədə fərqli düşünmək yenə suç sayılacaqdı…
Bir halda ki, özgürcə yazmağın bədəli qurşun olacaqdı, dəmir barmaqlıqların arxası olacaqdı, sürgün olacaqdı…
Bir halda ki, yenə doğruları yazan qələmlər sındırılacaq, doğruları söyləyən dillər kəsiləcəkdi, o zaman niyə öldü onlar? Əliyalın tankların qarşısına niyə yürüdülər? Nə üçün idi bu qurbanlar, nə üçün?
Keşkə hər 20 Yanvarda Şəhidlər Xiyabanına gedib o müqəddəs məzarların üstünə qərənfillər düzən Ilham Əliyev bir dəfə də oturub bunları düşünsə, o məzarlığa ayaq basmağa haqqı olub-olmadığını düşünsə…
***
Illərcə çarpışıb-durduq, ən ağır şərtlər altında, ən dözülməz şəraitdə çalışmağa, çabalamağa davam etdik. Sadəcə ona görə ki, Azərbaycanı bir Norveçə, bir uyğar, modern, çağdaş Avropa ölkəsinə çevirək, çevirə bilməsək belə, heç olmasa, onun bir Uqandaya, bir Banqladeşə çevrilməsinə imkan verməyək. Onun heç olmasa, Özbəkistan olmasının önünə keçək.
Ancaq indi Özbəkistan belə, söz azadlığının vəziyyətinə görə 5 pillə önümüzdədir.
Qısası, necədi sizin üçün: biz Azərbaycan Özbəkistan olmasın deyə çabalayarkən, dirənərkən, bütün təhlükələri göz önünə alıb yazmağa, azad sözü ayaqda tutmağa davam edərkən, gəldi Özbəkistan Azərbaycan olmadı?
Hələ Tanzaniya – 33-cü, hələ Keniya – 84-cü, hələ Konqo – 90-cı…
Azərbaycan? Azərbaycan – 162-ci!
Nə deyim, bizi bu günlərə gətirənlər utansın!!!
Bizi bu millətin qanı və canı bahasına qazandığı azadlıqdan iyrəndirənlər, Sovetin xiffətini çəkməyə məcbur edənlər utansın, nə deyim başqa.
Sürüşməyin pis olduğunu dünənmi başa düşdülər?
Sosial şəbəkələrdə dünən sürüşməklə bağlı statusların sayı-hesabı yox idi. Hamısı da giley-güzar dolu. Hamısı da “yaxşı qurtardım, az qala qolum-qıçım sınacaqdı, ağzım-gözüm partlayacaqdı” janrında.
Bir baxdım o status müəlliflərinin arasında nə qədər keçmiş həmkarlarımız var. Əksəriyyəti də bir vaxtlar ağzı ilə quş tutanlar, “tayfa-klan” deyə, “irtica” deyə yeri göyü-inlədib axırda da qarsız, buzsuz günlərdə sürüşə-sürüşə gedib hakimiyyətin qucağına düşənlər, rejimin yalan, yaltaqlıq dolu saytlarına, agentliklərinə, qəzetlərinə düşənlər qol-qıçını sındırmasa da, qələmini sındıranlar…
Oxudum, gülümsündüm. Oxudum, gülümsündüm. Oxudum gülümsündüm.
Gülümsündüm və düşündüm: necə yəni, pul üstündə sürüşəndə yaxşı idi də, qar üstündə sürüşəndəmi zorlarına getdi bunların?

Özbəkistanın Azərbaycan olmaması
•
•